İcra başçısı Yuxarı Salahlı kəndində ipəkqurdunun mövcud vəziyyəti ilə tanış olub
Son illər cənab Prezident İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə kənd təsərrüfatının ənənəvi və ixracyönümlü sahələrindən olan baramaçılığın inkişafı istiqamətində mühüm addımlar atılır. Ölkə başçısının "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı 27 noyabr 2017-ci il tarixli Sərəncamı da məhz ölkəmizdə baramaçılığın inkişaf etdirilməsinə xidmət edir.
Ölkə Prezidentinin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur. Belə ki, ipəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir.
Bu il artıq altıncı ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Builki mövsümdə 4,4 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından 110 qutu barama qurdu gətirilərək kəndlər üzrə barama yetişdirən kümçülərə paylanılıb.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə rayonda ipəkqurdu toxumu paylanılmış Yuxarı Salahlı kəndində olub, ipəkqurdu toxumunun saxlanma şəraiti və mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərinə məlumat verilib ki, rayonun kəndlərində fəaliyyət göstərən kümçülərə kümxanaların hazırlanmasında qabaqcadan mütəxəssislər tərəfindən müvafiq təlimatlar verilib, onlarla ipəkqurdunun aqrotexniki qaydada bəslənməsi üçün maarifləndirici söhbətlər aparılıb. İpəkqurdu toxumunu yetişdirmək üçün əvvəlcədən lazımi şərait yaradılıb, bütün hazırlıq işləri görülüb, otaqlar istiliklə təmin edilib.