Məhərrəm ayında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etmək hər birimizin borcudur
Hər kəsə yaxşı məlumdur ki, avqustun 10-da Hicri-qəməri təqviminə əsasən Məhərrəm ayı başlayır. Hicri-qəməri təqvimi ilə 1442-ci il başa çatır, yeni 1443-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə avqustun 10-na, Məhərrəm ayının 10-u Aşura günü isə avqustun 19-na təsadüf edir. Məhərrəm ayı ilə əlaqədar hər zaman ölkəmizdə dini mərasimlər keçirilib. Lakin hazırda dünyanı bürüyən COVID-19 pandemiyası ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi və təlimatı əsasında əksər ölkələrdə bir sıra kütləvi tədbirlərin, eləcə də dini ayin və mərasimlərin keçirilməsi təxirə salınıb. Bir sıra müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da Məhərrəm ayında pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl olunmasına böyük önəm verilir. Ölkəmizdəki hazırkı epidemioloji vəziyyətə uyğun olaraq Məhərrəm ayı ilə əlaqədar kütləviliyə yol verilməməsi vətəndaşlardan xahiş olunur.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun, hüquq-mühafizə orqanları rəhbərlərinin, RİH başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsində müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ceyhun Rüstəmovun, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Qazax Cümə Məscidi dini icmasının sədri İlham Süleymanovun, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsinin məsləhətçisi Eşqin Allahverənovun, rayonda fəaliyyət göstərən dindarların iştirakı ilə Məhərrəm ayının başlanması ilə əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Rayon rəhbəri Vətən torpaqlarının azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib, sağlamlığını itirən qazilərimizə tez bir zamanda sağlamlıqlarına qovuşmalarını arzu edib.
İcra başçısı qeyd edib ki, Azərbaycan qədim dövrlərdən müxtəlif dinlərin yayıldığı, sülh və əmin-amanlıq şəraitində yaşadığı məkan olmuşdur. Burada yaşayan ayrı-ayrı dinlərin mənsubları tarixin heç bir dönəmində ayrı-seçkiliyə məruz qalmamışlar. Bu gün ölkəmiz bir çox sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də nümunəvi təcrübəyə malikdir. Hazırda Azərbaycan dünyanın multikulturalizm mərkəzlərindən hesab olunur.
Rayon rəhbəri Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, dövlət-din münasibətlərində də yeni mərhələnin başladığını, din sahəsinə xüsusi qayğı göstərildiyini, yeni ibadət ocaqlarının inşa olunduğunu qeyd edib. Ümummilli Liderin davamlı olaraq dini ibadət ocaqlarını ziyarət etdiyini, din xadimləri və dini icma rəhbərləri ilə görüşdüyünü vurğulayıb. İcra başçısı Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətinin bu gün onun siyasi varisi Prezident İlham Əliyev tərəfindən qətiyyətlə, böyük uzaqgörənliklə və uğurla davam etdirildiyini, ölkədə yaşayan müxtəlif din və məzhəblərin nümayəndələrinə xüsusi diqqət göstərildiyini söyləyib. Dövlət başçısının bilavasitə diqqət və qayğısı ilə ölkədə yüzlərlə məscidin, sinaqoqun inşa edildiyini, əsaslı bərpa olunduğunu, müqəddəs ziyarətgahların yenidən qurulduğunu, yeni dini təhsil ocaqlarının yaradıldığını diqqətə çatdırıb.
İcra başçısı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın da Ümummilli Liderin dövlət-din siyasətini uğurla davam etdirdiyini qeyd edib. Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun qısa vaxtda məscidlərin, ziyarətgahların, xristian və yəhudi məbədlərinin tikintisi və bərpasında, Azərbaycan həqiqətlərinin, o cümlədən, ölkəmizdəki dini və milli dözümlülük ənənələrinin beynəlxalq aləmdə tanıdılmasında böyük uğurlara imza atdığını bildirib.
Rayon rəhbəri Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən də söz açıb. Qeyd edib ki, şanlı Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü doğma Qarabağımızın azadlığa qovuşdurulması ilə yanaşı, tarixi, mədəni irsimizi də erməni vandallarından xilas etdi. İşğalçılar bu illər ərzində yer adlarımızı, toponimlərimizi dəyişdirib, uydurma adlar qoyub, tariximizə iddia edə bilmədikləri məqamlarda isə barbarlığa əl ataraq maddi-mədəni, dini abidələrimizi vəhşicəsinə dağıdıblar.
İcra başçısı 44 günlük müharibə zamanı din xadimlərinin də daim ön cərgədə durduqlarını, şəhidlərimizin pak nəşlərini uğrunda şəhid olduqları Vətən torpağına təslim edərkən müqəddəs kitabın "Vətəni sevmək imandandır” prinsipini rəhbər tutaraq döyüş ruhunu, imanı, qorxmazlığı təbliğ etdiklərini qeyd edib. İcra başçısı Qazaxda da din xadimlərinin şəhidlərin dəfn, yas mərasimlərində yüksək səviyyədə iştirak etdiklərini və şəhid ailələrinin dərdinə şərik olduqlarını söyləyib, onlara təşəkkürünü bildirib.
İcra başçısı daha sonra Azərbaycanda pandemiyaya qarşı görülən işlərdən danışıb. Bildirib ki, ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərdən biri insanların kütləvi şəkildə toplanmasının qarşısının alınmasıdır. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi və diqqəti sayəsində vətəndaşlarımızın sağlamlığının qorunması üçün bütün lazımi tədbirlər görülür.
Rayon rəhbəri Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın Azərbaycanda tətbiq edilən xüsusi karantin rejimi dövründə Məhərrəm ayında, o cümlədən "Aşura” günündə məscid və ziyarətgahlarda, eləcə də ayrı-ayrı yerlərdə kütləvi tədbirlərin keçirilməsinin, toplaşmağın yolverilməz olduğunu bildirib. Operativ Qərargahın müəyyənləşdirdiyi qaydalara ciddi şəkildə riayət etməyin hər birimizin borcu olduğunu diqqətə çatdırıb. Ölkəmizdə pandemiya ilə mebarizə sahəsində görülmüş işlərə hər bir vətəndaşın öz töhfəsini verməsini qeyd edərək qarşıya qoyulan tələb və tövsiyələrə əməl etməli olduğumuzu bir daha vurğulayıb.
Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı, Qazax Cümə Məscidi dini icmasının sədri İlham Süleymanov və başqaları çıxış edərək rayonda dini durumun tam sabit olduğunu, bu sahədə heç bir problemin olmadığını, dindarların ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşdiklərini, ölkəmizin əmin-amanlığı, dünyanı bürüyən COVID-19 bəlasının tez bir zamanda yox olması üçün daim dualar etdiklərini qeyd edib. Rayonda məscidlərə və dindarlara göstərilən diqqət və qayğıya, hər cür köməyə görə ölkə başçısına və rayon rəhbərinə dindarlar adından bir daha minnətdarlığını bildirib. İ.Süleymanov dindarların ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirləri dəstəklədiklərini bildirib. Qeyd edib ki, son günlər ölkə üzrə xüsusi karantin rejimində edilən bəzi yumşalma halları bizi arxayınlaşdırmamalıdır. Bunun üçün Məhərrəm ayında da xüsusi karantin rejimi qaydalarına ciddi şəkildə əməl etməyin vacibliyini bir daha vurğulayıb. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə əməl etməyin hər bir vətəndaşın borcu olduğunu qeyd edib. Üzərilərinə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışacaqlarını, xüsusi karantin rejimi qaydalarının tələblərini yerinə yetirəcəklərini söyləyib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov sonda bir daha dindarlara və səlahiyyətli nümayəndələrə dini ibadət yerlərində müəyyən olunmuş qaydalara ciddi riayət edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.