"Qıymazdı ki, mən ağlayım"
Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə "Göyəzən” qəzetinin baş redaktoru, şair-publisist Elçin İsmayıl tərəfindən qələmə alınmış "Qanları ilə dastan yazanlar" kitabı Vətən müharibəsində Azərbaycan xalqının qazandığı Böyük Zəfərə və bu Tarixi Qələbənin əldə olunmasında öz canından keçmiş 50 qazaxlı şəhidə həsr olunmuşdur. Kitabda şəhidlərin keçdiyi ömür və döyüş yolları ayrı-ayrılıqda geniş işıqlandırılmış, ailə üzvlərinin, müəllimlərinin, döyüş yoldaşlarının xatirələri, ürək sözləri, eyni zamanda ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə təltif olunduqları orden və medalların şəkilləri öz əksini tapmışdır. Azərbaycanın ərazi bütövlüyü uğrunda əbədiyyətə qovuşmuş şəhidlər kitabda minnətdarlıq hissi ilə anılmış, ehtiramla yad edilmişdir.
Kitabda şəhidimiz əsgər Hüseynov İlqar Yaşar oğlu haqqında yazılmış "Qıymazdı ki, mən ağlayım" başlıqlı xatirə yazısını oxuculara təqdim edirik...
"Qıymazdı ki, mən ağlayım"
Azərbaycanın 44 gün davam edən Vətən müharibəsində əldə etdiyimiz Böyük Qələbə düşməni məhv etməklə yanaşı, həm də bütün dünyaya ölkəmizin gücünü, qüdrətini göstərən bir qələbə oldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri, hərbçiləri döyüş meydanında göstərdikləri qəhrəmanlıqlarla Azərbaycanın hərb tarixində şanlı zəfərə imza atdılar, yeni bir salnamə yazdılar. Azərbaycanın mərd, qəhrəman övladları 44 gün ərzində işğalçı Ermənistan ordusunu darmadağın edərək düşməni torpaqlarımızdan qovmağa müvəffəq oldular. Müzəffər Ali Baş Komandanın qətiyyəti və rəşadətli ordumuzun şücaəti sayəsində doğma Qarabağımızın erməni işğalı altında olan torpaqları azad edildi. Həmin müqəddəs torpaqlarımızda bu gün üçrəngli Azərbaycan Bayrağı dalğalanır.
Vətən uğrunda şəhid olmağı özünə şərəf bilən belə qəhrəmanlarımızdan biri də əsgər Hüseynov İlqar Yaşar oğludur.
...Anasına çox bağlı idi İlqar. Fikrindən keçənləri ona danışar, ürəyindəki arzular haqqında yorulmadan anası ilə söhbət edərdi. Heç nəyi ondan gizlətməzdi, hətta hansı qızı sevdiyini belə.
İlqarın anası Nurcahan Ağasultanova oğlu haqqında danışaraq kövrəlir:
- İlqar evimizin dirəyi idi. Bütün işləri o, görürdü. Çalışmaqdan yorulmazdı", - deyir.
Bir qədər söhbət etdikdən sonra onunla İlqarın ömür dəftərini vərəqləyirik. İlqar Hüseynov 17 yanvar 2001-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2007-ci ildə Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin birinci sinfinə getmiş, 2016-cı ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir.
İlqar Hüseynov təhsilini artırmaq üçün test imtahanlarında iştirak etmiş və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin "Elektrik təchizatı" fakültəsinə daxil olmuşdur. Oxuduğu müddətdə öz nizam-intizamı, qabaqcıl olması ilə yoldaşlarından fərqlənən İlqar Hüseynov 2020-ci ildə kollecdə təhsilini başa vurmuşdur.
Təhsil aldığı Qazax Dövlət Sosial-İqtisadi Kollecində İlqar Hüseynova dərs demiş müəllimi Nurlanə Abbasovanın qələmə aldığı xatirəsi İlqarın necə bir xarakterə malik olduğunu aydın şəkildə göstərir: "Mən İlqarı kollecdə dərs deyən zaman tanıdım. Onda olan Vətən sevgisi, bayrağımıza olan hörmət mənim ona olan rəğbətimi daha da artırdı”.
İlqar əsgərliyə getməmişdən üç gün əvvəl mənimlə söhbət edəndə dedi: "Müəllimə, inşallah, mən hərbi xidmətdə elə bir zirvəyə yüksələcəyəm ki, siz tələbənizlə hər zaman fəxr edəcəksiniz. Doğrudan da, İlqar Şəhidlik zirvəsinə ucalaraq adını tarixin silinməz səhifəsinə yazdı. Bəli, biz bu gün onunla fəxr edirik".
Nurcahan xanım danışır ki, İlqarın şəhid olacağı elə bil ürəyimə dammışdı. Hələ kollecdə oxuyanda deyirdi: "Görərsiniz, mən əsgərliyə gedəndə müharibə olacaq. Mən də döyüşə gedib şəhid olacağam". Bununla bağlı bir də onu danışdı ki, İlqar şəkil çəkdirməyi sevməzdi. Amma hərbi xidmətə getməmişdən 3 gün əvvəl çoxlu şəkil çəkdirib, "Dünyanın işini bilmək olmaz" - deyib.
Hərbi xidmət dövrü İlqar Hüseynovun həyatında mühüm yer tutur. İlqar kolleci bitirdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağrılmış, Ağdam rayonunun Xındırıstan kəndində xidmət etmişdir.
2020-ci il sentyabrın 27-də cəbhədə düşmənin növbəti təxribatlarının qarşısını alarkən Azərbaycan Ordusunun keçirdiyi əks-hücum əməliyyatları zamanı bütün əsgər və zabitlərimiz kimi İlqar Hüseynov da torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərə qatılmışdır. "N" saylı hərbi hissənin artilleriya batareyasının əsgəri kimi mərdlik, mübarizlik nümayiş etdirmişdir.
28 oktyabrda Ağdam istiqamətində düşmənin hücumunu dəf edib hücuma keçiblər. Bu zaman İlqar Hüseynov minaatan silahdan atılan mərminin qəlpəsindən ağır yaralanıb və döyüş meydanında şəhid olub. Şəhid əsgərimiz Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir.
Nurcahan xanım İlqarın şəklini göstərərək kədərli-kədərli: "İlqar qıymazdı ki, mən ağlayım" deyir və göz yaşlarına hakim kəsilə bilmir.
Şəhid İlqar Hüseynovun igidliyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, o, ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.