Şriftin ölçüsü :

Saytın rəngi :

Görülmüş işlər kəndlərimizin inkişafından və abadlaşmasından xəbər verir

30 avqust 2016 | 16:00

Qazax rayonunda gedən geniş tikinti-quruculuq və abadlıq işləri kəndlərə də təsirsiz qalmamışdır. Görülmüş işlər kəndlərimizin inkişafından və abadlaşmasından xəbər verir. Əvvəlcə, qeyd etmək lazımdır ki, vətəndaşların problemlərinin vaxtında həll olunmasına köməklik göstərilməsi məqsədilə rayonun bütün kəndlərində rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun Sərəncamına əsasən ziyalılardan, nüfuzlu insanlardan və ağsaqqallardan ibarət Işçi Qrupları yaradılmışdır. Hər həftənin şənbə günlərində kəndin bütün ərazisində iməciliklər təşkil olunur. Ərazi məişət tullantılarından, zibil və alaq otlarından təmizlənir. Bu işlər  kənd qəbiristanlıqlarında və onun ətrafındakı ərazilərdə də həyata keçirilir.
Kəmərli kəndi rayonun Ermənistanla ən yaxın məsafədə yerləşən sərhəd iri sərhəd kəndlərindən biridir. Ərazisi 3887 hektar, əhalisi 3200 nəfərdir. Son aylarda kənddə insanların əhval-ruhiyyəsi daha da artmışdır. Kəndin abadlaşdırılmasına, tikinti-abadlıq işlərinə diqqət daha da çoxalmışdır.  Həftənin şənbə günləri kəndin bütün ərazisində iməciliklər keçirilir. Yol kənarları məişət tullantılarından və alaq otlarından təmizlənir.  Kəndarası yollara qum-çınqıl döşənmişdir. Kənddə 9 ədəd subartezian quyusu vardır. Onların 1 ədədi təmir edilib, 1 ədədi balansa götürüldükdən sonra kənd əhalisinin istifadəsinə verilmişdir. Suvarma suyunun yaxşılaşdırılması məqsədilə Kəmərli nasos stansiyasına 1 ədəd 600 amperlik avtomat və 1 ədəd elektrik sayğacı qoyulmuşdur. Kəndin dəmyə sahələrinə xidmət edən Qaymaqlı-Kəmərli IV pillə nasos stansiyasının bərpası və Kəmərli örtülü şəbəkədə suvarma xətlərinin ara məsafəsinin yaxınlaşdırılması üçün aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırılmışdır.
Qaymaqlı kəndində İcra Nümayəndələyinin inzibati binası və seçki məntəqəsi təmir edilmişdir. Kənddəki 8 ədəd artezian quyusundan 2 ədədi təmir edilmiş, 3 ədədinin isə transformatoru təmir edilmişdir. Qaymaqlı-Kəmərli II pillə nasos stansiyasında yüksək gərginlikli elektrik kabeli yenisi ilə əvəz olunmuşdur. IV pillə nasos stansiyasında iki ədəd siyirtmə dəyişdirilmiş, nasosun xidmət etdiyi 30 metr məsafədə suvarma xəttində olan qüsurlar aradan qaldırılmışdır. II pillə nasos stansiyasında sıradan çıxmış nasosun dəyişdirilməsi, suvarma xətlərinin ara məsafəsinin yaxınlaşdırılması üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
Aslanbəyli kəndində İcra Nümayəndəliyinin və bələdiyənin inzibati binaları təmir  olunmuşdur. Kənddə arxdakı su sızmasının qarşısı 720 mm-lik boru vasitəsi ilə alınmışdır.  Aslanbəyli arxı üzərində 6 metr uzunluğunda su keçidi salınmışdır. Örtülü şəbəkədə 2 ədəd 100 mm-lik siyirtmə dəyişdirilmişdir. Nasos stansiyasında 1 ədəd nasos, həmin xəttdə 1 ədəd 400 mm-lik əks klapan dəyişdirilmişdir. Stansiyadan çıxan boru xətlərinin birləşdiyi hissə qaynaq edilərək fasiləsiz iş rejimi ilə təmin edilmişdir.
Yuxarı Salahlı kəndində 480 şagird yerlik tam orta məktəbdə əsaslı təmir və bərpa-gücləndirmə işlərinə başlanılmış və hazırda işlər başa çatmaq üzrədir. İcra Nümayəndəliyinin və seçki məntıqəsinin inzibati binaları təmir edilmişdir. 1941-1945-ci illər Böyük Vətən Müharibəsi və Qarabağ müharibəsində həlak olanların xatirəsinə inşa edilmiş abidə kompleksi əsaslı təmir edilmişdir. Səməd Vurğun “Poeziya evi”ndə cari təmir işləri aparılmışdır. Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Namazov Elvin Məmməd oğlunun qəbrinin ətrafına dəmir tor çəkilmişdir. Kənd qəbiristanlığına gedən 1,2 km uzunluğunda yol hamarlanaraq qum-çınqıl döşənmişdir.  Kənddəki 7 ədəd artezian quyusundan 2-si təmir edilmiş, 1-i balansa götürülərək istifadəyə verilmişdir.  Kəndin ərazisindən keçən müxtəlif arx və kanallarda 3200 p/m məsafə lildən və kol-kosdan təmizlənmişdir. I pillə nasos stansiyasında 1 ədəd əks klapan yenisi ilə əvəz olunmuş və 25 metr uzunluğunda zəif gərginlikli kabel dəyişdirilmişdir. II pillə nasos stansiyasında 16 metr uzunluğunda yüksək gərginlikli kabel və 1 ədəd 630 kv-luq elektrik mühərriki yenisi ilə əvəz olunmuşdur.
Yuxarı Salahlı II pillə nasos stansiyasının yenidən qurulması işlərinin tezləşdirilməsi məqsədilə Melirorasiya və Su Təsərrüfatı ASC–yə müraciət olunmuşdur.
Orta Salahlı kəndində aylıq gücü 30 min baş olan quşçuluq fermasının tikintisinə başlanılmış və hazırda işlər davam etdirilir. Yol kənarlarındakı hasar təmir edilmiş, 37 kvadrat metr hissəyə yeni aqlay vurulmuşdur.  Kəndarası yollarda hamarlama işləri aparılmış və qum-çınqıl döşənmişdir.  İcra Nümayəndəliyinin və bələdiyyənin İnzibati binaları təmir olunmuşdur.   Kənddəki Şəhidlər Xiyabanında abadlıq işləri aparılmışdır. Şəhid ailəsi Rəsul Musayevin evinin 80 kvadrat metr hissəsi suvanaraq rənglənmiş, evin ön tərəfinin 40 kvadrat metr hissəsinə DVP vurularaq rənglənmişdir. Şəhid ailəsi Müsənbər Hacıyevaya 10 kisə sement və 80 ədəd mişar daşı alınıb verilmişdir. Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində təmir, rəngləmə və abadlıq işləri aparılmışdır. Kənd ərazisindən keçən Şıxlı su kanalı lildən təmizlənmişdir və kənddəki 21 saylı seçki məntəqəsinin səsvermə və iş otağı təmir edilmişdir.
Kosalar kəndində icra nümayəndəliyinin inzibati binası, 18, 19 saylı seçki məntəqələrinin səsvermə və iş otağı təmir edilmişdir. Böyük Vətən Müharibəsində həlak olanların və Qarabağ Müharibəsi şəhidlərinin xatirəsinə tikilmiş abidə kompleksində təmir işləri aparılmışdır. Kənd ərazisində 48 ədəd elektrik dirəyi və 900 metr naqil dəyişdirilmişdir. Kənddəki 17 ədəd artezian  quyusunun hamısı işlək vəziyyətdədir.
Uzunluğu 11 km olan Qazax-Kosalar avtomobil yolunun əsaslı tikintisinə başlanılmışdır, hazırda tikinti işləri başa çatmaq üzrədir.  Kəndin mərkəzi hissəsindən keçən 10 metr uzunluğunda, 500 mm-lik su ötürücü boru yenisi ilə əvəz olunmuşdur. Kəndin ərazisindən keçən müxtəlif arx və kanallarda 1250 p/m ərazi lildən və kol-kosdan təmizlənmişdir. Arxlara 2 ədəd su ayırıcı qapılar qoyulmuşdur.
Aşağı Salahlı kəndində seçki məntəqələrinin səsvermə və iş otaqları təmir eidlmişdir. Məişət suyu üçün istifadə olunan artezian quyusunun üzərində yerləşən su çənində  və 150 metr uzunluğunda su xəttində  təmir işləri aparılmışdır.  Hazırda kənddə 8 ədəd artezian quyusu işlək vəziyyətdədir. Kəndin “Aşırallar” adlanan ərazisində arx lildən təmizlənmiş və su arxına 1 ədəd su ötürücü boru salınmışdır. Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə tikilmiş abidə kompleksində təmir və bərpa işləri aparılmışdır. İcra Nüayəndəliyində, kitabxananın dam örtüyündə və fasad hissəsində təmir işləri aparılmışdır. Kənddəki uşaq bağçasına gələn məişət suyu  üçün istifadə olunan borunun 80 metrlik hissəsi yenisi ilə əvəz olunmuşdur. Yol kənarındakı dayanacaqlar təmir edilərək oraya oturacaqlar qoyulmuşdur.
  Qazaxbəyli kəndində 21 saylı seçki məntəqəsinin səsvermə və iş otaqları təmir edilmişdir. Kənddəki 4 ədəd artezian  quyusundan 2-sində təmir işləri aparılmışdır. Kənd ərazisindən keçən 1400 metr uzunluğuynda drenaj xətti təmizlənmişdir. Məcburi köçkünlər üçün inşa edilmiş Yeni Yaşayış Qəsəbəsindən 1100 metr məsafədən kəndə su xətti çəkilmişdir. “Qanırma” arxında 1 ədəd su ayırıcı qapı qoyulmuşdur. Veqetasiya suvarması yekunlaşan kimi “Balaqaşlı” arxının lildən təmizlənməsi işlərinə başlanılacaqdır.
Rayonun bütün kəndlərində tikinti-abadlıq və quruculuq işləri davam edir.

Keçidlər