İcra başçısı Körpələr Evi-Uşaq bağçalarında olub və uşaqlara göstərilən qayğı ilə maraqlanıb
Heç kəsə sirr deyil ki, ölkəmizdə Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uşaq və yeniyetmələrə, gənclərə hərtərəfli dövlət qayğısı göstərilir. Son illər ölkə başçısının rəhbərliyi ilə uşaq problemlərinin həllinə yönəlmiş çoxsaylı dövlət proqramlarının qəbul edilməsi və bu istiqamətdə həyata keçirilən işlər bir daha sübut edir ki, bu sahə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ölkə rəhbərinin uşaqlara olan yüksək diqqət və qayğısını körpə balalar haqqında söylədiyi fikirlər də aydın şəkildə özündə əks etdirir. "Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir. Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”, - deyən ölkə başçısı bu siyasətin uğurla davam etdirilməsi üçün var qüvvəsi ilə çalışır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş uşaq siyasətinin ölkə başçısı və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilməsinin bariz nümunəsi son illər respublikamızın bütün bölgələrində yeni məktəblərin, körpələr evi-uşaq bağçalarının inşası ilə bağlı imzalanan çoxsaylı Sərəncamlarda da təzahür edir.
Ölkə rəhbərinin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı verdiyi tapşırıq və tövsiyələr ölkəmizin hər yerində olduğu kimi, Qazaxda da uğurla icra edilir. Rayonda uşaqlara göstərilən diqqət və qayğının əyani sübutu yeni tikilən uşaq bağçalarının sayının ildən-ilə artmasıdır. Rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması bu sahədə olan inkişafın göstəricisidir. Təqdirəlayiq hal isə odur ki, Qazaxda rayon rəhbərliyi tərəfindən bütün sahələrdə olduğu kimi, gələcəyimiz olan uşaqlara göstərilən diqqət və qayğı da yüksək səviyyədədir. İlk gündən bağçalarda yaradılan şərait, uşaqlara verilən ərzaqların keyfiyyətinə xüsusi həssaslıqla yanaşılması bu dediklərimizin bariz nümunəsidir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhər 3 və 6 saylı, Kosalar kənd 1 və 2 saylı Körpələr Evi-Uşaq bağçalarında, Kosalar kənd 3 saylı Uşaq bağçasında olub. Körpələr üçün yaradılan şəraitlə, uşaqların davamiyyəti, tibbi müayinə olunmaları, ərzaq təminatının mövcud vəziyyəti ilə maraqlanıb.
Rayon rəhbərliyinə Pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tələblərinə, bağçalarda təmizlik və dezinfeksiya işlərinin aparılmasına, hər gün işçi heyətin və uşaqların temperaturunun ölçülməsinə, sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl edildiyi bildirilib.
Bağça müdirləri ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya rəhbərlik etdikləri kollektivlər və valideynlər adından minnətdarlıqlarını bildiriblər. Rəhbər təyin olunduğu ilk gündən körpə balalara göstərdiyi səmimi münasibətə görə rayon rəhbərliyinə sonsuz təşəkkürlərini çatdırıblar.
Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçası
Qazax şəhər 6 saylı Körpələr Evi-Uşaq bağçası
Kosalar kənd 1 saylı Körpələr Evi-Uşaq bağçası
Kosalar kənd 2 saylı Körpələr Evi-Uşaq bağçası
Kosalar kənd 3 saylı Uşaq bağçası