Vətən sevgisi
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz çavuş Veyisli Xaliddin Zərgər oğlu haqqında yazılmış "Vətən sevgisi” başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
Vətən sevgisi
Vətən sevgisi onun ürəyində uşaq yaşlarından yaranmağa başlamışdı. Bu da düşmənlə sərhəd bölgəsində doğulmağından, körpəliyindən güllə səsləri eşitməyindən irəli gəlirdi. 1991-1994-cü illərdə Birinci Qarabağ savaşında Qazax şəhəri və kəndləri mənfur erməni quldur dəstələri tərəfindən fasiləsiz atəşə tutulurdu. Qazaxın bir neçə kəndində dinc sakinlərə qarşı edilən erməni vəhşiliklərinin canlı şahidi olmuş balaca Xaliddin elə həmin vaxtlardan vətənpərvər bir Azərbaycan gənci kimi düşmənə qarşı qisas almaq arzusu ilə yaşayırdı.
Veyisli Xaliddin Zərgər oğlu 14 sentyabr 1981-ci ildə Qazax şəhərində zəhmətkeş bir ailədə anadan olmuşdur. O, 1987-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə təhsil almağa başlamış, 1998-ci ildə bu məktəbdən məzun olmuşdur. Məktəb illərində idmanla məşğul olmuş, karate idman növü üzrə yüksək nəticələr əldə etmişdir.
Zəhmət adamı olan Zərgər kişi oğlu haqqında dedi:
- Xaliddin çox təmiz ürəkli, böyük-kiçik yeri bilən, xeyirxah, ən başlıcası isə vətənpərvər idi. Bacarıqlı və işgüzar olduğu üçün əlindən hər iş gəlirdi.
Xaliddin Veyisli 2009-cu ildə hərbi məktəbdə təhsil alaraq həmin ildən hərbçi kimi "N" saylı hərbi hissədə fəaliyyətə başlamış, qulluq vaxtı daim nizam-intizam qaydalarına riayət etmiş, döyüş hazırlığına və qüsursuz xidmətə görə müdafiə naziri və hərbi hissə komandirləri tərəfindən medallara və fəxri fərmanlara layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0107 №-li 24 iyun 2013 il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0190 №-li 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarix li Əmri əsasında "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Həmin müddətdə bir neçə dəfə fəxri fərman da almışdır.
Xaliddin Veyisli uzun müddət hərbi həkim - feldşer kimi fəaliyyət göstərmiş, qızğın döyüşlərdə bir neçə yaralı hərbçimizi öz canı bahasına döyüş meydanından çıxararaq həyata qaytarmışdır. Vətən, millət və bayraq sevgisi onun üçün hər şeydən öncə gəlmiş, tapdaq altında olan torpaqlarımızı düşməndən azad etmək həmişə onun ən böyük arzusu olmuşdur.
Vətən müharibəsinin başlanması Xaliddin Veyislinin ürəyində illərdən bəri kök atmış düşmənə qarşı olan intiqam hissini daha da alovlandırdı. Artıq bu arzusunu gerçəkləşdirmək üçün fürsət yaranmışdı.
Xaliddin Veyisli 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsi başlayan zaman döyüşlərə Daşkəsən-Kəlbəcər istiqamətində qatılmışdır. 10 gün həmlə taborunun manqa komandiri olan Xaliddin düşmənlərin arasında kəşfiyyat aparmış, verilən tapşırığı layiqincə yerinə yetirmişdir. Daha sonra cənub istiqamətində döyüşlərdə iştirak etmiş, Cəbrayıl, Füzuli rayonlarının bir sıra kənd və yüksəkliklərinin alınmasında qəhrəmancasına döyüşərək iştirak etmişdir.
Anası Natella xanım danışır:
- Xaliddin arabir evə zəng edib bizimlə əlaqə saxlayırdı. Bir-iki kəlmə hal-əhval tutandan sonra ən çox şəhər və kəndlərimizin azad edilməsindən, Azərbaycan xalqının qisasının alınmasından fəxrlə danışırdı. Fikri təkcə torpaqlarımızın alınmasında idi.
Onunla bağlı kövrək məqamlardan birini də şəhidin qardaşı Xəqani danışır:
- Xaliddin oxuduğu Qazax şəhər 1 nömrəli orta məktəbin həyətində sinif yoldaşları ilə birlikdə xatirə bulağı tikdirmişdi. Bulağın açılışında Xaliddin sinif yoldaşlarına müraciətdə "Əgər mən şəhid olsam, bulağa mənim adımı yazarsınız", - deyib.
Bacısı Xəyalə Xaliddinlə fəxr etdiyini deyir:
- Hər yerdə məni qoruyan, arxamda dağ kimi dayanan qardaşım bu gün Vətən yolunda öz canından keçib şəhidlik məqamına yüksəldiyi üçün Azərbaycan xalqının qürur mənbəyinə çevrilib.
Həmlə taborunda manqa komandiri olan çavuş Xaliddin Veyisli Qubadlının alınması uğrunda 26 oktyabr 2020-ci il tarixdə gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik şəhadətinə yüksəlmiş, Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında dəfn edilmişidir. Ailəli idi, övladları Jalə ilə Fəqan ondan yadigar qalmışdır.
Çavuş Xaliddin Veyisli ölümündən sonra Azərbaycan Respublikasının ərazi bötüvlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli hərəkətlər nümayiş etdirdiyinə görə 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə", 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.