Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda icra başçısı ailə həyatı quran Vətən müharibəsi iştirakçısı Novruz Kosayevi təbrik edib

26 iyul 2021 | 16:00

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin "İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa etmək üçün ön cəbhədə döyüşən hərbçilərimizə, əsgərlərimizə, Vətən uğrunda canından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə diqqət ayırmaq, qayğı göstərmək, sahib çıxmaq kimi amillər Qazaxda hər zaman ön planda olub və bu gün də olmaqdadır.
Ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, yaralılarımıza göstərdiyi qayğını əldə rəhbər tutan rayon rəhbərliyi fəaliyyətə başladığı ilk gündən hərbçilərimizə qayğı ilə yanaşır, şəhidlərimizin, yaralılarımızın ailələrini daim diqqətdə saxlayır.
44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbədə payı olan oğullarımızdan biri də Vətən müharibəsi iştirakçısı, Çaylı kənd sakini, yaralı əsgər Kosayev Novruz Cavanşir oğludur.
Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə sol diz nahiyəsindən qəlpə yarası almış Novruz Kosayev kimi oğullarımızla bu gün hər birimiz fəxr edirik.
Bu gün ölkə Prezidenti cənab İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Novruz Kosayevin ailəsində xoş gündür. İgid Vətən oğlu ailə həyatı qurur.
Rəhbər təyin olunduğu ilk gündən şəhid ailələrinə, qazilərimizə qayğı ilə yanaşan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yaralımızın xoş günündə də onun yanında olub.
Qazax Rayon İcra Hakimiyyəti başçısı  aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi, kapitan Samir Çobanovla, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Qazax Rayon Komitəsinin sədri Yasin Əkbərovla birlikdə N.Kosayevin toy mərasimində iştirak edərək ona səmimi ürək sözlərini çatdırıb.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində bizləri Qələbə ilə sevindirən Novruz Kosayevi ailə qurması münasibətilə təbrik edən icra başçısı ona yenicə qədəm qoyduqları həyatlarında xoşbəxtlik, ailə səadəti arzulayıb. Səmimi ürək sözlərini və arzularını çatdıran rayon rəhbəri gənclərin valideynlərinə bir daha gözaydınlığı verib.
Yaralımızın atası Cavanşir Kosayev şəhid ailələrinə, qazilərimizə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Övladının xoş günündə onların yanında olan rayon rəhbərliyinə təşəkkür edib. Dövlətin qayğısını hər zaman hiss etdiklərini qeyd edərək bugünkü gündə onların yanında olmalarını həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.

 

Keçidlər