Qazax Müəllimlər Seminariyasının binası əsaslı təmir olunacaq
“Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarına əsasən, Qazax müəllimlər seminariyasının təşkili Azərbaycanın maarif salnaməsinin ən parlaq səhifələrindəndir.
Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermişdir. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar vardır. Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoymuşdur” kimi dəyərli sözlərin yer aldığı ölkə Prezidenti İlham Əliyevin imzaladığı 3 noyabr 2018-ci il tarixli Sərəncam bir daha onu göstərdi ki, dövlət başçısı Azərbaycanda təhsil sahəsinə hər zaman xüsusi qayğı ilə yanaşır. Azərbaycan təhsilində, mədəniyyətində, eləcə də bir çox sahələrdə görkəmli şəxsiyyətlər bəxş edən Qazax Müəllimlər Seminariyasının 100 illiyinin qeyd olunması barədə ölkə rəhbəri tərəfindən imzalanmış bu Sərəncam eyni zamanda qazaxlı ziyalılara verilən qiymətin daha bir bariz nümunəsidir.
ADA Universitetinin ana dilimizdə təhsilin ilk sütunu sayılan Qazax Müəllimlər Seminariyasının tarixi binası qarşısında keçirdiyi “Bir müəllimin manifesti” adlı tədbir də qazaxlı ziyalılara verilən böyük dəyəri özündə təcəssüm etdirir.
Hər zaman müxtəlif bölgələrdə fəaliyyət göstərən yenilikçi müəllimləri “kəşf” edib, onları milli dəyərə çevirən ADA həmin ənənəni bu gün də davam etdirir. “Bir müəllimin manifesti” də öz “kəşf”inə elə regiondan, daha dəqiq desək, milli təhsil sistemimizin başlanğıc nöqtəsi olan Qazax Müəllimlər Seminariyasının yerləşdiyi Qazax şəhərindən başlaması heç də təsadüfi deyil. Çünki Qazax hər zaman öz ziyalıları ilə tanınıb.
Tələbələri və məzunlarının sayı artdıqca, missiyası da genişlənməkdə davam edən ADA öz təcrübəsini regionlarda yerləşən məktəblər və onların müəllimləri ilə paylaşmaq fəaliyyətinə də ilk növbədə Qazaxdan başlayacaq və bu işdə Bakı Dövlət Universitetinin Qazax filialı ilə əməkdaşlıq edəcək.
Ən əsası isə ADA Universiteti “Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində həm də tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməklə onun yenidən istifadəsini mümkün edəcək. Firudin bəy Köçərlinin misilsiz çətinliklər bahasına qurduğu və ilk direktoru olduğu Seminariya binasının bərpası, əslində, Azərbaycanda maarifçilik irsimizin və Seminariyadan aldığımız milli qürurumuzun bərpası olacaq. Burada illər öncə yandırılan elm işığı daha gur yanacaq, ətrafına yeni nəsil maarifçiləri toplayacaq. Həyata keçiriləcək birgə layihələrlə müasir təhsil tariximizin növbəti səhifələri burada yazılacaq.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Seminariyanın bərpa işlərini həyata keçirəcək “PMD Projects” MMC-nin İdarə Heyətinin sədri Nəriman Topçibaşev, baş memar Fizuli Əliyev, bərpa işlərinin rəhbəri Pərviz Mehrəliyev, əməkdaşlar Məhəmməd Süleymanov, Zəminəli Şammədov, Zaur Məmmədov, Orxan İsmayılovla birlikdə Qazax Müəllimlər Seminariyasında olub, mövcud vəziyyətlə maraqlanıblar. Görüləcək işlər müzakirə olunub.
Rayon rəhbəri bərpa işləri ilə əlaqədar hər cür dəstək göstəriləcəyini bildirib və layihəni həyata keçirən insanlara qazaxlılar adından minnətdarlığını çatdırıb.