İcra başçısı əsaslı şəkildə yenidən qurulan Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında olub
Bu gün tam əminliklə söyləyə bilərik ki, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara, gənc və yeniyetmələrə göstərdikləri dövlət qayğısı respublikamızın hər yerində olduğu kimi, Qazaxda da əsas götürülür. Son illər rayonda dövlət başçısının qayğısı sayəsində körpələrin daha yaxşı şəraitdə tərbiyə və təhsil almaları üçün yaradılan şərait, bu sahədə görülmüş işlər, xüsusən də yeni məktəb binalarının tikilməsi, körpələr evi-uşaq bağçalarının inşa olunması, əsaslı şəkildə yenidən qurulması bu sahədə görülmüş işlərin əyani sübutudur.
Ölkə başçısının gələcəyimiz olan uşaqlara göstərdiyi qayğını əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov ilk gündən bu sahəni daim diqqət mərkəzində saxlayır. Rayon rəhbərinin uşaqlara olan sonsuz qayğısının nəticəsidir ki, bu gün Qazaxda fəaliyyət göstərən 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyədədir.
35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulan növbəti bağçalardan biridir. Rayon rəhbərliyi tərəfindən yenidən qurulan bağçada demək olar ki, işlər tam başa çatıb, otaqlara avadanlıqlar yığılıb, təmizlik və səliqə-sahman işləri aparılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçasında olub. Görülmüş işləri yüksək qiymətləndirən icra başçısı bağçadakı hazırki mövcud vəziyyətlə maraqlanıb.
Bağça müdiri Şəfaqət Musayeva uzun müddət təmir olunmayan bağçanın yenidən qurulmasını bu gün də böyük sevinc hissi ilə qarşıladıqlarını qeyd edib. Rəhbərlik etdiyi kollektiv və valideynlər adından uşaqlara göstərilən qayğıya görə ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə minnətdarlığını bildirib.