Rayonda yaşayan məcburi köçkünlərlə görüş keçirilmişdir
Rayonumuzda məcburi köçkünlər artıq 23-25 ildən çoxdur ki, öz dədə-baba yurdlarını tərk edərək ayrı-ayrı yaşayış massivlərində, ictimai binalarda məskunlaşmışlar. Zaman-zaman onların qarşılaşdıqları problem və çatışmazlıqlar həll olunsa da, istənilən səviyyədə deyildi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov vəzifəyə təyin olunduğu ilk gündən məcburi köçkünlərə daha böyük diqqət və qayğı göstərir, onların qarşılaşdıqları çatışmazlıqları aradan qaldırır. “Siz ən böyük diqqət və qayğıya layiqsiniz” - deyən İcra Başçısı mütəmadi olaraq məcuri köçkünlərlə görüşlər keçirir, daima onların yanında olur. Bunu keçirilən görüşlər zamanı məcburi köçkünlər də öz çıxışlarında dəfələrlə qeyd etmişlər. “Biz indiyə qədər bu qədər diqqət və qayğı ilə təmin olunmamışdıq” - söyləyərək öz minnətdarlıqlarını bildirirlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov rayon ərazisində məskunlaşmış məcburi köçkünlərlə tez-tez görüşlər keçirmişdir. Rayonun Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə keçirdiyi ilk görüşdə rayon rəhbərliyi görüş iştirakçılarını salamladıqdan sonra Qazaxda aparılan tikinti-quruculuq işlərindən danışmışdır. Qeyd etmişdir ki, illərdən bəri yığılıb qalmış problemlər tədricən öz həllini tapır. Yol, su, sərhəd bölgəsindəki əhalinin təhlükəsizliyi və digər problemlər artıq öz müsbət həllini tapmışdır. Canalı və Kosalar kəndlərinə asfalt yol çəkilişi başa çatmaq üzrədir. Rayonun ünvanını bildirən Obeliskdə, məşəl və Bayraq Meydanlarında əsaslı işlər görülərək yenidən qurulur. Qazaxbəyli və Ürkməzli kəndlərinə içməli su xətləri çəkilmişdir.
Rayon ərazisindəki şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin evlərində təmir-bərpa və tikinti işləri aparılır. Həmçinin rayon ərazisindəki Şəhidlər Xiyabanlarının əksəriyyəti əsaslı şəkildə təmir olunmuşdur. Bir çoxlarında isə hal-hazırda işlər aparılır. Aprel döyüşlərindəki şəhidlərin xatirəsinə bulaqlar tikilir. Rayonun girişində təyyarə abidə kompleksi inşa olunur. Gördüyümüz işləri sadalamaqla qurtaran deyil. Onların bir çoxları başa çatdırılmış, bəzilərində isə işlər davam etdirilir.
Mən bu gün bura sizi narahat edən məsələləri öyrənmək və həll etmək üçün gəlmişəm. 1 və 8 nömrəli binaların zirzəmisinə su dolması xəbərini eşidəndə şəxsən mən özüm gəlib baxdım. Yaxın günlərdə bu problem əsaslı şəkildə həll ediləcəkdir. İşsizliyin aradan qaldırılması üçün də tədbirlər görürük. Qarşılaşdığınız çatışmazlıqları maksimum dərəcədə birlikdə həll edəcəyik.
Sonra görüş iştirakçıları söz alaraq öz arzu, təklif və problemlərini dilə gətirdilər. 102 yaşlı el ağsaqqalı Şamil Adıgözəlov onlarla görüşə gəldiyinə görə İcra başçısı cənab Rəcəb Babaşova qəsəbə sakinləri adından minnətdarlıqlarını bildirdi. Qəsəbə sakinlərindən Zərbəçi Xasayev, Elçin Məhərrəmov, Ramin Tağıyev, İslam Şəmilov, Reyhan İsmayılova, Aygün Bayramova, Yeganə Vəliyeva, Hüseyn Yunisov, Abbas Həsənov, Hüseyn Adıgözəlov və başqaları söz alaraq öz arzu və istəklərini bildirdilər.
Günün növbəti görüşü Xanlıqlar kəndində məcburi köçkünlərin məskunlaşdığı yaşayış massivində keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov görüş iştirakçılarını salamladıqdan sonra qeyd etdi ki, sizinlə gəlib görüşməyi mən özümə borc bildim. Düzdür, mövcud olan bütün problemlər mənə məlumdur. Lakin mən sizi narahat edən məsələləri sizin öz dilinizdən eşitmək istəyirəm. Bu məqsədlə də bu gün sizin yanınızdayam.
Görüşdə qeyd olundu ki, bu yaşayış massivində Yuxarı Əskipara, Barxudarlı və Aşağı Əskipara kəndlərindən olan 60 ailə məskunlaşmışdır. Məcburi köçkünlər adından el ağsaqqalı Firuddin Musayev çıxış edərək mövcud problemləri dilə gətirdi. Bildirdi ki, yaşadıqları əraziyə su çəkilsə də az gəlir. Bu da sakinləri təmin etmir. İcra Başçısı aidiyyatı idarə və müəssisə rəhbərlərinə görüşdən sonra burada qalıb problemi həll etməyi tapşırdı.
Eyni zamanda qeyd olundu ki, bu yaşayış massivində küçələr yararsız haldadır. İcra Başçısı yerindəcə səhər tezdən bu əraziyə çınqıl daşının tökülməsi və hamarlanması barədə göstəriş verdi. Görüşdə marşrutların pis işləməsi və əhalini təmin etməməsi fikri də səsləndi. Bu çatışmazlığın həlli barədə də İcra başçısı tərəfindən dərhal tapşırıq verildi. Qaldırılan məsələlərin yerindəcə həll edildiyindən razı qalan məcburi köçkünlər görüşün sonunda rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
Günün üçüncü görüşü N.Nərimanov yaşayış massivində məskunlaşmış məcburi köçkünlərlə oldu. Burada da rayon rəhbərliyi ilə sakinlər arasında işgüzar söhbətlər getdi. Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov bildirdi ki, çəkinmədən mənə vəziyyəti olduğu kimi deyin.
Sakinlərdən Aidə Məmmədova söz alaraq minnətdarlıq etdi. Dedi ki, siz mənim evimə gəldiniz və problemimi həll etdiniz. Görüşdə problemlərdən də söz açıldı.
Sakinlər içməli sudan korluq çəkdiklərini, yolun palçıqlı olduğunu, işıq xətlərinin təhlükə törətdiyini, marşrut avtobuslarının tələbatı ödəmədiyini bildirdilər.
İcra başçısı sakinləri diqqətlə dinlədikdən sonra aidiyyatı idarə və müəssisə rəhbərlərinə çatışmazlıqların aradan qaldırılması barədə ciddi tapşırıqlar verdi.
Günün sonuncu görüşü şəhərin “Göy bina” deyilən ərazisində məskunlaşmış məcburi köçkünlərlə oldu. Səmimi söhbət zəminində keçən görüşdə İcra başçısı sakinləri diqqətlə dinləyərək onların qaldırdıqları məsələlərin həll olunması istiqamətində aidiyyatı idarə, müəssisə rəhbərlərinə tapşırıqlar verdi.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşovun məcburi köçkünlərlə görüşləri davam edir.