Qazax rayonunda təhsil işçilərinin ənənəvi konfransı keçirilmişdir
Konfransda müxtəlif dövlət və qeyri-hökümət təşkilatların nümayəndələri, rayonun ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin rəhbərləri və müəllimlər iştirak etmişlər.
Əvvəlcə, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdir.
Gənclər Mərkəzində keçirilən konfransı giriş sözü ilə Qazax rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq konfrans iştirakçılarını və qonaqları salamlamış, təhsil işçilərinə qarşıdan gələn yeni dərs ilində uğurlar arzulamışdır. Cənab başçı müstəqil Azərbaycan dövlətinin Ümummilli Lider Heydər Əliyevin siyasi təcrübəsi və müdrikliyi sayəsində formalaşdığını bildirmiş və Ulu Öndərin hər zaman təhsil sahəsinə diqqətlə yanaşdığını nəzərə çatdırmışdır. Ölkə Prezidenti İlham Əliyev cənabları və Azərbaycan Respublikasının birinci xanımı, Milli Məclisin deputatı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva tərəfindən Azərbaycan təhslinin, elminin inkişafına göstərilən qayğıdan danışan cənab Rəcəb Babaşov respublikada, o cümlədən rayonlarda əlverişli təlim mühitinin yaradılması istiqamətində çox mühüm işlərin görüldüyünü və təhsilin prioritet élan edildiyini söyləmişdir.
Giriş sözündən sonra məruzə üçün söz Rayon Təhsil şöbəsinin müdiri Nizaməddin Babanlıya verilmiş və o, “2015-2016-cı tədris ilinin yekunları və 2016-2017-ci tədris ilinə hazırlıqla əlaqədar qarşıda duran vəzifələr” barədə məruzə etmişdir. Ötən dərs ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Bildrimişdir ki, ölkəmizin sürətli inkişafı geniş miqyaslı layihələrin, o cümlədən təhsil sistemində yeni inkişafyönümlü proqram və layihələrin həyata keçirilməsini təmin etmişdir.
Cənab Prezident tərəfindən təsdiq edilmiş Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası təhsil sisteminin inkişfına diqqət və qayğının təzahürü olaraq hər bir təhsil işçisinin qarşısına mühüm vəzifələr qoymuşdur. Təhsil sahəsində aparılmış islahatlar bilavasitə dövlət başçısı tərəfindən yürüdülən sosial-iqtisadi siyasətlə bağlı olmuşdur.Təhsilin infrastrukturunun müasirləşdirilməsi istiqamətində önəmli işlər görülmüş, onun normativ hüquqi bazası təkmilləşdirilmiş maddi-texniki təminatı istiqamətində geniş tədbirlər həyata keçirilmişdir.Təhsil müəssisələrinin şəbəkəsi daha da genişləndirilmiş, təhsil işçilərinə diqqət və qayğı artırılmışdır.
2004-cü ildən hazırkı dövrədək rayonda 22 məktəb binası tikilib istifadəyə verilmişdir. 4 məktəbdə bərpa quruculuq işləri görülmüş, 3 məktəbdə əlavə sinif otaqları tikilib istifadəyə verilmişdir.
2016-cı ildə məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə 220 şagird yerlik müasir tipli məktəb binası hər cür texniki avadanlıq və inventarla təmin olunmuşdur. Yuxarı Salahlı kənd tam orta məktəbin binasında əsaslı təmir işləri başa çatdırılmış və cari dərs ilinin əvvəlindən şagirlər yeni sinif otaqlarında təhsil alacaqlar. Rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına Çaylı kənd 1 saylı tam orta məktəbdə əsaslı təmir işləri başa çatmaq üzrədir.
Şəhər 1, 3 və 5 saylı tam orta, rayonun Xanlıqlar, Hüseynbəyli , Ağköynək kənd tam orta və Fərəhli kənd ümumi orta məktəblərində cari təmir işləri aparılmışdır.
2016-cı ildə Rayon Təhsil Şöbəsinin tabeliyində 34 tam orta, o cümlədən 1 məktəb-lisey, 6 ümumi orta, 7 ibtidai məktəb və 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərmişdir. Ümumtəhsil məktəblərində 11439 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1743 müəllim məşğul olmuşdur.
“Ümumtəhsil məktəblərinin beşgünlük tədris həftəsinə keçirilməsi barədə” Təhsil Nazirliyinin əmrinə uyğun olaraq rayonun məktəblərində iş rejimi təkmilləşdirilmiş, 47 ümumtəhsil məktəbindən 46-sı bir növbədə, yalnız biri, Yuxarı Salahlı kənd tam orta məktəbi iki növbədə işləmişdir.
Rayon üzrə şagirdlərin 1 %-i, yəni 104 nəfər ikinci növbədə təhsil almışdır. Yeni dərs ilindən aparılmış əsaslı təmir işlərindən sonra Yuxarı Salahlı kənd tam orta məktəbində də ikinövbəlilik aradan qaldırılacaqdır.
Ötən dərs ili təhsil sisteminin informasiyalaşdırıması sahəsində Dövlət Proqramının icrası nəticəsində hər 20 şagirdə 1 kompyuter düşmüşdür. Rayonun 26 tam orta məktəbində internet şəbəkəsi fəaliyyət göstərmişdir.
2016-cı ilin yanvar ayında keçirilən fənn olimpiadalarının zona mərhələsinə 47 şagird vəsiqə qazanmışdır. Mart ayında həmin şagirdlər Gəncə şəhərində zona mərhələsində iştirak etmişlər. Onlardan 2 nəfəri Respublika mərhələsinə çıxmışdır. Aprel ayında Bakıda həmin şagirdlər final mərhələsində iştirak etmişlər. Qazax şəhər məktəb-liseyin XI sinif şagirdi Məmmədova Leyla Azərbaycan dili və ədəbiyyat fənnindən II yeri tutmuşdur. “Fövqalədə Hallar uşaqların gözü ilə” müsabiqəsinin Respublika mərhələsində Qazax şəhər ümumi orta məktəbin şagirdi Əliyeva Ülkər “Model” nominasiyasında III yerə çıxmış, Təhsil Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin Diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Qərb bölgəsi Kəpəz TV-nin təşkil etdiyi “Zirvə” bilik yarışmasında şəhər 4 saylı tam orta məktəbin komandası qalib gələrək finala çıxmışdır. Final yarışlarında II yeri tutmuş, qiymətli hədiyyə və diplomla mükafatlandırılmışdır.
“Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda keçirilən inşa yazı müsabiqəsinin Respublika mərhələsində Daş salahlı kənd 1 saylı tam orta məktəbin XI sinif şagirdi Bayramova Reyhan II yeri tutmuş, Təhsil Nazirliyinin Diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə əlaqədar olaraq geniş tədbirlər keçirilmişdir. Rayonun IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev uşaqların gözü ilə” şagirdlərin təqdimatı işində Hüseynbəyli kənd tam orta məktəbin X sinif şagirdi Zamanov İsmayıl I yeri tutmuşdur.
Azərbaycan Rabitə və Texnologiya Nazirliyinin “Azərpoçt” MMC Təhsil Nazirliyi ilə birlikdə məktəblilər arasında “Ən çox sevdiyim qəhrəman” mövzusunda keçirilən inşa yazı müsabiqəsində Daş Salahlı kənd 2 saylı tam orta məktəbin X sinif şagirdi Qurbanova Ayşən I yeri tutmuş, pul mükafatı və diplomla təltif olunmuşdur.
“Mən sabahın əsgəriyəm” inşa müsabiqəsində Qazax şəhər ümumi orta məktəbin IX sinif şagirdi Hüseynova Gülər I yeri tutmuşdur. VIII Beynəlxalq Rus dili və ədəbiyyatı olimpiadasında Qazax şəhər ümumi orta məktəbin VIII sinif şagirdi Bayramov Sənan I yer, Çaylı kənd 1 saylı tam orta məktəbin IX sinif şagirdi Vəlizadə Sənan II yer, şəhər ümumi orta mktəbin VIII sinif şagirdi Bayramov Kamil III yeri tutmuşdur.
Dərs ilinin sonunda IX siniflərin buraxılış imtahanlarında 927 şagirddən 918-i imtahanlarda iştirak etmişdir. Onlardan 602 nəfəri hər iki fəndən müsbət qiymət almışdır.
Müvəffəqiyyət 65 faiz, keyfiyyət 31 faiz olmuşdur. Bu ötən ilin göstəricisindən yüksəkdir. Ötən il müvəffəqiyyət 63 faiz, keyfiyyət 23 faiz olmuşdur.
XI siniflər üzrə imtahanlarda iştirak edən 846 şagirddən 506 nəfəri hər üç fəndən müsbət qiymət almışdır. Müvəffəqiyyət 60 faiz, keyfiyyət 32 faiz olmuşdur. Məzunların keyfiyyət göstəricisi ötən ilin göstəricisindən 8,5 faiz yüksəkdir.
IX siniflərin imtahanlarında şəhər 1 və 3 saylı, Məktəb-lisey, şəhər ümumi orta, Kommuna, Cəfərli, Orta Salahlı, Aşağı Əskipara, Yuxarı Əskipara və Alpout kənd tam orta məktəblərinin şagirdləri 8 faizdən artıq müvəffəqiyyət nəticəsi göstərmişdir. Respublika üzrə orta müvəffəqiyyət göstəricisi 67 faiz olmuşdur.
IX siniflər üzrə Xanbağı, Kosalar, Hüseynbəyli, Dəmirçilər, Sarıvəlli və Çaylı 2 saylı,Daş Salahlı 1 və 2 saylı kənd tam orta məktəblərin şagirdlərinin müvəffəqiyyət və keyfiyyət göstəriciləri aşağı olmuşdur.
Şəhər 2 saylı tam orta məktəbin məzunu Mirzəyev İlham və Məktəb-liseyin məzunu Məmmədova Leyla təhsillərini yüksək nailiyyətlərlə başa vurduqlarına görə Təhsil Nazirliyi tərəfindən “Qızıl medal”a layiq görülmüşlər.
Ali məktəblərə qəbul imtahanlarında Mirzəyev İlham 690 balla Azərbaycan Diplomatiya Akademiyasının kompyuter mühəndisliyi, Məmmədova Leyla 682 balla Bakı Dövlət Universitetinin hüquq fakultəsinə daxil olmuşdur. Canallı kənd tam orta məktəbin məzunu İsmayılova Səbinə isə respublika üzrə 700 bal toplayan 10 məzundan biri olaraq Azərbaycan Tibb Universitetinin müalicə işi fakultəsinə daxil olmuşdur.
XI siniflərin imtahanlarında şəhər 1, 2 və 3 saylı, Məktəb-lisey, Kommuna, Cəfərli, Sarıvəlli, Xanbağı və Yuxarı Əskipara kənd tam orta məktəblərinin göstəriciləri yüksək olmuşdur.
XI siniflər üzrə Daş Salahlı kənd 1 və 2 saylı, Hüseynbəyli, Quşçu Ayrım, Dəmirçilər, Kosalar, Birinci Şıxlı, Alpout, Aşağı Salahlı və Orta Salahlı kənd tam orta məktəblərinin məzunlarının nəticələri aşağı olmuşdur.
Məzunların son 5 ildə göstəriciləri aşağıdakı kimi olmuşdur.
Illər |
Məzunların sayı |
Sənəd verənlər |
Qəbul olanlar |
500-dən yuxarı bal toplayanlar |
600-dən yuxarı bal toplayanlar |
əvvəlki illərdən qəbul olanlar |
Cəmi |
% göstəricisi |
2012 |
809 |
534 |
247 |
25 |
7 |
65 |
312 |
46,2% |
2013 |
945 |
516 |
291 |
36 |
15 |
51 |
342 |
56% |
2014 |
864 |
519 |
277 |
44 |
7 |
29 |
306 |
53,37% |
2015 |
831 |
520 |
291 |
54 |
20 |
15 |
308 |
56% |
2016 |
846 |
506 |
295 |
58 |
19 |
24 |
319 |
58% |
2014-cü ildən ölkə Prezindenti İlham Əliyev cənablarının təşəbbüsü ilə reallaşan “Ölkəmizi tanıyaq” layihəsi məktəblilərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünya görüşünün formalaşdırılmasında mühüm rol oynamışdır. Ölkəmizin ayrı-ayrı bölgələrini, tarixi məkanlarını öz gözləri ilə görməsi şagirdlərdə ruh yüksəkliyi və iftixar hissinin aşılanmasında əsas amillərdən biridir. 2015-ci ilin noyabr ayında rayonumuzun şagirdlərinin Lənkəran bölgəsinə ekskursiyası onların mənəvi zənginliyini daha da artırmışdır.
Yeni dərs ilində 1-ci sinifə gələcək rayonun sərhədyanı kəndlərinin məktəblərində zəifimkanlı ailələrdən olan 50 şagirdə Təhsil Nazirliyi tərəfindən məktəb ləvazimatları və geyim əşyaları hədiyyə edilmişdir.
Ötən dərs ili 42 nəfər sağlamlıq imkanları məhdud olan uşaqların evlərdə fərdi təhsilə cəlb edilməsinə onlara aylıq dövlət müavinətlərinin vaxtında ödənilməsinə nəzarət gücləndirilmişdir.
Sonra Qazax şəhər 1 saylı tam orta məktəbin direktoru Bəsti Ələkbərova, Qazax şəhər 5 saylı tam orta məktəbin direktoru Nəsibə Tağıyeva, Qazax şəhər 3 saylı tam orta məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədova və Daş Salahlı kənd 1 saylı tam orta məktəbin direktoru Söylü Xəlilova çıxış etmişlər. Məruzə ətrafında müzakirələr aparılmış, müxtəlif rəy və təkliflər səsləndirilmişdir.
Sonda konfransın qərar layihəsi qəbul olunmuş, Şuranın tərkibi seçilmiş, konfrans iştirakçıları adından ölkə prezidenti İlham Əliyev cənablarına Müraciət qəbul olunmuşdur.
Bununla da konfrans öz işini başa çatdırmışdır.
Konfransın işində Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Əhliyyət Adıgözəlov iştirak etmişdir.