Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda geniş tikinti-abadlıq və quruculuq işləri sürətlə davam edir

29 avqust 2016 | 16:00

“Azərbaycan Respublikası  regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunda tikinti-abadlıq və quruculuq işləri sürətlə davam edir.
Qazax rayonunun girişindəki “Obelisk”-də və ətrafında geniş abadlıq işləri aparılmış, yeni yaşıllıqlar salınmış və yeni işıqlandırma sistemi quraşdırılmışdır. Həmin ərazidə, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə təyyarə abidəsi ucaldılmışdır. Yaxın günlərdə abidənin açılışı olacaqdır.
Bayraq Meydanında, N.Nərimanov yaşayış massivində hündürlüyü 15 metr olan Qüllənin ətrafında, Qazax şəhərindəki və rayonun Daş Salahlı kəndindəki şəhidlər qəbiristanlıqlarında,  Yuxarı Salahlı kəndindəki Şəhidlər Xiyabanında, əsaslı təmir və geniş abadlıq–quruculuq işləri  aparılmışdır. Küçələrin təmiri və məhəllədaxili yollar asfaltaşdırılmışdır.
Bakı-Tbilisi avtomobil yolunun Qazax rayonunun ərazisindən keçən hissəsində abadlıq işləri aparılmış, yeni ağac və gül kolları əkilmişdir.
H.Əliyev prospekti boyunca və Bakı küçəsində yaşayış evlərinin dam örtükləri dəyişdirilmiş, evlərin  fasad hissəsində və hasarlarda abadlıq işləri aparılmış, yeni hasarlar çəkilmiş və yol kənarı yaşayış evlərinin giriş hissəsinə darvazalar quraşdırılmışdır. 
Qazax Tarix Diyarşünaslıq muzeyinin müasir tələblərə cavab verən yeni binasının tikintisi və ətraf ərazidə aparılan abadlıq işləri başa çatmaq üzrədir.
Mərkəzi bazarın ətrafında – H.Əliyev prospekti, Azadlıq, M.Carçıyev  və M.V.Vidadi küçələrində antisanitariya və natəmizlik yaradan, əhalinin hərəkətinə mane olan və məhdudlaşdıran küçə ticarəti aradan qaldırılmışdır. Bu məqsədlə mərkəzi kolxoz bazarında lazımi şərait yaradılmış, ticarətlə məşğul olan insanlar bazara köçürülmüşlər. Bundan başqa, “Çinar dibi” adlanan yaşayış massivində yeni alternativ bazar yaradılaraq  fəaliyyətə başlamışdır. Hazırda kənd təsərrüfatı yarmarkasının keçirilməsi üçün hazırlıq işləri gedir.
İndiyədək Qazax şəhərində 1500 p/m uzunluğunda yeni bardür düzülmüş və 2500 kvadrat metr əraziyə tamet döşənmişdir. Hazırda bu istiqamətdə işlər sürətlə davam edir.
Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2016-cı il tarixli sərəncamı ilə  6000  nəfər əhalinin yaşadığı 2 yaşayış məntəqəsini birləşdirən Qazax-Kosalar avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat ayrılmışdır. Qazax-Kosalar avtomobil yolunun tikintisinə başlanılmış və burada işlər başa çatmaq üzrədir. 
Yuxarı Salahlı kəndində 480 şagird yerlik kənd tam orta məktəbdə bərpa-gücləndirmə və əsaslı təmir işləri, Çaylı kənd 1 saylı tam orta məktəbində isə  əsaslı təmir işləri aparılır.
Qazax şəhərində və kəndlərdə sipləşmə, Daş Salahlı kədində 110/35/6 kv-luq Daş Salahlı yarımstansiyanın tikintisi işləri davam edir.
Ağköynək kəndi ərazisində 1,5 hektar sahədə məişət tullantıları üçün ərazi ayrılmış, orada təmizlik işləri aparılmış və ətrafı dəmir torla hasarlanmışdır.
Məzəm və Quşçu Ayrım kənd sakinlərinin rayon mərkəzinə təhlükəsiz gediş və gəlişini təmin etmək məqsədilə Qazax-Quşçu Ayrım avtomobil yolunun Alpout kəndi ilə Quşçu Ayrım kəndini birləşdirən hissəsində alternativ olaraq ikinci yolun çəkilişi işlərinə başlanılmışdır.
Rayonun Daş Salahlı kəndində və Carçıoğlu şirkəti tərəfindən rayonun Xanlıqlar kəndində hər birinin illik gücü 50 min ton olan Əhəng zavodlarının, Birinci Şıxlı kəndində "Birinci Şıxlı kəndli fermer təsərrüfatı" MMC-nin tikintisi işləri  davam edir.
Rayonun Birinci Şıxlı kəndində 220 başlıq heyvandarlıq fermasının tikintisi, lizinq yolu ilə gətirilmiş 75 baş cins mal-qaranın sayının 100 baş artırılması məqsədilə Qaymaqlı kəndində fəaliyyət göstərən fermada genişləndirmə işləri həyata keçirilmişdir. Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermasında tikinti işləri davam etdirilir.
Rayonun Ermənistanla ən yaxın məsafədə yerləşən sərhəd kəndlərinin (Bala Cəfərli və Məzəm) əhalisinin təhülkəsizliyini təmin etmək məqsədilə sərhəd boyu 3 metr hündürlükdə 1300 p/m istinad divarları çəkilmişdir. Quşçu Ayrım kənd əhalisinin təhlükəsizliyini təmin etmək məqsədi ilə yaşayış evlərinin düşmən mövqelərinə baxan pəncərələrinin hörülməsi üçün kənd sakinlərinə tikinti materialları verilmişdir.
Bala Cəfərli və Xanlıqlar kəndlərinin hər birində bir imkansız ailə üçün yaşayış evinin tikintisi başa çatdırılmışdır. Quşçu Ayrım və Ürkməzli kəndlərinin hər birində bir Şəhid ailəsi və Dəmirçilər  kəndində bir Qarabağ müharibəsi əlilinin evlərində əsaslı təmir və əlavə tikinti işləri aparılmışdır.

Keçidlər