Qazaxda daha üç Vətən müharibəsi şəhidinin təltif olunduqları orden və medallar ailə üzvlərinə təqdim olunub
Ötən ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsi Azərbaycanın hərb tarixinin ən şanlı səhifəsi kimi əbədi olaraq yaddaşımıza yazıldı. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz tarixi torpaqlarımızı işğaldan azad etdi, ərazi bütövlüyümüz bərpa olundu. Bu gün hər bir azərbaycanlı tarixi Qələbənin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyevə, şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərinə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlıqlarını itirən qazilərimizə minnətdardır.
İyunun 25-də 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Vətən müharibəsi şəhidlərinin, iştirakçılarının, o cümlədən Tovuz döyüşlərində şəhid olmuş 1 hərbi qulluqçu - mayor Əhmədov Namiq Hajan oğlunun təltif olunduqları orden və medalların bir qismi onların ailə üzvlərinə, övladlarına və özlərinə təqdim olundu.
Bu gün isə daha üç Vətən müharibəsi şəhidinin – Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun, Ürkməzli kənd sakini, gizir Nağıyev Anar Sahib oğlunun təltif olunduqları “Qarabağ” ordeni, Xanlıqlar kənd sakini, çavuş Əliyev Timur Nurəddin oğlunun təltif olunduğu "Vətən uğrunda" və “Döyüşdə fərqlənməyə görə” medalları ailə üzvlərinə təqdim edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qazax Rayon Şöbəsinin rəisi Tural Məmmədov və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri hər üç şəhidimizin evində olub, ailə üzvləri ilə görüşüb, orden və medalları sahiblərinə çatdırıblar.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və başqaları xalqımızın 30 illik yurd həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan və onun rəhbərlik etdiyi Azərbaycan Ordusunun müsəlləh əsgər və zabitlərinin 44 günlük Vətən müharibəsində böyük şücaət göstərdiklərini vurğulayıblar. 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu qeyd ediblər. Dövlətimiz, ölkə başçısı və rayon rəhbərliyi tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin bundan sonra da daim diqqət mərkəzində saxlanılacağını vurğulayıblar.
Şəhid baş leytenant Nəbi Hüseynovun atası Hacıbala Hüseynov, şəhid gizir Anar Nağıyevin anası Məlahət Nağıyeva, şəhid çavuş Timur Əliyevin atası Nurəddin Əliyev övladları ilə fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları orden və medalları qəbul etməyin qürurverici olduğunu qeyd ediblər. 30 illik həsrətə son qoyaraq Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü söyləyiblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.
Məlumat üçün qeyd edək ki, bu günə kimi Vətən müharibəsində şəhid olmuş 50 nəfər hərbi qulluqçudan 49 nəfəri 177 orden və medallarla təltif olunub.
“Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunmuş, Birinci Şıxlı kənd sakini, baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun ailəsi
"Qarabağ” ordeni, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Ürkməzli kənd sakini, şəhid gizir Nağıyev Anar Sahib oğlunun ailəsi
“Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Xanlıqlar kənd sakini, şəhid çavuş Əliyev Timur Nurəddin oğlunun ailəsi