Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda bağça müdirlərinin və valideynlərin iştirakı ilə növbəti onlayn videokonfrans keçirilib

20 may 2021 | 16:00

Mayın 20-də Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda şəhər və kəndlər üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin rəhbərlərinin, bağçalardakı valideyn komitələrinin üzvlərinin iştirakı ilə növbəti onlayn videokonfrans keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Teybə Hüseynova giriş sözü ilə çıxış edərək rayon rəhbərliyinin adından videokonfrans iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini çatdıraraq keçirilən onlayn görüşün məqsəd və əhəmiyyətindən danışıb. T.Hüseynova qeyd edib ki, onlayn görüşün məqsədi məktəbəqədər təhsil müəssisələrindəki mövcud vəziyyəti öyrənmək, valideynlərin fikirlərini, təkliflərini dinləmək, onları narahat edən məsələləri öyrənməkdir. Eyni zamanda dünyanı bürüyən koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə, tapşırıqlarına əsasən görülmüş işlərdən, bağçalarda xüsusi karantin rejimi qaydalarına necə riayət olunmasından, bu istiqamətdə həyata keçirilən tədbirlərdən söz açmaqdır. Ölkə Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi altında vətəndaşların sağlamlığı naminə ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlərə hər bir vətəndaşın öz töhfəsini verməsini qeyd edib. Ölkədə elan olunan xüsusi karantin rejiminin qaydalarına əməl olunmasının vacibliyini qeyd edən T.Hüseynova bundan sonra da hər kəsin pandemiya ilə mübarizə sahəsində görülən işlərə dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən bir daha nəticə çıxarmalı olduğunu vurğulayıb. Bağçalarda birmənalı olaraq xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl olunmasını, istər müəllimlərin, istərsə də valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın uşaqlara olan qayğılarının Qazax rayonunda da olduğu kimi həyata keçirildiyini, həmin qayğının hər zaman əsas götürüldüyünü bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun uşaqlara olan qayğısından söz açan T.Hüseynova qeyd edib ki, məhz bu qayğının nəticəsidir ki, bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-i müasir standartlara cavab verən səviyyədədir. Bu yaxınlarda 35 yerlik Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə yenidənqurmadan sonra uşaqların ixtiyarına verilməsi həmin qayğının davamıdır.
Bağçalardakı ərzaq təminatından söz açan T.Hüseynova rayon rəhbərliyi tərəfindən bu sahənin də daim diqqət mərkəzində saxlanıldığını, uşaqların keyfiyyətli ərzaqlarla qidalanmasına nəzarət olunduğunu qeyd edib. Həmçinin, uşaqların tibbi müayinə olunmalarına həssaslıqla yanaşıldığını vurğulayıb. Bu sahədə də istər müəllimlərin, istərsə də valideynlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.
Şəhər bağçalarından 4 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Aynurə Abbasova, 2 saylı Uşaq bağçasının müdiri Günel İsmayılzadə, 5 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Elnarə Məmmədli, 6 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Elnarə Qurbanova, kənd bağçalarından Kosalar kənd 2 saylı Körpələr Evi-Uşaq bağçasının müdiri Pərvanə Nəsibova, Aşağı Əskipara Körpələr Evi-Uşaq bağçasının müdiri Şəfiqə Mustafayeva, Cəfərli kənd Uşaq bağçasının müdiri Gülcöhrə Əsədova ölkəmizdə dövlət başçısının və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında pandemiya ilə mübarizə sahəsində görülən işlərdən danışaraq bir vətəndaş olaraq həmin tədbirləri yüksək qiymətləndirib və razılıqlarını ifadə ediblər. Pandemiya dövründə xüsusi karantin rejimi qaydalarına əməl olunmasının, bu virusla mübarizənin hər bir vətəndaşın borcu olması haqqında valideynlərlə mütəmadi olaraq maarifləndirici söhbətlər aparıldığını diqqətə çatdırıblar. Rəhbərlik etdikləri bağçalarda, eləcə də rayonda fəaliyyət göstərən digər bağçalarda yaradılan şəraitə, uşaqlara olan yüksək dövlət qayğısına görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər. Bağça müdirləri 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçiriləcək tədbirlərə hazırlaşdıqlarını da bildiriblər. 
Məktəbəqədər təhsil müəssisələrində uşaqlara rus dilini tədris edən Rəna Mahmudova uşaqların bu dili mənimsəməsi üçün var qüvvəsi ilə çalışdığını, həmçinin balaca fidanların rus dilində verilən tapşırıqları maraqla öyrəndiklərini qeyd edib. Hətta, 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçiriləcək tədbirlərdə uşaqların rus dilində şeir söyləməsi üçün çalışdıqlarını vurğulayıb.
Valideynlərdən Söylü Əhmədova, Könül Abdullayeva, Tamara Dərziyeva, Lilpar Aşurova, Günay Yusifova, Tahirə Xasməmmədova, Dürdanə Kərimova, Xalidə Aydınova, Qabil Məmmədov, Aysel Əhmədova, Lamiyyə Yusifova, Pəri Xəlilova, Xavər Polad, Gülarə Yolçuyeva, Mamed Həsənov, Günay Məmmədova çıxış edərək bağçalarda yaradılan şəraitdən, müəllimlərin, tərbiyəçilərin uşaqlara olan diqqət və qayğısından razı qaldıqlarını və bunu yüksək qiymətləndirdiklərini qeyd ediblər. Bağçalarda yaradılan belə yüksək şəraitə görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. 
“Bu gün uşaqlarımız bağçalarda inkişafedici səviyyədə böyüyürsə, dövlətinin Prezidentinin, Ulu Öndərinin kim olduğunu, himnimizi öyrənirsə, bayrağımızı, gerbimizi tanıyırsa, Vətən uğrunda candan keçərək şəhid olmağın nə demək olduğunu anlayırsa, buna görə bağça müəllimlərinə borcluyuq. Biz valideynlərdən çox müəllimlərimiz daha tələbkardırlar. Bu da bizi çox sevindirir. Gələcəyimiz olan uşaqların bu cür böyüməsi onların parlaq gələcəyinə böyük zəmanət verir. Ən əsası da uşaqlarımızı könül rahatlığı ilə bağçalara etibar edə bilirik”, - deyən valideynlər bütün bunlara görə sonsuz təşəkkürlərini çatdırıblar. Bağçalarda xüsusi karantin rejimi dövründə pandemiya qaydalarına riayət olunmasını, uşaqların sağlamlığının daim nəzarətdə saxlanılmasını, müəllimlərin uşaqlara həssaslıqla yanaşmalarını yüksək qiymətləndiriblər.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Teybə Hüseynova videokonfransa yekun vuraraq tez bir zamanda pandemiya dövrünün bitməsini arzu edib. Bunun üçün də hər bir vətəndaşın üzərinə düşən məsuliyyəti dərk etməsini, bundan sonra da bağçalarda xüsusi karantin rejiminin tələblərinin birmənalı şəkildə yerinə yetirilməsini, sanitar-gigiyena və karantin qaydalarının tələblərinə ciddi əməl edilməsini bildirib. Məktəbəqədər təhsil müəssisələrində mütəmadi olaraq geniş təmizlik, tibbi-profilaktik işlərin görülməsini, otaqların havalandırılmasına, mətbəx və sanitar qovşaqlara diqqətin artırılmasını bildirib. Bağça müdiri başda olmaqla, işçi heyətin tibbi maskadan istifadə etməsini, sosial məsafənin saxlanılmasını, xüsusilə də məşğələ zamanı ciddi şəkildə əməl edilməsini bir daha vurğulayıb. Uşaqların qidalanmasına, ərzaqların keyfiyyətinə, bişirilmə və istifadə qaydasına nəzarəti daha da gücləndirməli olduqlarını qeyd edib. Qeyd edilən bütün məsələlərlə bağlı ciddi tapşırıqlarını verib. Pandemiya müddətində bu cür onlayn görüşlərin mütəmadi olaraq təşkil olunacağını qeyd edib.

Keçidlər