Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsinin şəhidi kiçik gizir Elcan Namazovun doğum günündə məzarını və ailəsini ziyarət edib

01 iyun 2021 | 16:00

27 sentyabrdan başlayan Azərbaycanın Vətən müharibəsində, İkinci Qarabağ savaşında əldə etdiyimiz şanlı Qələbə bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. Ən əsası isə Ali Baş Komandanın yaratdığı Vətən Müharibəsi modeli Azərbaycanın Böyük Qələbəsini təmin etdi. 44 gün davam edən bu müharibədə ordumuzun əsgər və zabitləri, hərbçiləri böyük qəhrəmanlıqlar göstərərək torpaqlarımızı erməni işğalından azad etdilər. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoydular. 27 sentyabrda başlayıb 10 noyabrda tarixi Qələbə ilə yekunlaşan bu müharibənin isə iki əsas qəhrəmanı vardır – şanlı Azərbaycan Ordusu və bu şanlı ordunun Müzəffər Ali Baş Komandanı Prezident İlham Əliyev. Bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, ordumuzun əsgər və zabitləri, hərbçiləri, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə fəxr edir, qürur duyur.
Vətən torpaqlarının azadlığını, ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ölümün gözünə dik baxaraq Şəhidlik zirvəsinə ucalan igid oğullarımızdan biri də kiçik gizir Namazov Elcan Hidayət oğludur.
Doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşan Elcan Namazovun bu gün yaşasaydı 24 yaşı tamam olacaqdı. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum günü unudulmayıb.
Respublika Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazaxda da hər zaman örnək götürülür. Rayon rəhbərliyi tərəfindən hər zaman əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələri, məzarları ziyarət olunur, əziz xatirələri ehtiramla anılır. İlk gündən əsası qoyulan ənənə bu gün də davam etdirilir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalan 44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalmış kiçik gizir Elcan Namazovun doğum gününü ailəsi ilə birlikdə qeyd etmək üçün şəhidimizin doğulduğu Dəmirçilər kəndinə gəlib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Milli Məclisin deputatı Səməd Seyidovun köməkçisi Akif Əmirov, şəhidimizin vaxtilə oxuduğu Emin Qurbanov adına Dəmirçilər kənd tam orta məktəbin direktoru Gülnar Osmanova, ibtidai sinif müəllimi İlhamə Cəfərova və ailə üzvləri ilə birlikdə şəhidimizin məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar Elcan Namazovun ata ocağına gələrək Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Elcanın xatirəsinin daim əziz tutulacağını bildiriblər.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən söz açan icra başçısı həmin qələbədə payı olan Elcan kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Elcanın təkcə qazaxlıların, doğma el-obasının oğlu deyil, bütöv Azərbaycanın oğlu olduğunu, onunla hər bir qazaxlının qürur duyduğunu vurğulayıb.
Rayon rəhbəri ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər kəs üçün nümunə olduğunu bildirib. "Şəhidlərimizi, onların ailələrini yad etmək bizim vətəndaşlıq borcumuzdur. Bu gün mən də özümə borc bildim ki, qəhrəman şəhidimizin doğum gününü sizlərlə birlikdə qeyd edim” - deyən icra başçısı şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də məhz bu məqsədə xidmət etdiyini qeyd edib. 
Şəhid atası Hidayət Namazov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Oğlunun doğum günündə onun xatirəsinin yad olunmasını Elcanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası kimi oğlu və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.

 

Keçidlər