Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərimizin xatirəsinə bulaqlar tikilir

06 sentyabr 2016 | 16:00

Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan oğul və qızlarımızın adı dövlətimiz tərəfindən hər zaman uca tutulub, əbədiləşdirilib.
Şəhidlərin adına salınmış bulaqlar, qoyulmuş büst və xatirə lövhələri bunun bariz nümunəsidir.
Bu gün düşmənlə 168 km sərhəddi olan Qazax rayonu da torpaqlarımızın ərazi bütövlüyünün qorunması zamanı 278 şəhid vermişdir. Vətən sevgisi, doğma el-obasına olan sonsuz məhəbbət hissi onları ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucaltmışdır. Bu zirvəni fəth edənlərin adlarını əbədiləşdirmək, onları ehtiramla xatırlayıb yad etmək isə hər birimizin vətəndaşlıq borcudur.
Rayonumuzda da şəhidlərimizə, onların ruhuna hörmətlə yanaşılır. Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov rayonumuza təyin olunduğu ilk gündən şəhid ailələrinə diqqət və qayğı göstərir. Onun göstərişinə əsasən şəhidlərin uyuduğu qəbiristanlıqlarda, şəhər və kəndlərimizdəki şəhidlər xiyabanlarında bərpa və abadlıq işlərinin yüksək səviyyədə aparılması göstərilən bu diqqət və qayğının əyani sübutudur. Rayon rəhbərliyinin diqqət və qayğısı sayəsində artıq Qazax  şəhərindəki şəhidlər qəbiristanlığı, eləcə də Yuxarı Salahlı və Daş Salanlı kəndlərindəki Şəhidlər Xiyabanları əsaslı təmir edilmişdir. Hazırda Çaylı, Xanlıqlar və İkinci Şıxlı kəndlərindəki Şəhidlər Xiyabanlarında təmir işləri davam etdirilir.
Rayonumuzda şəhidlərə ehtiram Şəhidlər Xiyabanlarında görülən işlərlə bitmir. Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən aprel ayında qoşunların təmas xəttində erməni işğalçıları ilə döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları – kapitan Orucov Mühüd Qurban oğlu, baş leytenant Namazov Elvin Məmməd oğlu və Əliyev Orxan Məhəmməd oğlunun xatirəsini yad etmək, onların adını əbədiləşdirmək üçün bulaqların tikintisinə başlanılmışdır. Şəhərin Heydər Əliyev prospektində tikilən bu bulaqlar həm şəhidlərimizin ruhunu şad edəcək, həm də şəhidlərimizə olan diqqətin ifadəsi  olacaqdır.
Şəhidlərin xatirəsinə inşa olunan bu bulaqlar şəhər sakinlərinin də ürəyincədir. Şəhid ailələri, eləcə də sakinlər rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova bu növbəti xeyirxah işinə görə öz dərin minnətdarlıqlarını bildirirlər.
Onu da qeyd edək ki, bulaqların tikintisi artıq başa çatmışdır və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

Keçidlər