Şəhid Elvin Namazovun ad günü qeyd olunmuşdur
Bu ilin aprel ayında düşmənə qarşı döyüşlərdə Qazax rayonunun verdiyi 3 şəhiddən biri də baş leytenant Namazov Elvin Məmməd oğludur. Bu gün onun 26 yaşı tamam olacaqdı. Bununla əlaqədar şəhidin uyuduğu Yuxarı Salahlı kənd qəbiristanlığında, şəhidin məzarı önündə tədbir keçirilmişdir. Tədbirdə şəhidin doğmaları, döyüş yoldaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri, KİV nümayəndələri iştirak etmişdir.
Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov çıxış edərək Elvinin keçdiyi şanlı döyüş yolundan, onun mübarizliyindən, Azərbaycan Silahlı Qüvvələrinin Elvin kimi igidlərin sayəsində aprel döyüşlərində düşmənə sarsıdıcı zərbələr endirməsindən danışmışdır. Bildirmişdir ki, Elvinin keçdiyi döyüş yolu bir nümunədir. Onun xatirəsinə şəhərin H.Əliyev prospektində bulaq inşa olunmuşdur.
Sonra rayon Ağsaqqallar Şurasının sədri Xanqulu Süleymanov, AYB Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, polis şobəsinin rəisi, polkovnik Natiq Həsənov, SHXÇDX Rayon şöbəsinin rəisi Vüqar Mirzəyev, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, Silahlı Qüvvələrin “Ehtiyyatda olan zabitlər” Konfederasiyasının Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov, hərbiçilər və başqaları çıxış edərək bildirmişlər ki, Elvinin xatirəsi həmişə əziz tutulacaq, ailə üzvləri daim dövlətin və insanlarımızın diqqətində olacaqdır.
Daha sonra şəhidin ruhuna dualar oxunmuş, ehsan süfrəsi açılmışdır.