Şriftin ölçüsü :

Saytın rəngi :

Elinə qürur yaşadan

29 iyul 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək Şəhidlik adlı uca zirvəyə yüksələn igidlərimizdən biri də qazaxlı əsgər Vəliyev Anar Həmzə oğludur. Əsgər Vəliyev də döyüş yoldaşları, silahdaşları ilə birlikdə vuruşaraq əzəli torpaqlarımızı sahiblərinə qaytardılar. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur.
Döyüşdə göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyev tərəfindən ölümündən sonra “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş igid şəhidimiz yaşasaydı, 19 yaşı tamam olacaqdı.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli şəhidimizin doğum günündə ailə üzvləri və yaxınları ilə birlikdə məzarını ziyarət edərək tər qərənfillər düzüb, igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Ata ocağında şəhid Anar Vəliyevin ailəsinə səbir diləyiblər. Şəhidimizin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olaraq Anar kimi cəsur oğullarımızın daim qəlblərdə yaşayacaqlarını söyləyib, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını bildiriblər.
Gulaya Həsənova Anar kimi cəsur, döyüşkən oğullarımızın göstərdikləri şücaətin yaddaşlara əbədi yazıldığını, illər keçsə də gələcək nəsillər üçün örnək olacağını, şəhidimizin ailəsinə göstərilən diqqət və qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb.
Şəhidimizin anası Fazilə Məmmədova öz ailəsinin, el-obasının adını uca edən qəhrəman övladı ilə fəxr etdiyini bildirib: “Anar hələ hərbi xidmətə getməzdən əvvəl söyləmişdi şəhid olacağını. Tək mənə deyil, qohumlarına, dostlarına da söyləmişdi. Anarın şəhid olacağını mən də yuxuda görmüşdüm. Axı, ana ürəyi həssas olur... Axırıncı dəfə övladımla şəhid olmamışdan 3 gün əvvəl, oktyabrın 8-də danışmışdıq. Məndən tək istəyi onu tanıyanlara salam söyləmək oldu. Oğlum ömrünün gözəl çağında uca məqama yüksəldi. Övlad acısı nə qədər acı olsa da, bir o qədər də qürurludur. Bu gün Anarımla tək mən deyil, bütün el-oba fəxr edir”.
F.Məmmədova şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirdi.


Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
29 iyul 2021-ci il

Keçidlər