Şriftin ölçüsü :

Saytın rəngi :

Müqəddəs amallar uğrunda

30 aprel 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.


Kitabda şəhidimiz çavuş Qurbanov Davud Tariyel oğlu haqqında yazılmış "Müqəddəs amallar uğrunda" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...

Müqəddəs amallar uğrunda

Amal insanın yaşamaq qayəsi, ömrünün məqsəd və məramıdır. Amal sadə bir arzu, sıradan gələn bir istək deyil, böyük məqsədlərə tuşlanmış məramdır. O insandan böyük sevgi, əyilməz iradə, yenilməz şücaət, bu yolda yanmaq və həyatını qurban vermək tələb edir. Bu amalın adı şəhidlikdir. Ancaq müqəddəs amallar uğrunda vuruşan, Vətən və xalq yolunda, torpaqlarımızın qorunması uğrunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli insanlar yüksələ bilərlər şəhidlik zirvəsinə. Müqəddəs amallar insanı da müqəddəsləşdirir, onu əlçatmaz zirvələrə qaldıraraq əbədiləşdirir.  Qəlbində Vətən sevgisi, xalq yanğısı olan, torpaq uğrunda çarpışıb bu yolda canından keçən insanlar müqəddəs amal sahibi ola bilir, həyatını qurban verərək şəhidlik zirvəsinə ucalırlar.    
Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə, ölümləri ilə bir əbədilik qazanırlar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə daim dərin ehtiram bəslənilir. Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.
Ölkəmizin ərazi bütövlüyü, xalqımızın şərəf və ləyaqəti uğrunda əbədiyyətə qovuşan şə-hidlərimizdən biri də Qurbanov Davud Tariyel oğludur. O, müqəddəs amallar yolunda vuruşaraq gənc həyatını qurban vermiş, adı tarixin silinməz səhifələrinə yazılmışdır.
Davud Qurbanov 15 fevral 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Biləcəri qəsəbəsindəki Rizvan Pirnəzərov adına tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2013-cü ildə R.Pirnəzərov adına 299 saylı məktəb-liseyi bitirmişdir. Məktəbdə oxuduğu müddətdə dərslərini yaxşı oxuması, fənlərdən yüksək qiymət alması, nizam-intizamlı olması ilə diqqəti cəlb etmişdir. Müəllimləri Davudun işıqlı gələcəyinə inanır, sabahına böyük ümid bəsləyirdilər.
Davud Qurbanov ona bəslənilən ümidləri doğrultdu və test imtahanlarında yüksək bal toplayaraq 2013-cü ildə Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat proseslərinin avtomatlaşdırılması" fakültəsinə daxil oldu. 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini (ADNSU) bitirdi. Amma bu, son deyildi. Davud Qurbanov həmin il universitetin magistratura pilləsinə qəbul oldu və 2019-cu ildə magistraturanı bitirərək yüksək ixtisaslı mütəxəssis kimi yetişdi.
Arzularına öz biliyi və bacarığı ilə işıq salan Davud Qurbanov ilk illər başqa bir sahədə çalışmağa başladı. 2019-cu ilin fevral ayında "Space" televiziya və yayım şirkətində montajçı vəzifəsində işlədi və sonradan əmək fəaliyyətini "Azad Azərbaycan" (ATV) teleradio və yayım şirkətində montajçı kimi davam etdirdi.
Qarşıda onu hərbi xidmət gözləyirdi. Həmin ilin oktyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrıldığı üçün iş fəaliyyətini dayandırıb həqiqi hərbi xidmətə yollandı.
Vətən müharibəsi başlayanda Davud Qurbanov hərbi xidmətdə idi. O, 2 oktyabr 2020-ci ildə Bərdə-Beyləqan bölgəsində Vətən uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Böyük amallarla yaşayan və ona çatmağa bütün varlığı ilə çalışan Davud Qurbanov Suqovuşanda canından keçərək şəhidlik zirvəsinə yüksəldi, adı tarixin silinməz səhifələrinə yazıldı.
Şəhid Davud Qurbanov Qazax rayonunun Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən müharibəsində iştirak edərək canından keçən bütün şəhidlərimiz kimi, Davud Qurbanovun da qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə igidliklə vuruşaraq şəhid olan Davud Qurbanov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.
Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, Davud Qurbanov kimi igid oğullarımız daim bizim qəlbimizdə yaşayacaq, xatirələri hər zaman əziz tutulacaqdır!

Keçidlər