Şriftin ölçüsü :

Saytın rəngi :

"Kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik"

25 aprel 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz kiçik gizir Namazov Elcan Hidayət oğlu haqqında yazılmış "Kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

"Kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik"

Evin tək oğlu idi Elcan. Üç bacının bir qardaşı idi. Ona görə də üzərində çox göz var idi. Atası Hidayət kişi ona fərəhlə baxır, anası Nailə xanım "Boyuna qurban olum", - deyərək fəxr edirdi. Bacıları Tərgül, Aytən, Gülhəyat sanki onunla nəfəs alırdılar. Bu səbəbdən də həmişə ona göz-qulaq olur, hər an maraqlanır, bircə saat görməyəndə narahat olurdular. Ailədə məhəbbət qarşılıqlı idi. Elcan Namazov da daim valideynlərinin hörmətini saxlayır, bacılarını görəndə "Ölöm, ay bajı" deyərək sanki uçurdu. Qazax rayonunun Dəmirçilər kəndində yaşayan Namazovlar ailəsindən Tanrı öz səxavətini, mehribanlığını və səmimiyyətini əsirgəməmişdi.
Namazov Elcan Hidayət oğlu 1 iyun 1997-ci ildə belə bir ailədə dünyaya gəlmişdi. Xoşbəxt uşaqlıq illərini yaşayırdı. 2003-cü ildə Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbinə gedəndə müəllimlər ona diqqət və qayğı göstərirdilər. 2014-cü ildə həmin məktəbi bitirəndə gələcəkdə hansı arzunun dalınca gedəcəyi barədə qərar verməmişdi. Baxmayaraq ki, seçimində sərbəst idi, hansı qərarı versəydi, ailə də onunla razılaşacaqdı.
2016-cı ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılanda və sərhəd qoşunlarında hərbi xidmət borcunu yerinə yetirəndə yavaş-yavaş ürəyində yeni arzular baş qaldırmağa başladı. 2018-ci ilin yanvar ayında həqiqi hərbi xidmətini başa vurub evlərinə qayıdandan sonra çox götür-qoy elədi. Və sonunda hərbçi olmaq yolunu seçdi, ömrünü hərbiyə bağlamağı qarşısına məqsəd qoydu.
Əsgərliyini bitirəndən il yarım sonra sənədlərini "N" saylı hərbi hissəyə verərək 2019-cu ilin iyunundan oktyabrınadək gizirlik məktəbində oxudu. Kiçik gizir rütbəsini alandan sonra, 2019-cu ilin iyunundan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsində kiçik gizir rütbəsində çevik alayda xidmət etməyə başladı. Sonra isə gizir rütbəsini alaraq kəşfiyyat bölüyünün kəşfiyyatçısı oldu. Arzusuna çatdığı üçün çox xoşbəxt idi, atasının yolu ilə gedərək hərbçi olmuşdu. Qarabağ müharibəsi veteranı olan Hidayət kişi 1993-1995-ci illərdə Qazaxda, Ballı qayada, Murov dağı yüksəkliyində ermənilərə qarşı döyüşmüş, əlindən gələni əsirgəməmişdi. İndi növbə oğlunun idi.
Elcan Namazov həyatda dostcanlı, qohumcanlı olduğu kimi hərbi xidmətdə də nizam-intizamlı, yoldaşlarının qayğısına qalan, onlarla səmimi və mehriban davranan bir gənc, tələbkar hərbçi idi. Bütün bu xüsusiyyətlərinə görə də xidmət etdiyi hərbi hissədə özünə böyük hörmət qazanmışdı.
Elcan Namazov "N" saylı hərbi hissənin kəşfiyyat bölüyünün 1-ci kəşfiyyat tağımının 3-cü kəşfiyyat manqasının kəşfiyyatçısı idi. O, elə bil anadan kəşfiyyatçı doğulmuşdu. Ondan nə isə bir söz almaq mümkün deyildi. Bu isə kəşfiyyatçıya xas olan ən gözəl xüsusiyyət idi. Atası deyir:
- Elcan nə mənə, nə də anasına bir söz demirdi. İşi ilə əlaqədar nə isə soruşanda təbəssümlə sualdan yan keçirdi. Bilirdik ki, hərbidə işləyir. Nə qədər qəribə görünsə də, onun hansı bölükdə xidmət etməsindən, nə iş görməsindən, vəzifəsinin nədən ibarət olmasından tam məlumatsız idik. Bəlkə də, inandırıcı gəlməyəcək, biz onun kəşfiyyatçı olduğunu şəhid olandan sonra bildik.
Döyüş yoldaşları danışır ki, Vətən müharibəsinin ilk günlərində Murovdağ yüksəkliyini azad etdik. Sonra Kəlbəcər, Ağdərə istiqamətində, oktyabrın 8-də isə Füzuli uğrunda gedən döyüşlərə qatıldıq. Müharibə meydanında Elcan çox mərdliklə döyüşür, igidlik və şücaət nümayiş etdirirdi. Lakin qəfil düşmən gülləsi onun həyatını yarıda qoydu. Elcan Namazov oktyabrın 9-da Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. 
23 yaşında şəhidlik zirvəsinə yüksələn Elcan Namazovun döyüş meydanında göstərdiyi igidlik, qəhrəmanlıq ölkə başçısı tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına  əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Keçidlər