Qazaxda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib
Qazax rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qazax rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilmişdir.
Gənclər Mərkəzində təşkil olunan tədbirin iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmişlər və abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Konfransda rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, İcra nümayəndələri və bələdiyyə sədrləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, dini icmaların rəhbərləri, dindarlar, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.
Konfransda əvvəlcə dini ekstremizm və radikalizmin fəsadlarından bəhs edən “Fitnə” sənədli filmi nümayiş olunub.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq bildirmişdir ki, bu günki toplantıda sizləri Qazax Rayon ictimaiyyəti adından və öz adımdan salamlayır, qonaqlarımıza xoş gəlmişsiniz deyrəm.
Mənəvi dəyərlərin meydana gəlməsi bəşər övladının öz yaşam kriteriyaları və canlı aləmlə qarşılıqlı münasibətləri zəminində şərtlənib. İlkin dövrlərdə dinlər cəmiyyətin həyatını nizama salıb, qayda-qanunları təsbit edib, əxlaqi kriteriyaların bərqərar olunmasını təmin edib.
Sonralar milli mədəniyyətlər formalaşıb və dünya bu sahədə zənginliklər qazanıb. Azərbaycan dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır. Ölkəmizin əsrlər boyu bir çox fərqli sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşməsi, Asiya ilə Avropa arasında körpü rolunu oynaması burada mədəniyyət müxtəlifliyinin yaranmasına səbəb olub. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində danışır, öz dini inanclarına uyğun ibadət edir, milli adət-ənənələrini yaşadır, heç bir ayrı-seçkiliklə üzləşmədən müxtəlif sahələrdə fəaliyyət göstərərək ümumi inkişaf prosesinə öz töhfələrini verirlər.
Azərbaycanda multikultural dəyərlər qədim tarixi köklərə malikdir. Multikulturalizm Azərbaycanda əsrlərdən bəri formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidən kənara çıxmayan dəyərlər toplusu kimi mövcud olub.
Ümummilli lider Heydər Əliyevin atdığı düşünülmüş və qətiyyətli addımlar, milli mənəvi dəyərlərə göstərdiyi diqqət və qayğı Azərbaycanda tolerantlığın və multikulturalizm ənənələrinin yenidən bərpa olunmasına, onun daha da inkişaf etdirilməsinə gətirib çıxardı.
Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda milli və dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə, irqinə, cinsinə, etnik, siyasi, sosial mənsubiyyətinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda etnik və dini azadlıqlar maksimum təmin edilib. Ulu Öndər Heydər Əliyevin şah əsəri olan Müasir Azərbaycan Respublikası Konstitusiyasında insan və vətəndaş hüquq və azadlıqları əmlak vəziyyətindən, qulluq mövqeyindən və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq təminat verildiyi təsbit edilmişdir.
1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklər edildi. Dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Ulu öndər Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm veriləcəyini bildirdi: "Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.
Ümummilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyev uzaqgörən və müdrik fəaliyyəti nəticəsində müstəqil ölkənin vətəndaşlarına bütün bəşəri azadlıqların arasında, həm də dini etiqad azadlığını bəxş etmişdir.
Bu siyasətin layiqli davamçısı Prezident İlham Əliyev cənablarının da hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərərək Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında fəaliyyəti danılmazdır.
Hazırda multikulturalizm və onun bir şaxəsi olan tolerantlıq ölkəmizdə alternativi olmayan həyat tərzidir. Müxtəlif dinlərə mənsub insanların dinc şəraitdə birgə yaşamaları, çoxkonfessiyalılıq, etnik və mədəni müxtəliflik multikulturalizmin Azərbaycan modelinin üstün cəhətləridir. Prezident İlham Əliyev cənablarının 2016-cı ili Azərbaycanda “Multikulturalizm ili” elan etməsi dövlətimizin başçısının dediyi kimi, bir daha sübut edir ki, multikulturalizm Azərbaycanda dövlət siyasətidir, həyat tərzidir.
Azərbaycan öz qədim, möhtəşəm milli-mənəvi dəyərləri üzərində öz inkişafını davam etdirir və dövlətimiz dünyaya milli mədəniyyətini müasir elmi-texniki inkişafı bir arada tutan ən uğurlu inkişaf modelini təqdim edir.
Azərbaycanda ictimai-siyasi sabitliyin tam təmin olunması və iqtisadi qüdrətimizin getdikcə artması regional əməkdaşlığı gündən-günə möhkəmləndirir. Siyasi, iqtisadi və mədəni əlaqələrin uğurla davam etdirilməsi Azərbaycanı artıq çox nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib.
Müstəqil Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin qabaqcıl vəzifələrindəndir. Çoxmillətli və çoxfunksiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır. Respublikada multikulturalizm Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru Jerar Ştudman demişdir: “Azərbaycanda dini tolerantlılıq heç də yeni konsepsiya deyildir. Bu ölkə yüz illər boyunca müxtəlif mədəniyyətlərin yanaşı yaşamasına, tolerantlığa bariz nümunə ola bilər. Biz onu ümumi mədəni irsimizə münasibətdə nümunə kimi göstərə bilərik”. Qeyd edək ki, IV Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimində Prezident İlham Əliyev Azərbaycanda multikulturalizmin inkişafını yüksək qiymətləndirmişdir: “Multikulturalizm termini nisbətən yeni olsada əsrlər boyu Azərbaycanda çoxmədəniyyətli cəmiyyətlər mövcud olub. Xalqlar arasındakı dostluq və həmrəylik bunun bariz nümunəsidir”.
Ölkəmizin multikulturalizm mərkəzinə çevrilməsində Heydər Əliyev Fondunun yorulmaz fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fond hər bir layihəsi ilə müxtəlif xalqlar arasında humanizm, həmrəylik və dözümlülük kimi bəşəri dəyərlərin bərqərar olmasına öz töhfəsini verməyə çalışır. Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı – Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir-bərpa işləri aparılır.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən də milli-mənəvi irsimizin qorunub saxlanılması, təbliği, mədəniyyətlərarası dialoqun və dinlərarası əməkdaşlığın inkişaf etdirilməsi sahəsində xeyli iş görülmüşdür.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2015-ci ilin sentyabr ayının 8-də Parisdə “Dini tolerantlıq: Azərbaycanda birgə yaşamaq mədəniyyəti” mövzusunda keçirilən konfransda Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış edərək ölkəmizin tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşdiyini, Asiya ilə Avropa arasında körpü olduğunu və bu amillərin mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynadığını bildirmişdir. “Azərbaycan elə nadir ölkələrdən biridir ki, eyni zamanda, həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvüdür. Azərbaycan dünyəvi müsəlman ölkəsidir. İslam bizim müqəddəs dinimizdir və biz öz dinimizə, öz ənənələrimizə, öz köklərimizə böyük hörmətlə yanaşırıq. Biz öz mədəni, dini və tarixi irsimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə tikilmiş məscid Azərbaycanın Şamaxı şəhərində yerləşir. Dünyanın ən qədim kilsələrindən biri olan Qafqaz Alban kilsəsi Azərbaycanın digər çoxəsrlik tarixi olan Şəki şəhərinin yaxınlığında yerləşir. Pravoslav və katolik kilsələri, sinaqoqlar, atəşpərəstlər məbədi - bütün bunlar Azərbaycanın mədəni irsinin tərkibidir. Biz öz ənənələrimizə, öz köklərimizə, öz tariximizə çox böyük hörmətlə yanaşırıq. Eyni zamanda, biz dünyaya açıq və bütün ölkələrlə əməkdaşlıq qurmağa çalışan bir ölkəyik”-deyən Mehriban Əliyeva diqqətə çatdırmışdır ki, ölkəmizdə tolerantlıq ənənələrinin qorunmasında dövlət-din münasibətləri mühüm rol oynayır və Azərbaycanda yaradılan şərait onu deməyə əsas verir ki, multikulturalizmin alternativi yoxdur.
25-27 aprel 2016-cı il tarixlərdə BMT-nin sivilizasiyalar alyansının 7-ci Bakı Qlobal Forumunun uğurla keçirilməsi multikulturalizmin təşviqi baxımından mühüm tədbir oldu. Bu möhtəşəm tədbirə 147 ölkəni təmsil edən 4 mindən artıq nümayəndə qatıldı. Tədbirin möhtəşəmliyi bir daha Azərbaycanın beynəlxalq multikultural mərkəz olaraq dünyaya tanıdılmasının sübutu idi.
Azərbaycanın multikulturalizm ənənələrinin daha dərindən mənimsənilməsi, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təşviqi, eləcə də bu sahədə qarşıda duran vəzifələrin müzakirə edilməsi məqsədilə keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdə müxtəlif dinlərin və azsaylı xalqların nümayəndələrinin yaşadığını və dini konfessiyaların uzun əsrlərdən bəri sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, ölkəmizdə hər zaman başqa xalqların dilinə, dininə, mədəniyyətinə daim hörmətlə yanaşılıb.
Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin, ideoloji prinsiplərin ana xəttini Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq təşkil edir. Dünyanın hansı ölkəsində yaşamağımızdan asılı olmayaraq, bizi bu prinsiplər birləşdirir. Eyni zamanda, Azərbaycan İslam ölkəsidir və mənəvi dəyərlərimizin tərkib hissəsi olan İslam dininə dünyada bir milyarddan çox insan etiqad edir. Biz də bu dəyərlərə sahib ölkələrdən biri kimi İslamı yad təsirlərdən qorumalıyıq. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli-mənəvi dəyərlərinə qayıdışı sürətlənib. Bu gün ölkəmizdə dinlərarası münasibətlər ən yüksək səviyyədədir. Hər kəsin etiqad azadlığı təmin olunur. Bununla yanaşı, milli-mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemləri ilə maraqlanır. Dövlətin bu sahədə yürütdüyü siyasət nəticəsində Azərbaycan cəmiyyətində dinlərarası münasibətdə dözümlülük özünü bariz şəkildə göstərir və bunun nəticəsində etnik, dini nifrət hissi mövcud deyil. Həyata keçirilən uğurlu daxili və xarici siyasət sayəsində multikulturalizm və tolerantlıq xalqımızın həyat tərzinə çevrilib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu xatırladan Mübariz Qurbanlı onu da qeyd edib ki, bu, Azərbaycan xalqının digər millətlərlə dostluq, qardaşlıq şəraitində yaşadığını bütün dünyaya bir daha nümayiş etdirir. Çoxmillətli, çoxkonfessiyalı respublika kimi ölkəmizdə bütün xalqların, dinlərin, etnik qrupların nümayəndələri eyni hüquq və azadlığa malikdir.
Konfransda Azərbaycan Yazıçılar Birliyinin zona filialının müdiri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirmişdir ki, Azərbaycanda dövlət-din münasibətlərinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə həmin münasibətlərin bütün hüquqi dövlətlərdə olduğu kimi qanunlarla tənzimləndiyini vurğulayıb. Bildirib ki, ölkədə ali hüquqi qüvvəyə malik Azərbaycan Respublikasının Konstitusiyası fəaliyyət göstərir. Konstitusiyada beynəlxalq hüququn hamılıqla tanındığı norma və prinsiplər əksini tapmaqla yanaşı, bütün növ fundamental insan, vətəndaş hüquq və azadlıqları təsbit edilib. Bu gün Azərbaycanda bütün dinlərin qanunvericiliyə uyğun azad və sərbəst fəaliyyətinə icazə verilir.
Barat Vüsal daha sonra bildirmişdir ki, Prezident İlham Əliyevin apardığı doğru, düzgün və məqsədyönlü siyasət nəticəsində multikulturalizm Azərbaycanın dövlət siyasətinə, xalqımızın həyat tərzinə çevrilib. Azərbaycan milli dövlət olaraq təkcə özünün deyil, dünyanın qlobal problemlərinin həllində fəal iştirak edir. Bu il BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Bakıda keçirilməsi bunun bariz nümunəsidir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Gənclər Mərkəzində sentyabr ayının 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov rayon gəncləri ilə görüş keçirmiş, Azərbaycanda multikulturalizmin dövlət siyasəti, artıq multikulturalizmin Azərbaycan nümunəsinin olması, Azərbaycanda bu sahədəd bir sıra mühüm işlərin görülməsi, “Multikulturalizmə giriş” və “Azərbaycan multikulturalizmi” fənlərinin yaradılması, hər iki fənn üzrə tədris proqramlarının hazırlanaraq Təhsil Nazirliyi tərəfindən təsdiq olunması və digər məsələrlə bağlı maraqlı söhbətlər aparmışdır.
Görüş diskussiya şəklidə dabam etdirilmiş və gəncləri maraqlandıran suallar cavablandırılmışdır.