Qazaxda rayon üzrə fəaliyyət göstərən subartezian quyularının mövcud vəziyyəti müzakirə olunub
Aprelin 30-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, RİHB-nin kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin, kəndlərdə yaradılmış işçi qrupunun üzvlərinin, Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin rəisi Elxan Əsgərovun, 8 saylı Tovuz Regional SuKanal İdarəsinin rəisi Darvin Hüseynovun, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovun və aidiyyəti şəxslərin iştirakı ilə pandemiya qaydalarına uyğun olaraq rayon üzrə fəaliyyət göstərən və ötən il qazılmış yeni subartezian quyularının mövcud vəziyyəti müzakirə olunub.
Məlumat üçün onu qeyd edək ki, təkcə son illər Qazax rayonunda dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11 ədəd subartezian quyusunun qazılaraq sakinlərin istifadəsinə verilib. Eyni zamanda 2020-ci ildə "Əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Respublika Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamına əsasən rayonun Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndlərinin hər birində 1 ədəd olmaqla, daha 14 ədəd yeni subartezian quyusu qazılıb. Ümumiyyətlə, ötən illər ərzində ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla bu gün rayon ərazisində 191 ədəd suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyır.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirib ki, görülmüş bütün işlərdə əsas məqsəd vətəndaşların rahatlığını təmin etmək və onlara yüksək xidmət göstərilməsinin vacibliyini önə çəkməkdir. Qeyd edib ki, sakinlər tərəfindən qaldırılan hər bir məsələyə diqqətlə yanaşılmalı və həlli mümkün olan nə varsa, köməklik göstərilməlidir. Mövcud vəziyyətin nə olmasından asılı olmayaraq elə etmək lazımdır ki, vətəndaşları narahat edən məsələlər öz müsbət həllini tapsın. Bütün məsul şəxslər elə çalışmalı və xidmət göstərməlidir ki, vətəndaşda dövlətə və dövlət başçısına olan inam hissini hər bir işləri ilə artırsınlar.
İcra başçısı bu gün rayonda su məsələsi ilə bağlı yaranan mövcud vəziyyəti nəzərə alaraq sakinləri narahat edən hər bir məsələyə daha operativ şəkildə baxılmasını, əldə olan imkanlardan maksimum dərəcədə səmərəli istifadə edilməsini qeyd edib. Yaranmış vəziyyətlə bağlı sudan qənaətlə istifadə olunmasını və bunun üçün növbəlilik qrafikinə də ciddi əməl edilməsini, heç bir vətəndaşın hüquqlarının pozulmamasını bildirib. Əldə olan imkanlardan bütün vətəndaşların səmərəli şəkildə istifadə etmələri üçün lazımi tədbirlərin görülməsini qeyd edib.
Rayon rəhbəri su ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün rayon üzrə fəaliyyət göstərən subartezian quyularının daim işlək vəziyyətdə olması ilə bağlı məqsədyönlü işlərin görüldüyünü də diqqətə çatdırıb. Vətəndaşlar tərəfindən subartezian quyuları bağlı müraciətlərə dərhal reaksiya verilməsini, aidiyyəti təşkilatlar tərəfindən yerində baxış keçirilməsini və həlli mümkün olan nə varsa edilməsini vurğulayıb. Bundan əlavə, təmirə ehtiyacı olan subartezian quyularında görülən işlərə, verilən tapşırıqlara ciddi əməl olunmasını, daim nəzarətdə saxlanılmasını söyləyib. Bunun üçün mütəmadi olaraq kəndlərdə mövcud olan subartezian quyularına yerində baxış keçirilməsini, nasaz vəziyyətdə olan matorların qeydə alınmasını və dərhal təmir işlərinə başlanılmasını bildirib və bununla bağlı adiyyəti şəxslərə ciddi tapşırıqlar verib.