"Aldığımız torpaqlara sizi özüm aparacağam"
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz (MAHHXHQ) əsgər Nəsibov Elməddin Yusif oğlu haqqında yazılmış "Aldığımız torpaqlara sizi özüm aparacağam" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
"Aldığımız torpaqlara sizi özüm aparacağam"
Elməddinin lap uşaqlıqdan hərbçi formasına böyük marağı var idi. Ona görə də hərbçilərin şəkillərinə diqqətlə baxar, ürəyində onlara qibtə edərdi. Onun zabit mundirinə olan sevgisi isə lap tükənməz idi. Elməddinin hərbçi olmasının səbəbini soruşanda qardaşı Niyaməddin dedi:
- Anam da istəyirdi ki, Elməddin hərbi forma geyinsin. Bu onun da arzusu idi. Çünki hərbi forma qardaşıma çox yaraşırdı.
Uşaqlıqdan ürəyində kök atan bu istək, böyüdükcə dəyişməz sevgisinə çevrilən bu amal onu hərb sahəsinə gətirdi. Elməddin Nəsibov hərbçi formasını əyninə geyinib Vətənə ləyaqətlə xidmət etməyə başladı.
Zabit olana qədər Elməddin Nəsibovun keçdiyi ömür yolu da diqqətəlayiqdir.
Nəsibov Elməddin Yusif oğlu 8 avqust 1983-cü ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1990-cı ildə Qazax rayon Şamoy Çobanov adına Ağköynək kənd tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2001-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir.
Orta təhsilini başa vurduqdan sonra 2001-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmət sahəsi onun arzularının məkanı idi. Ona görə də çox böyük həvəslə xidmət edir, üzərinə düşən vəzifəni canla-başla yerinə yetirirdi. 2003-cü ilin aprel ayında hərbi xidmətdən tərxis olunub evə qayıtdıqdan sonra Elməddin bir yerdə qərar tuta bilmədi. Hərbçi olmaq istəyi onu rahat buraxmırdı. Ona görə də arzularının dalınca gedib ömrünü bu peşəyə bağladı. Bunun üçün ilk növbədə hərbi sahədə təhsil almağa başladı.
Elməddin Nəsibov 12 may 2014-cü il tarixdən 28 iyun 2014-cü tarixinədək "N" saylı hərbi hissədə "Pulemyot manqa komandiri" ixtisası üzrə tam kurs keçdikdən sonra uşaqlıqdan qəlbində pərvaz edən arzusu həyata keçdi. Elə o vaxtdan da müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etməyə başladı. Məqsədinə çatdığı üçün Elməddinin sevincinin həddi-hüdudu yox idi. Onun hərbi formada çəkdirdiyi şəkillərə baxanda bunun bir daha əyani şahidi olursan. Şəkildə Elməddin çox şəstlə dayanıb vüqarla baxır.
Elməddin Nəsibov öz peşəsini ürəkdən sevdiyi üçün nümunəvi xidmət edir, hərbçi adını öz əməli işi ilə doğrultmağa çalışırdı. Aldığı fəxri fərmanlar onun nümunəvi olmasının əyani göstəricisi, xidmətinə verilən qiymətdir.
2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarına qarşı Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları zamanı bütün əsgər və zabitlərimiz kimi, Elməddin Nəsibov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatıldı. Həmlə taborunun pulemyot manqa komandiri Elməddin Nəsibov elə ilk döyüşdən mərdlik göstərib düşmənin xeyli sayda canlı qüvvəsini məhv etdi.
Həyat yoldaşı Aksana xanım danışır ki, hərdən zəng edib bizimlə əlaqə saxlayırdı. Bir dəfə yenə zəng eləmişdi. Nigarla danışanda dedi ki, qızım, qoy müharibə qurtarsın, inşallah, aldığımız torpaqlara sizi özüm aparacağam, harda döyüşdüyümü sizə göstərəcəyəm.
30 ildir ki, işğal altında olan torpaqlar şanlı Azərbaycan Ordusu tərəfindən alındı. Amma həmin torpaqları qızına göstərmək Elməddinə nəsib olmadı. 27 oktyabr 2020-ci ildə Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olaraq əbədiyyətə qovuşdu. Füzulinin Alxanlı kəndində snayperin açdığı atəşlə sinəsindən vuruldu. İgid Vətən oğlu Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur.
Ailəli idi. Nəzrin və Nigar adlı 2 qız övladı yadigar qalmışdır.
Bütün şəhidlərimiz kimi, Elməddin Nəsibovun da göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilmişdir. Şəhid Elməddin Yusif oğlu Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə" və 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.