Qazaxda indiyədək vətəndaşlara 89 min 878 doza vaksin vurulub
Bu gün təəssüf hissi ilə qeyd edə bilərik ki, iyunun sonlarından başlayaraq ölkəmizdə koronavirusa yoluxma hallarında mənfi tendensiya müşahidə olunur. Belə ki, COVID-19-a yoluxanların sayı həmin xəstəlikdən sağalanların sayını üstələyir. Son statistikaya görə, artıq yoluxma sayı dördrəqəmli ədədlərlə ifadə olunur. Belə ki, avqustun 7-də COVID-19-a 1289 yeni yoluxma faktı qeydə alınıb.
Ölkə Prezidenti cənab İlham Əliyevin birbaşa rəhbərliyi altında Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Ümumdünya Səhiyyə Təşkilatının tələb və tövsiyələrinə uyğun olaraq ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində görülən zəruri işlər bu gün də uğurla davam etdirilir. Pandemiya ilə mübarizədə ən effektiv vasitənin vaksinasiya olduğunu nəzərə alan dövlətimiz tərəfindən ilk gündən bu sahədə məqsədyönlü işlər görülür. Bütün dünya dövlətlərində olduğu kimi, Azərbaycanda da COVID-19 pandemiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir. Yanvar ayından start verilən və qorxulu pandemiyadan yeganə xilas yolunun vaksinasiya olduğunu nəzərə alaraq bu sahədə aparılan işlər uğurla davam etdirilir. Son günlər yoluxma sayında olan artım da bir daha onu söyləməyə əsas verir ki, bu bəladan xilas olmağın tək və yeganə yolu məhz vaksinasiya olunmaqdır. Vaksinləşmənin əsas məqsədi də ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır. Vətəndaşların vaksinasiya prosesində aktiv iştirak etməsi isə dövlətin virusla mübarizə strategiyasını daha da gücləndirir. Ən əsası da vətəndaşlar COVID-19-a qarşı vaksinasiya olunmaqla, həm özlərini, həm də ətrafdakı insanları bu virusa yoluxmaqdan qorumuş olurlar.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na əsasən respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da əhalinin peyvənd olunması prosesi uğurla aparılır.
Qazax Rayon İcra Hakimiyyətinin, Rayon Polis Şöbəsinin və digər qurumların əməkdaşlarından ibarət yaradılmış mobil qrup üzvləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə vaksinasiya olunmaq, COVID pasportunun olması barədə tələb və tövsiyələri rayon sakinlərinin nəzərinə çatdırılır. Bu sahədə vətəndaşlar arasında mütəmadi olaraq maarifləndirmə, təbliğat tədbirləri aparılaraq bildirilir ki, əhalinin peyvənd olunması məhz onların sağlamlığının qorunmasına, gələcəkdə həyatın öz axarına düşməsinə xidmət edir. Bu gün əminliklə deyə bilərik ki, Qazaxda bu sahədə görülmüş məqsədyönlü işlər öz müsbət nəticəsini verir. Belə ki, rayon mərkəzi xəstəxanasının həkim heyəti tərəfindən rayon mərkəzi ilə yanaşı, kənd yaşayış məntəqələrində əhalinin səyyar şəkildə həyata keçirilən vaksinasiya prosesi zamanı rayon sakinlərinə bugünədək 89 min 878 doza vaksin vurulub. Birinci mərhələ üzrə peyvənd olunanların sayı 47 min 910, ikinci mərhələ üzrə peyvənd olunanların sayı isə 41 min 968 nəfərdir. Bu gün Qazax rayonunun birinci doza üzrə vaksinləşmə səviyyəsi 64,7% təşkil edir.
Respublika Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında ölkəmizdə koronovirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı həyata keçirilən genişmiqyaslı işlər Qazax rayon sakinləri tərəfindən hər zaman razılıqla qarşılanır və onlar buna görə dərin minnətdarlıqlarını bildirirlər.