Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qazaxda vətəndaşlarla görüşüb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirirlər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qazax şəhərindəki Ədəbiyyat Muzeyində Ağstafa, Tovuz və Qazax rayonlarından olan sakinləri qəbul edib.
Əvvəlcə, Ümummili Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad olunub. Qəbulda vətəndaşlar əsasən dini icmaların fəaliyyəti, dövlət qeydiyyatına alınması, məscidlərin təmiri, dini mərkəzlərin müvafiq ədəbiyyatla təminatı və digər məsələlərlə bağlı müraciət ediblər. Komitə sədri onların hər birini diqqətlə dinləyib.
İyirmidən çox vətəndaşı qəbul edən dövlət komitəsinin sədri Mübariz Qurbanlı bir sıra müraciətləri yerindəcə həll edib, bəzilərinin araşdırılması üçün göstərişlər verib. Komitənin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün qeydiyyata alınıb.