Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun doğum gününü ailəsi ilə birlikdə qeyd edib

17 iyul 2021 | 16:00

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun şücaəti sayəsində ötən ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını da bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar Vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız 44 günlük müharibə Azərbaycan xalqının Vətənə necə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandanın qətiyyətli addımlarını, müdrik siyasətini dəstəkləyən xalqımız 30 ilə yaxın bir dövr ərzində davam edən amansız erməni işğalına qarşı aparılan müharibədə öz rəhbərinin ətrafında yumruq kimi birləşdi, mərd oğullarımız könüllü olaraq Vətənin müdafiəsinə qalxdılar.
Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğludur.
Bu gün yaşasaydı 23 yaşını qeyd edəcəkdi Qazaxın igid oğlu Xaliddin Nəsibov. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş igid Vətən oğlunun doğum gününü bu gün təkcə ailəsi deyil, yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edir.
Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri dövlət qayğısını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, onların əziz xatirələrini ehtiramla anır.
Ənənəsinə sadiq qalan rayon rəhbəri 44 günlük Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun cənnətdəki ilk doğum gününü ailəsi ilə birlikdə qeyd edib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, müavin-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, həmin şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli, Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva, döyüş yoldaşları və ailə üzvləri ilə birlikdə şəhidimizin dəfn olunduğu Qarapapaq kənd qəbiristanlığında məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla anıb.
Şəhidimizin ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar Xaliddinin doğulub boya-başa çatdığı ata ocağında olub, Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.
Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışan rayon rəhbəri həmin zəfərdə payı olan Xaliddin kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Rayon rəhbəri Şəhidlik zirvəsinə ucalan Xaliddin tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağını vurğulayıb.
“Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğı hər birimiz üçün örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını söyləyib.
Milli Məclisin deputatı Ülviyyə Ağayevanın köməkçisi Arzu Musayeva millət vəkilinin səmimi ürək sözlərini çatdırıb, şəhidimizin əziz xatirəsini dərin ehtiramla yad edib. Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərdiyi diqqət və qayğının hər birimiz üçün örnək olduğunu bildirib. Bizlərə böyük tarixi Qələbəni bəxş edən bütün şəhidlərimizin xatirəsinin hər zaman əziz tutulacağını, onların daim qəlblərdə əbədi yaşayacaqlarını dilə gətirib. Şəhidimizin doğum günündə bugünkü ziyarətin də həmin diqqət və qayğının davamı olduğunu qeyd edib.
Şəhid atası Vaqif Nəsibov hər zaman onlara göstərilən diqqət və qayğıya görə şəhid ailəsi kimi razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladının doğum günündə onun xatirəsinin yad olunmasını Xaliddinin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşənin qarşısında dayanan qəhrəmanımızın anası Sevda İsmayılova da övladı ilə fəxr etdiyini, şəhid anası adını qürurla daşıdığını bildirir. Sevda ana qeyd edir ki:
- Bu gün oğlumun cənnətdəki ilk doğum günüdür. O, bizimlə olmasa da daim qəlbimizdə yaşayır. Bir an olsun belə ağlımızdan çıxmır. Hara baxsam Xaliddinin siması dayanır gözlərim önündə, qəhrəmanlığı, Vətənə olan sevgisi, general olmaq arzusu və daha nələr-nələr... Oğlumun general olmaq arzusu yarımçıq qalsa da, o, daha uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldı. Şəhadəti ilə yenə də könülləri fəth etdi. Xaliddin təkcə mənim övladım deyil, indi bütöv Azərbaycanın, doğulub boya-başa çatdığı Qazaxın övladı oldu...
Bəli, bu gün hər birimiz torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş Xaliddin Nəsibov kimi oğullarımızla fəxr edir, onların əziz xatirəsini daim uca tutur, ruhları qarşısında baş əyirik. Azadlıq, müstəqillik, qəhrəmanlıq simvolumuza çevrilən şəhidlərimiz hər zaman bizim qəlbimizdə əbədi yaşayacaqdır. Ruhun şad, məkanın cənnət olsun igid Vətən oğlu!.

 

 

Keçidlər