Qazaxda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarına bayram hədiyyəsi təqdim olunub
Azərbaycanın ərazi bütövlüyü, Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin hər biri bizim üçün əziz və doğmadır. Bu gün hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə görə torpaq uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə minnətdardır. Şəhidlərimizin xatirəsini əziz tutmaq, onların ailələrinə diqqət və qayğı göstərmək, övladlarına sahib çıxmaq hər birimizin borcudur.
Cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğı hər kəs üçün örnək və nümunədir.
Dövlətimizin şəhid ailələri ilə bağlı həyata keçirdiyi tədbirlərə dəstək məqsədilə “Gənclərin Həmrəyliyi” İctimai Birliyi və Mənəvi Dəyərlərin Təbliği Fondu da 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin övladlarını diqqətdən kənarda qoymayıb, onlara bayram hədiyyəsi verib.
Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli və “Gənclərin Həmrəyliyi” İctimai Birliyinin icraçı direktoru Zülfiyyə Nuriyeva şəhid ailələrinin evlərində olub, bayram hədiyyəsini təqdim ediblər. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını söyləyiblər.
Şəhid ailələri hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Əlamətdar gündə övladlarının yad olunmasını şəhidlərimizə olan hörmət və ehtiramın, ailələrinə göstərilən qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.