Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasında olub

18 may 2021 | 16:00

Son illər Respublika Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə uşaq və yeniyetmələrlə, gənclərlə bağlı həyata keçirilən işlər, ölkə başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramlarının qəbul edilməsi bir daha sübut edir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə rəhbərinin uşaqlara olan yüksək diqqət və qayğısını körpə balalar haqqında söylədiyi fikirlərdən də aydın şəkildə görmək olur. “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”, - deyən ölkə başçısı bu siyasətin uğurla davam etdirilməsi üçün var qüvvəsi ilə çalışır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilməsinin bariz nümunəsi son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlardır.
Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edilir. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani sübutu yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır. Rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir.
Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov İkinci Şıxlı kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasında olub, körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb. Həmçinin, bağçada təmizlik və dezinfeksiya işlərinin aparılması, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsi, gigiyenik qaydalara ciddi şəkildə riayət olunması və digər məsələlərlə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Bağça müdiri Lalə Qurbanova xüsusi karantin rejiminin tələblərinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl etdiklərini vurğulayıb. Bağça müdiri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdiyi kollektiv və valideynlər adından minnətdarlığını bildirib. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürünü çatdırıb.

Keçidlər