Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda bağça müdirlərinin və valideynlərin iştirakı ilə videokonfrans keçirilib

01 may 2021 | 16:00

Mayın 1-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda şəhər və kəndlər üzrə fəaliyyət göstərən bağça müdirlərinin, bağçalardakı valideyn komitələrinin üzvlərinin iştirakı ilə videokonfrans keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Teybə Hüseynova giriş sözü ilə çıxış edərək videokonfrans iştirakçılarını salamlayıb, müqəddəs Ramazan bayramı münasibətilə rayon rəhbərliyinin adından təbrik edib, səmimi arzularını çatdırıb. Təşkil olunmuş videokonfransın məqsəd və əhəmiyyətindən danışan T.Hüseynova qeyd edib ki, onlayn görüşün məqsədi dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, tapşırıqlarına əsasən görülmüş işlərdən, bağçalarda xüsusi karantin rejimi qaydalarına necə riayət olunmasından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açmaqdır. Bildirib ki, Respublika Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında dövlətimiz tərəfindən vətəndaşların sağlamlığının qorunması istiqamətində məqsədyönlü ardıcıl tədbirlər həyata keçirilir. Vətəndaşların sağlamlığı naminə ölkəmizdə elan olunan xüsusi karantin rejiminin qaydalarına əməl olunmasının vacibliyini qeyd edən T.Hüseynova bundan sonra da hər kəsin pandemiya ilə mübarizə sahəsində görülən işlərə dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən bir daha nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəsin səfərbər olmalı olduğunu vurğulayıb. Bağçalarda birmənalı olaraq xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl olunmasını, istər müəllimlərin, istərsə də valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun uşaqlara olan qayğısından söz açan T.Hüseynova məktəbəqədər təhsil müəssisələrində körpələr üçün yaradılan şəraitdən, ərzaq təminatının keyfiyyətindən danışıb. Qeyd edib ki, rayon rəhbərinin körpə fidanlara olan qayğısının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 uşaq bağçasından 20-sinin müasir standartlara cavab verən səviyyədə olmasıdır. T.Hüseynova pandemiya dövrü olmasına baxmayaraq rayon rəhbərinin qayğısı sayəsində bu il də təmirə ehtiyacı olan bağçalardan 35 yerlik Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasında əsaslı şəkildə yenidənqurma işlərinin aparıldığını və yaxın zamanda uşaqların ixtiyarına veriləcəyini vurğulayıb.
Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Şəfaqət Musayeva uzun illərdir ki, təmir olunmayan bağçanın yenidən qurulmasını tərbiyəçilərin, valideynlərin, uşaqların bu gün də böyük sevinclə qarşıladıqlarını qeyd edib. Bağçanın təmir olunmasına görə rəhbərlik etdiyi kollektiv adından ölkə başçısı İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlığını bildirib.
Şəhər 1 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Gülnar Qocayeva, 3 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri İradə Mustafayeva ölkəmizdə dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülən işlərdən danışaraq bir vətəndaş olaraq həmin tədbirləri yüksək qiymətləndirib və razılıqlarını ifadə ediblər. Pandemiya dövründə xüsusi karantin rejimi qaydalarına əməl olunmasının, bu virusla mübarizənin hər bir vətəndaşın borcu olması haqqında valideynlərlə mütəmadi olaraq maarifləndirici söhbətlər aparıldığını diqqətə çatdırıblar. Rəhbərlik etdikləri bağçalarda, eləcə də rayonda fəaliyyət göstərən digər bağçalarda yaradılan şəraitə, uşaqlara olan yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Valideynlərdən Sənəm Namazova, Aynur Teymurova, Ruqiyyə Salehova, Nuriyə Qasımova, Gülarə Yolçuyeva, Lamiyyə Yusifova, Nəsibə Qarayeva, Lamiyyə Qasımova çıxış edərək rayon rəhbərliyi tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Bugünkü videokonfransı həmin qayğının bariz nümunəsi kimi qeyd ediblər. Bağçalarda xüsusi karantin rejimi dövründə pandemiya qaydalarına riayət olunmasını, uşaqların sağlamlığının daim nəzarətdə saxlanılmasını, müəllimlərin uşaqlara həssaslıqla yanaşmalarını yüksək qiymətləndiriblər. “Uşaqlarımız sağlam gələcəkləri üçün ilk addımlarını məktəbəqədər təhsil müəssisələrində atırlar. Valideyn olaraq şanslıyıq ki, bu gün uşaqlarımız müasir standartlara cavab verən bağçalarda tərbiyə alırlar. Biz valideynlər uşaqlarımızı könül rahatlığı ilə bağçalara təhvil verə bilirik. Çünki əminik ki, yaradılan şərait və göstərilən qayğı ən yüksək səviyyədədir. Ona görə də tam əminliklə uşaqlarımızı bağçalara və tərbiyəçilərə etibar edirik”, - deyən valideynlər bütün bunlara görə rayon rəhbərliyinə bir daha sonsuz təşəkkürlərini çatdırıblar.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Teybə Hüseynova videokonfransa yekun vuraraq tez bir zamanda pandemiya dövrünün bitməsini arzu edib. Bunun üçün də hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti dərk etməsini, bundan sonra da bağçalarda xüsusi karantin rejiminin tələblərinin birmənalı şəkildə yerinə yetirilməsini, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməsini bildirib. Məktəbəqədər təhsil müəssisələrində mütəmadi olaraq geniş təmizlik, tibbi-profilaktik işlərin görülməsini, otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqətin artırılmasını bildirib. Bağça müdiri başda olmaqla, işçi heyətin tibbi maskadan istifadə etməsini, sosial məsafənin saxlanılmasını, xüsusilə də məşğələ zamanı ciddi şəkildə əməl edilməsini bir daha vurğulayıb. Uşaqların qidalanmasına, ərzaqların keyfiyyətinə, bişirilmə və istifadə qaydasına nəzarəti daha da gücləndirməli olduqlarını qeyd edib. Qeyd edilən bütün məsələlərlə bağlı ciddi tapşırıqlarını verib.
Valideyn komitə üzvlərinin bağçalara ekskursiyalarının pandemiya qaydalarına uyğun olaraq növbəli şəkildə yenidən təşkil olunacağını qeyd edən T.Hüseynova sonda videokonfransda iştirak edən bütün valideynlərə minnətdarlığını bildirib.

Keçidlər