Qazax: Su təchizatı yaxşılaşdırılır
Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında kənd təsərrüfatının inkişaf etdirilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində ölkəmizdə mühüm tədbirlər həyata keçirilir. Bu məqsədlə su anbarları, magistral kanallar və digər su təsərrüfatı obyektləri istifadəyə verilir. Ölkə Prezidentinin imzaladığı sərəncamlara əsasən istər paytaxt Bakıda, istərsə də respublikanın regionlarında əhalinin içməli və suvarma suyuna olan tələbatının ödənilməsi sahəsində təqdirəlayiq işlərin görülməsi bunun bariz nümunəsidir. Dövlət başçısının bu sahədə verdiyi tapşırıqlar, qarşıya qoyduğu vəzifələr ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da uğurla icra olunur.
Rayonda dövlət başçısının müvafiq Sərəncamları ilə 2016-cı ildə 5, 2017-ci ildə 11, 2018-ci ildə 11, 2019-cu ildə 11 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilib. “Əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” Respublika Prezidentinin 4 fevral 2020-ci il tarixli Sərəncamına əsasən rayonun Ağköynək, Aslanbəyli, Aşağı Salahlı, Cəfərli, Çaylı, Daş Salahlı, Dəmirçilər, Xanlıqlar, Kəmərli, Kosalar, Qarapapaq, Qaymaqlı, Orta Salahlı və Ürkməzli kəndlərinin hər birində 1 ədəd olmaqla, daha 14 ədəd yeni subartezian quyusu qazılıb. Beləliklə, bu gün rayon ərazisində 191 ədəd suabartezian quyusu kənd sakinlərinin ixtiyarındadır ki, bu da onların əkin sahələrinin suvarılmasında böyük əhəmiyyət daşıyır.
Rayon rəhbəri Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Tovuz Subartezian Quyuları İstismarı İdarəsinin sahə rəisi Fidai Məmmədov və digər aidiyyəti şəxslərlə birlikdə ötən il qazılan yeni subartezian quyularının mövcud vəziyyəti ilə bağlı yerində baxış keçirib. Bununla əlaqədar rayonun Kəmərli, Qaymaqlı, Aslanbəyli, Aşağı Salahlı, Orta Salahlı, Kosalar, Çaylı, Ürkməzli və Xanlıqlar kəndlərində olublar. Subartezian quyularının mövcud vəziyyəti ilə yerində tanış olan icra başçısı bəzi tapşırıq və tövsiyələrini verib. Rəcəb Babaşov əkin sahələrinin suvarılması zamanı su itkisinə yol verilməməsinin vacibliyini vurğulayıb. Xüsusilə də əkin sahələrini suvaran kənd sakinlərinin növbəlilik prinsipinə ciddi şəkildə əməl etmələrini, istər gündüz, istərsə də gecə növbəsində su itkisinin qarşısının alınması istiqamətində bütün zəruri tədbirlərin görülməsini bildirib.
Səmimi söhbət zamanı kənd sakinləri əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılmasına görə razılıqlarını bildiriblər.
Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
2 may 2021-ci il