94 il öncə
Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 94 il ötür. 28 may 1918-ci ildə öz müstəqilliyini elan edən Azərbaycan dövləti mövcud olduğu 23 ay ərzində bir çox tarixi əhəmiyyətli işlər həyata keçirmişdir.
Həmin gün Respublika Günü kimi hər il qeyd olunur. Respublikanın hər yerində olduğu kimi rayonumuzda da 28 may Respublika Günü ilə əlaqədar tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, idarə və müəssisə rəhbərləri, ziyalı gənclər iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün Respublika Günü münasibətilə tədbir iştirakçılarını səmimi qəlbdən təbrik etmişdir. Bildirmişdir ki, Azərbaycan Demokratik Respublikası süquta uğrasa da 1918-ci ildə onun Azərbaycana əkdiyi müstəqillik toxumu XX əsrin son on illiyində yenidən cücərib üzə çıxdı. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Beləliklə, XX əsrdə Azərbaycan ikinci dəfə siyasi müstəqillik əldə etdi. Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir, ən böyük sərvətimizdir. Eyni zamanda bu, xalqımızın azadlıq uğrunda apardığı mübarizənin nəticəsidir. Ümummilli lider Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir. Bizim qarşımızda duran əsas vəzifə dövlət müstəqilliyimizi qorumaqdan, əbədi etməkdən ibarətdir”.
Rayon İcra Hakimiyyəti Başçısının humanitar məsələlər üzrə müavini Gülayə Həsənova 28 may Respublika Günü münasibətilə məruzə ilə çıxış edərək AXC-nin yaranmasından, fəaliyyətindən, demokratik hüquq və azadlıqların bərqərar olmasından ətraflı söz açmışdır.
Məruzə ətrafında çıxışlar olmuşdur. Azərbaycan Müəllimlər İnstitutu Qazax filialının müəllimi Mübariz Süleymanov, Qazax Dövlət Sosial İqtisad Kollecinin müəllimi Tərlan Bədəlova, Kosalar kənd tam orta məktəbin müəllimi Cavanşir Rüstəmov çıxış edərək Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, arzu və istəklərini bildirmişlər.
Rayon İcra Hakimiyyətinin Başçısı Ayaz Əsgərov tədbirə yekun vuraraq tədbir iştirakçılarını və Azərbaycan xalqını 28 may Respublika Günü münasibətilə bir daha səmimi qəlbdən təbrik etmiş, gələcək işlərində uğurlar arzulamışdır.