Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda bu gündən barama tədarükünə başlanılıb

08 iyun 2021 | 16:00

Son illər Azərbaycanda qədim ənənələrə malik baramaçılığın və ipəkçiliyin inkişafına dövlət dəstəyi daha da gücləndirilib. Ölkəmizdə ixracyönümlü sahə olan baramaçılığın kənd yerlərində məşğulluğun təmin edilməsində mühüm rol oynaması nəzərə alınaraq bölgələrdə bu sahənin inkişafına böyük önəm verilir. Ölkə başçısının "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında imzaladığı 27 noyabr 2017-ci il tarixli Sərəncamı da məhz ölkəmizdə baramaçılığın inkişaf etdirilməsinə xidmət edir.
Ölkə Prezidentinin baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Qazaxda da uğurla icra olunur. İpəkçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi rayonda ənənəvi sahələrdən olan baramaçılığın dirçəldilməsinə öz müsbət təsirini göstərir.
Bu il artıq altıncı ildir ki, Qazaxda ipəkqurdu bəslənilir. Builki mövsümdə 4,4 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından 110 qutu barama qurdu gətirilərək kəndlər üzrə barama yetişdirən kümçülərə paylanılıb.
Qarşıya qoyduqları məqsədə çatmaq üçün böyük səylə çalışan kümçülər artıq bu gündən barama tədarükünə başlayıblar. Bu gün Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülər tərəfindən 441 kq barama məhsulu "Azəripək” MMC-yə təhvil verilib. Mərkəzdə kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.

Keçidlər