Ürəklərdə yaşayacaq
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz əsgər Allahverdiyev Sakit Şahin oğlu haqqında yazılmış "Ürəklərdə yaşayacaq" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
Ürəklərdə yaşayacaq
Vətən müharibəsi! 27 sentyabrdan başlayıb 10 noyabrda Böyük Qələbə ilə başa çatan hərb tariximizin böyük Zəfər Salnaməsi! Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı Böyük Qələbə və tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması 2020-ci ilin Zəfər Salnaməsi kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinə son qoyan 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin elan etdiyi "Qarabağ Azərbaycandır və nida" şüarı igid Vətən oğullarının qələbə qazanmasının əsas qayəsi, əsgər və zabitlərimizi, hərbçilərimizi qələbəyə səsləyən rəhbər çağırışı oldu.
44 gün davam edən müharibədə xalqımızın həmrəyliyi, birliyi, dövlət başçısının ətrafında sıx birləşməsi bütün dünyaya qüdrətli Azərbaycanın var olmasını sübut etdi. Azərbaycanın müzəffər ordusu günbəgün, anbaan xalqımızı qələbə sevinci ilə sevindirdi, hərb tariximizə şanlı zəfərlərlə dolu günlər yazdı. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.
44 günlük Vətən müharibəsində iştirak edib qəhrəmanlıqlar göstərən və adını Şəhidlik adlı uca zirvəyə yazdıran Vətən oğullarından biri də əsgər Allahverdiyev Sakit Şahin oğludur.
Onun ömür yolunu vərəqlədikcə qısa, lakin örnək olası və mənalı həyat tarixçəsi gözlərim önündə canlanır. Doğum şəhadətnaməsində qeyd edildiyi kimi, Sakit, 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. O, 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbdə oxumağa başlamış, 2018-ci ildə həmin məktəbin onbirinci sinfini bitirmişdir. Əsgərlik yaşına çatdığı üçün 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağrılmışdır. O, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) sıralarında hərbi xidmətə başlamışdır. Xidmət etdiyi müddətdə hərbi silah və sursatlardan istifadə qaydalarını ətraflı öyrənib öz biliyini zənginləşdirmiş, hərbi sahədə olan təcrübəsini daha da artırmışdır. Azərbaycan Silahlı Qüvvələrinin mərd, mübariz əsgəri kimi yetişərək Vətən torpaqlarını yağı düşməndən azad etməyə hər an hazır olmuşdur.
Qardaşı İlkin danışır:
- Sakitin arzusu hərbçi olmaq idi. Ona görə də yüksək səviyyədə xidmət edirdi. Əsgərlikdən sonra qalıb işləmək istəyirdi. Amma qismət olmadı.
Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Azərbaycan Ordusunun bütün əsgər və zabitləri kimi, Sakit Allahverdiyev də 30 ildir ki, düşmən əsarətində olan Vətən torpaqlarının yağı düşmənlərdən azad olunması uğrunda gedən qanlı döyüşlərə qatılmışdır. Qəlbindəki Vətən sevgisi, düşmənə qarşı olan intiqam hissi böyük idi Sakitin. "N" saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev Füzulinin, Hadrutun, Ağdərənin işğaldan qurtarması uğrunda gedən döyüşlərdə mərdlik göstərmiş, əsgəri borcunu ləyaqət və şərəflə yerinə yetirmişdir. Döyüşlərdə onun gözündən heç nə yayınmır, sərrast atış ilə düşməni yerə sərirdi.
Sakit Allahverdiyev 9 noyabr 2020-ci ildə ömrünü canı qədər sevdiyi Vətənə bağışlayaraq şəhidlik zirvəsinə ucalmışdır. O, Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda", 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Sakit Allahverdiyev də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacaqdır. Şəhidlər ölmür, əbədi yaşayırlar! Şəhid Sakit Allahverdiyevə Allahdan rəhmət diləyir, ruhu qarşısında baş əyirik.