Qazaxda Vətən müharibəsinin şəhidi çavuş Xaliddin Veyislinin övladının doğum günü ailəsi ilə birlikdə qeyd olunub
Bu gün bütün dünya Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbədən, böyük Zəfərdən danışır. Sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi soydaşlarımızın 30 illik yurd həsrətinə son qoydu. Düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğaldan azad etdi. Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur. Şəhidlərimizi tanımaq və tanıtmaq hər kəsin ən ümdə işidir.
Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunan qəhrəmanlarımızdan biri də Qazax şəhər sakini, çavuş Veyisli Xaliddin Zərgər oğludur. Bu gün igid Vətən oğlunun övladı Fəqan Veyislinin doğum günüdür.
Bütün şəhidlərimizi, o cümlədən də Vətən müharibəsinin şəhidlərini, onların ailə üzvlərini daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin övladlarının doğum günlərini də unutmur. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını əldə rəhbər tutan icra başçısı Vətən müharibəsinin şəhidi Xaliddin Veyislinin övladının doğum gününü unutmayıb. Bu gün rayon rəhbəri öz ənənəsinə sadiq qalaraq 11 yaşını qeyd edən Fəqan Veyislinin ad gününü təbrik edib.
Rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnar Quluyeva və RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov şəhidimizin övladının doğum gününü ailəsi ilə birlikdə qeyd ediblər. Şəhidimizin övladına rayon rəhbərinin səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi Qələbədə payı olan Xaliddin Veyisli kimi oğullarımızın daim qəlblərdə yaşayacağını bildiriblər. Bu gün şəhidlərimizlə, qazilərimizlə hər birimizin fəxr etdiyini, Azərbaycan xalqı var olduqca şəhidlərimizin də var olacağını qeyd ediblər. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıblar. Şəhidlərimizin övladlarının hər birimizin doğması, əzizi olduğunu, qəhrəman oğullarımızın ailələrinə, övladlarına sahib çıxmağın hər birimizin borcu olduğunu dilə gətiriblər.
Şəhidimizin həyat yoldaşı İlahə Veyisli şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onu yad etdikləri və təbrikə gəldikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Şəhidimizin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Xaliddinin timsalında bütün şəhid ailələrinə olan hörmət və ehtiramın, qayğının bariz nümunəsi kimi dəyərləndirib.