Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Vətən müharibəsi şəhidi gizir Elvin Orucovun qız övladının 1 yaşı ailəsi ilə birlikdə qeyd olunub

14 iyun 2021 | 16:00

Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 2020-ci ilin 27 sentyabrından başladı və 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Bu, elə bir tarixi Qələbə oldu ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında biz xalq olaraq dövlətimizin və şanlı Ordumuzun gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirdik. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq bizlərə 44 günlük Vətən müharibəsində hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə bir ömür boyu minnətdarıq. 
Azərbaycanın Vətən müharibəsində parlaq qələbə qazanmasında, torpaqlarımızın işğaldan azad olunmasında, işğalçı düşmənin torpaqlarımızdan qovulmasında qəhrəmancasına vuruşan və şəhid olan igid oğullarımızdan biri də gizir Orucov Elvin Rövşən oğludur.
Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn, ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilən, İkinci Qarabağ müharibəsində Qazaxın ilk şəhidi olan Elvin Orucovun bu gün qız övladı Elay Orucovanın 1 yaşı tamam olur.
Şəhidimizin ailəsini daim diqqətdə saxlayan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov övladının doğum günündə təbrik etməyi də unutmadı. Ölkə başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri qayğını əldə rəhbər tutan rayon rəhbəri Vətən müharibəsi şəhidi Elvin Orucovun övladının doğum günündə ailəsinin yanında oldu.
Bu gün rayon rəhbərliyinin tapşırığına əsasən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Məhəmməd Xəlilli şəhidimizin övladının doğum gününü ailəsi ilə birlikdə qeyd ediblər. Şəhidimizin övladına rayon rəhbərinin səmimi ürək sözlərini və təbriklərini çatdırıblar. Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib, igid qəhrəmanımızın əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı ordumuzun qazandığı tarixi Qələbədə payı olan Elvin Orucov kimi oğullarımızla hər birimizin fəxr etdiyini bildiriblər. Bu gün hər bir şəhidimizlə qürur duyduqlarını, onların Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqlarını qeyd ediblər. Dövlətimiz, ölkə başçısı, eləcə də rayon rəhbərliyi tərəfindən şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıblar. Şəhidlərimizin övladlarına sahib çıxmağın hər birimizin borcu olduğunu dilə gətiriblər.
Şəhidimizin anası Səidə Orucova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Nəvəsinin doğum günündə onu yad etdikləri və təbrikə gəldikləri üçün rayon rəhbərliyinə razılığını ifadə edib. Şəhidimizin xatirəsinin əziz tutulmasını, ailəsinə sahib çıxılmasını, daim yad olunmasını Elvinin timsalında bütün şəhid ailələrinə olan qayğının bariz nümunəsi kimi dəyərləndirib.

 

Keçidlər