Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Qazax Rayon Mərkəzi Xəstəxanasında səhiyyə işçiləri ilə görüşüb

22 iyun 2021 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbər kimi təyin olunduğu ilk gündən xüsusi diqqət göstərdiyi, mütəmadi olaraq qayğı ilə yanaşdığı sahələrdən biri də məhz səhiyyə sahəsidir. Rayon rəhbərinin bu sahəyə olan diqqətinin ən bariz nümunəsi səhiyyə müəssisələrində olması, vətəndaşlara göstərilən xidmətlərlə maraqlanmasıdır.
Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyətində baş mühəndis İmran İsmayılovla birlikdə Rayon Mərkəzi Xəstəxanasında olub, səhiyyə işçiləri ilə görüşüb, xəstəxanadakı mövcud vəziyyətlə, vətəndaşlara göstərilən xidmətlərlə maraqlanıb.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində qazanılan uğurlardan danışan icra başçısı Azərbaycan dövlətinin səhiyyənin inkişafına böyük qayğı göstərdiyini qeyd edib. Son illər ölkəmizdə səhiyyə sahəsinə göstərilən dövlət qayğısından söz açan icra başçısı bunun bariz nümunəsi olaraq ötən il martın 3-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilən Qazax Rayon Mərkəzi Xəstəxanasını göstərib.
İcra başçısı koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycanda həyata keçirilən təxirəsalınmaz tədbirlərdən də danışıb. Respublika Prezidenti İlham Əliyevin atdığı qətiyyətli addımlar, xalqımıza göstərdiyi diqqət və qayğı sayəsində bu gün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə koronavirus pandemiyasının geniş yayılmasının qarşısının alınması istiqamətində görülən bütün işlərin məhz vətəndaşların sağlamlığının qorunmasına yönəldiyini vurğulayıb. İcra başçısı bildirib ki, ölkə rəhbəri İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın yanında olması, ölkə vətəndaşlarına çağırışlar etməsi bir daha onu sübut edir ki, Azərbaycanda vətəndaş amili, xüsusilə də onların sağlamlığı və təhlükəsizliyi hər zaman prioritet sahə olub və bundan sonra da olacaq. İcra başçısı Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə pandemiya ilə mübarizə sahəsində həyata keçirilən işlərə hər birimizin dəstək olmalı, verilən tapşırıq və tövsiyələrdən nəticə çıxarmalı, ən əsası da ümumrespublika işində hər kəsin səfərbər olmalı olduğumuzu qeyd edib.
Rayon rəhbəri pandemiya ilə mübarizə tədbirləri çərçivəsində həyata keçirilən vaksinasiya prosesinin vətəndaşların sağlamlığı üçün vacib mərhələ olduğunu və ümumrayon işində hər bir vətəndaşın üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb. İcra başçısı pandemiya ilə bağlı aparılan mübarizə tədbirlərinə, ölkəmizdə elan edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu bildirib. Hər kəsə üzərinə düşən işin məsuliyyətini dərk etməyi tövsiyə edib.
İcra başçısı qeyd edib ki, son aylarda COVID-19 infeksiyasına yoluxma hallarının sayında əhəmiyyətli azalma və ümumi epidemioloji vəziyyətin müsbətə doğru dəyişməsi həyata keçirilən səmərəli tədbirlərin təzahürüdür. 2021-ci ilin əvvəlindən həyata keçirilməsinə başlanmış vaksinasiya prosesinin uğurla davam etdirilməsinin nəticəsidir ki, xüsusi karantin rejimi çərçivəsində tətbiq olunmuş bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına əlavə imkanlar yaradır. Nazirlər Kabineti yanında Operativ Qərargahın 2021-ci il iyulun 1-dən bir sıra şərtlər nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar qəbul etməsi bu dediklərimizin əyani sübutudur.
İcra başçısı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da əhalinin peyvənd olunması prosesinin uğurla davam etdiyini bildirib. Vaksinasiya prosesi başlandığı gündən indiyədək rayon üzrə vətəndaşlara 70 min 741 doza vaksin vurulduğunu, birinci doza vaksin vurulmuş şəxslərin sayının 40 min 174 nəfər, ikinci doza vaksin vurulmuş şəxslərin sayının isə 30 min 567 nəfər olduğunu vurğulayıb. Vaksinasiya prosesinin bundan sonra da uğurla davam etdirilməsi üçün hər kəsin var qüvvə ilə çalışmalı olduğunu söyləyib.
Rayon rəhbəri dövlət başçısının bütün sahələrdə şəffaflığın təmin olunması, xüsusilə də rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə sahəsində məqsədyönlü işlərin görülməsi istiqamətində verdiyi tapşırıq və tövsiyələrin son illər Qazax rayonunda da birmənalı şəkildə icra olunduğunu bildirib. Bu sahənin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib. Rayon rəhbəri bu cür halların hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən də daim nəzarətdə saxlanıldığını diqqətə çatdırıb.
“Səhiyyə sahəsi xidmət sahələri arasında öncül yerdə dayanır”, - deyən icra başçısı bu sahənin istər nizam-intizamda, istər səliqə-sahmanda, istərsə də vətəndaşlara göstərilən diqqət və qayğıda hər zaman nümunə olduğunu bildirib. Yüksək şəraiti olan xəstəxanada vətəndaşlara yüksək səviyyədə xidmət göstərilməli olduğunu diqqətə çatdırıb. Rayonda səhiyyə sahəsinin inkişaf etməsi, vətəndaşlara yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün yeni xəstəxanada hər cür şərait yaradıldığını qeyd edib. Bundan sonra da böyük səylə çalışmalarını bildirən rayon rəhbəri tibb işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru Sevda Məmmədova səhiyyə sahəsinə göstərdiyi qayğıya görə dövlət başçısı İlham Əliyevə rəhbərlik etdiyi kollektiv adından təşəkkürünü çatdırıb. Hər zaman onların qayğıları ilə yaxından maraqlanan rayon rəhbərliyinə minnətdarlıq edib. Dövlətin səhiyyə işçilərinə olan qayğısını bundan sonra da öz əməli işləri ilə doğrultmağa çalışacaqlarını bildirib.

 

Keçidlər