Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidi həkim tibb xidməti leytenantı Adil Əfəndiyevin xatirəsini əbədiləşdirən bulaq inşa olunacaq

11 iyun 2021 | 16:00

2020-ci ilin 27 sentyabrı Azərbaycan xalqının yaddaşına bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən Vətən müharibəsində şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı. Bu gün hər birimiz fəxarətlə söylədiyimiz, qürurlandığımız o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, hərbçilərimizə borclu və minnətdarıq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün qələbə sevinci yaşadan şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, sağlamlığını itirən qazilərimiz, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.
Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də şəhid həkim tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur.
Bütün şəhidlərimiz kimi həkim şəhidimizin də xatirəsi əbədiləşdiriləcək. Şəhərin mərkəzində Rayon Mərkəzi Xəstəxanasının qarşısında igid Vətən oğlunun xatirəsini əbədiləşdirən bulaq inşa olunacaq.
İyunun 11-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri və şəhidin atası Qədir Əfəndiyevlə birlikdə bulağın inşa olunacağı ərazidə olub, yerində baxış keçirib.
İgid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edən icra başçısı Adil kimi qəhrəman, cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Adilin xatirəsinin daim əziz tutulacağını bildirib. Şəhərin mərkəzində şəhid həkimimizin adını daşıyacaq bulağın suyundan içən hər kəsin şəhidin ruhuna dua oxumaqla bərabər həm də onun haqqında məlumat əldə edəcəyini bildirib. Tikiləcək bulağın Adilin xatirəsini əbədiləşdirməklə yanaşı, gələcək nəsillərin vətənpərvər ruhda böyüməsi istiqamətində atılan uğurlu addım kimi qiymətləndirib.
Şəhid atası Qədir Əfəndiyev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib. Övladı Adil və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Bulağın tikilməsində əsas məqsədin Adil və onun kimi qəhrəman oğullarımızın adını yaşatmaq, gələcək nəsillərə ötürmək olduğunu qeyd edib.

Tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlu


Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinfinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinfini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda” və 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.          
44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz tutmaq hər birimizin ən ümdə işidir. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Adil Əfəndiyevin əziz xatirəsini dərin ehtiramla yad edir, ruhu qarşısında baş əyirik. Ruhu şad, məkanı cənnət olan Şəhidim!.

Keçidlər