Qazax rayonunda indiyədək vətəndaşlara 81 min 822 doza vaksin vurulub
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi davam edir.
Rayon mərkəzi xəstəxanasının həkim heyəti rayon mərkəzi ilə yanaşı kənd yaşayış məntəqələrində də əhalinin səyyar şəkildə vaksinasiyadan keçməsini həyata keçirir. Vaksinasiya prosesi başlandığı gündən indiyədək rayon sakinlərinə 81 min 822 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 43 min 614, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 38 min 208 nəfərdir.
Qeyd edək ki, əhalinin peyvənd olunması məhz onların sağlamlığının qorunmasına, gələcəkdə həyatın öz axarına düşməsinə xidmət edir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar.