Qazaxda kənd təsərrüfatının və əkin sahələrində aparılan suvarılmanın mövcud vəziyyəti müzakirə olunub
İyunun 18-də Qazax Rayon İcra Hakimiyyətində rayonun içməli və suvarma suyunun, eləcə də kəndlərdə əkin sahələrində aparılan suvarılmanın mövcud vəziyyətinə dair iclas keçirilib. İcra aparatının məsul işçilərinin, Rayon İcra Hakimiyyəti başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndələrinin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həmid Pənahovun, Rayon Suvarma Sistemləri İdarəsinin rəisi Məhəd Vəkilovun, Ağstafaçay Hidroqovşağının İstismarı İdarəsinin rəisi Rövşən Lətifovun, Sudan İstifadə Birliklərinin (SİB) nümayəndələrinin iştirakı ilə keçirilən iclasda barama tədarükünün, arpa biçininin, subartezian quyularının və kəndlərdə əkin sahələrində aparılan suvarılmanın mövcud vəziyyəti müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək keçirilən iclasın məqsəd və əhəmiyyətindən danışıb. Xüsusilə də havaların quraq keçməsi səbəbindən “Ağstafaçay”, “Coğazçay” və “İncəçay” su anbarlarında suyun səviyyəsinin aşağı olması ilə əlaqədar rayonun kəndlərində içməli və suvarma suyunun verilməsindəki mövcud vəziyyətdən söz açıb. Rayon rəhbəri bu gün rayonda su məsələsi ilə bağlı yaranan mövcud vəziyyəti nəzərə alaraq vətəndaşların müraciətlərinə daha həssas yanaşmağı, hazırki durumu onlara izah etməyi bildirib və bununla bağlı aidiyyatı üzrə tapşırıqlarını verib. İcra başçısı sakinləri narahat edən hər bir məsələyə daha operativ şəkildə baxılmasını, yaranmış vəziyyətlə bağlı həlli mümkün olan nə varsa edilməsini vurğulayıb. Sudan qənaətlə istifadə olunmasını, bunun üçün istər pay torpaq sahələrinin, istərsə də həyətyanı sahələrin suvarılması zamanı növbəlilik qrafikinə ciddi əməl edilməsini, vətəndaşların hüquqlarının pozulmamasını bildirib. Əldə olan imkanlardan bütün vətəndaşların səmərəli şəkildə istifadə etmələri üçün lazımi tədbirlərin görülməsini qeyd edib. Qazax Rayon İcra Hakimiyyətinin, Qazax Dövlət Aqrar İnkişaf Mərkəzinin, Rayon Suvarma Sistemləri İdarəsinin, Sudan İstifadə Birliklərinin, RİH başçısının kənd İnzibati Ərazi Dairələri üzrə nümayəndəliklərinin əməkdaşlarından ibarət xüsusi Qərargahın və işçi qrupunun yaradıldığını, suvarma suyundan səmərəli istifadə etmək, suvarılmanın su itkisinə yol verilmədən aparılmasını yoxlamaq məqsədilə reydlərin keçiriləcəyini, növbəlilik prinsipinə ciddi şəkildə daim nəzarət edilməsini bildirib. İcra başçısı su ilə bağlı yaranmış vəziyyətin aradan qaldırılması üçün rayonda fəaliyyət göstərən subartezian quyularının daim işlək vəziyyətdə olması ilə bağlı məqsədyönlü işlərin görüldüyünü də diqqətə çatdırıb. Bu gün ölkə rəhbərinin diqqət və qayğısı sayəsində imzaladığı müvafiq Sərəncamlarla rayon ərazisində 191 ədəd suabartezian quyusunun kənd sakinlərinin istifadəsində olduğunu, əkin sahələrinin suvarılmasında həmin quyuların böyük əhəmiyyət daşıdığını söyləyib. Vətəndaşlar tərəfindən subartezian quyuları bağlı müraciətlərə dərhal reaksiya verilməsini, aidiyyəti təşkilatlar tərəfindən yerində baxış keçirilməsini və həlli istiqamətində lazımi tədbir görülməsini qeyd edib. Bundan əlavə, təmirə ehtiyacı olan subartezian quyularında görülən işlərə, verilən tapşırıqlara ciddi əməl olunmasını, daim nəzarətdə saxlanılmasını vurğulayıb.
Rayon rəhbəri qeyd edib ki, ildən-ilə genişləndirilən əkin sahələrinin, xüsusilə də məhsuldarlığın artırılmasının başlıca əsas səbəblərindən biri bitkilərin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunmasıdır. Son illər rayonda mövcud olan suvarma arx və kanalların təmir olunması, kol-kosdan və lildən təmizlənməsi bu istiqamətdə görülən məqsədyönlü işlərdir və bu da öz bəhrəsini verir. Bu məqsədlə son 5 ildə rayonda 1507,47 km məsafədə təmizlik işi aparılmışdır ki, bunun da 689,6 km-i texnika vasitəsilə, 817,87 km-i isə əl əməyi ilə təmizlənmişdir.
İclasda barama tədarükünün, arpa biçininin mövcud vəziyyəti də müzakirə edilib. Bildirilib ki, cari mövsümdə 4,4 ton yaş barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilən 110 qutu barama qurdu kəndlər üzrə barama yetişdirən kümçülərə paylanılıb ki, artıq kümçülər barama tədarükünü həyata keçirirlər. Bu günədək "Azəripək” MMC-yə 4148,6 kq barama təhvil verilib.
Qeyd edilib ki, 2021-ci ildə Qazaxda 10082,50 hektar sahədə taxıl əkilib ki, bunun da 5601 hektarı buğda, 4481,5 hektarı arpa sahəsidir. Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da arpa biçini uğurla davam edir. Bu günə kimi 4481,5 hektar arpa sahəsinin 2526 hektarında biçin aparılıb. Hələlik hər hektardan orta məhsuldarlıq 30,73 sentner təşkil edir.
Sonda rayon rəhbəri istər suvarma, istərsə də digər məsələrlə bağlı kəndlərdəki mövcud vəziyyəti öyrənmək üçün kənd icra nümayəndələrini və Sudan İstifadə Birliklərinin sədrlərini dinləyib. Qeyd olunan məsələlərlə bağlı görülən işlərdə daha məsuliyyətli olmalarını qeyd edib, bəzi tapşırıq və tövsiyələrini verib, irad və xəbərdarlıqlarını bildirib.