Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi qazisinin təltif olunduğu medalı müalicə aldığı xəstəxanada təqdim edib

26 iyun 2021 | 16:00

İyunun 25-də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin, iştirakçılarının, o cümlədən Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlunun  təltif olunduqları orden və medalların bir qismi onların ailə üzvlərinə, övladlarına və özlərinə təqdim olundu.
Bu gün  Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi qazisi, Qazax şəhər sakini, Musayev Kənan Nadir oğlunun ölkə Prezidenti İlham Əliyevin müvafiq tarixli Sərəncamına əsasən təltif olunduğu “Cəsur döyüşçü” medalını müalicə aldığı xəstəxanada ona təqdim edib.
İcra başçısı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax rayon şöbəsinin rəisi Tural Məmmədov, aparatın məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Qazax Rayon Mərkəzi Xəstəxanasında olub, 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi qazisinə səmimi ürək sözlərini çatdırıb. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgəri olan qazi Kənan Musayevi əlamətdar gün münasibətilə təbrik edən icra başçısı onun kimi bütün qazilərimizlə fəxr etdiyini bildirib. Səmimi ürək sözlərini və arzularını çatdıran rayon rəhbəri qazilərimizə olan qayğının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini bildirib.
Qazimizin anası Məhəbbət Məmmədova şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Əlamətdar bir gündə övladının yanında olan rayon rəhbərliyinə təşəkkür edib. Dövlətin qayğısını hər zaman hiss etdiklərini qeyd edərək bugünkü görüşü də həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.
Məlumat üçün qeyd edək Musayev Kənan Nadir oğlu ölkə Prezidentinin 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə də təltif olunub.

Keçidlər