Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidlərinin ailələri övladlarının adlarının əbədiləşdirilməsi istiqamətində görülmüş işlərə görə minnətdarlıq edirlər

05 may 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı haqq savaşı 44 gündən sonra Azərbaycanın böyük tarixi Zəfəri, Qələbəsi ilə başa çatdı. Şanlı Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi.
Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq..
Qazaxda bütün şəhidlərimizin, o cümlədən də 44 günlük Vətən müharibəsində adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi hər zaman əziz tutulur.
Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin keçdikləri döyüş yolunun gələcək nəsillərə ötürülməsi, qəhrəmanlıqlarının nümunə göstərilməsi, ən əsası da adlarının əbədiləşdirilməsi istiqamətində təqdirəlayiq işlər görülür.
Hər zaman ilkləri ilə seçilən Qazaxda nümunəvi addımların atılması bu gün də davam edir. 
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə Qazax Tarix-Diyarşünaslıq Muzeyində Vətən uğrunda canından keçən şəhidlərimizin, istər Birinci Qarabağ, istər İkinci Qarabağ müharibəsi, 44 günlük haqq savaşında, eləcə də 2016-cı ilin Aprel və 2020-ci ilin İyul döyüşləri zamanı şəhid olmuş igid Vətən oğullarının xatirəsinə guşə yaradılıb. Muzeyin ikinci mərtəbəsində yaradılmış guşə nəfis tərtibatı ilə göz oxşamaqla yanaşı, igid, cəsur, qəhrəman oğullarımıza olan hörmət və ehtiramı da özündə əks etdirir. Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçmiş 338 nəfər qazaxlı şəhidin fotoşəkillərindən ibarət olan guşədə qəhrəman oğullarımızın xatirəsi dərin ehtiramla anılır.
Mayın 5-də Pandemiya qaydalarına uyğun olaraq əvvəlcə Vətən müharibəsi şəhidlərinin valideynləri, yaxınları, həyat yoldaşları, övladları növbəli şəkildə guşə ilə tanış olublar.
Guşə ilə tanış olan şəhid ailələri övladlarının, eləcə də Vətən yolunda canından keçən digər qazaxlı şəhidlərin xatirəsini əbədiləşdirən guşənin yaradılmasını, onların gələcək nəsillərə tanıdılması üçün görülmüş işləri yüksək qiymətləndiriblər. Şəhid ailəsi kimi onlara göstərilən qayğıya görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Sonda şəhid ailələri övladlarının xatirəsini əbədiləşdirmək məqsədilə yaradılan guşənin təşəbbüskarı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, guşənin ərsəyə gəlməsində əməyi keçən hər kəsə bir daha təşəkkürlərini çatdırıblar. Guşə ilə bağlı fikirlərini bölüşüblər.
Şəhid gizir Sərxan Abdullayevin atası Elxan Abdullayevin, gizir Amid Məmmədovun atası Müqabil Məmmədovun və şəhid əsgər Babək Həsənovun anası Gülarə Həsənovanın minnətdarlıq və razılıq dolu həmin videolarını təqdim edirik.

https://www.facebook.com/Qazax-Rayon-%C4%B0cra-Hakimiyy%C9%99ti-629920463880977/videos

Keçidlər