Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı Aprel şəhidi Orxan Əliyevin doğum günündə məzarını ziyarət edib

11 avqust 2021 | 16:00

Bu gün bütün dünya Azərbaycanın 44 günlük savaşda qazandığı böyük zəfərdən danışır. Dünya hərb tarixində xüsusi yeri olan 44 günlük Vətən müharibəsində qazandığımız Qələbənin təməli isə əslində Aprel döyüşləri zamanı qoyuldu. Öz əks-sədası ilə Azərbaycanın hərb tarixinə “dördgünlük müharibə” və ya “Aprel döyüşləri” kimi düşmüş tarixi Qələbəmizdən artıq 5 il ötür. Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan, bizim qalibiyyətimiz, zəfər salnaməmiz olan 2016-cı ilin Aprel döyüşlərini xalqımız bu gün də qürur hissi ilə xatırlayır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusunun Aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə dediyi kimi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir”.
Bəli, bu gün fəxrlə deyə bilərik ki, dövlətimizin başçısının da dediyi kimi, Aprel döyüşləri Azərbaycanın hərb salnaməsinə qızıl hərflərlə yazılan 44 günlük şanlı Vətən müharibəsində Böyük Qələbəyə gedən yolda mühüm əhəmiyyət kəsb etdi. Hələ beş il əvvəl bu döyüşlərdə düşmən üzərində qazanılan hərbi uğurlar Azərbaycan Ordusunun və xalqının Böyük Qələbəyə inamını və əzmini daha da artırdı, Ordumuzun şəxsi heyəti üçün isə mühüm sınaq və döyüş təcrübəsi oldu. Məhz bu təcrübəni İkinci Qarabağ müharibəsində uğurla tətbiq edən rəşadətli Azərbaycan Ordusu düşməni məhv edərək torpaqlarımızı işğaldan azad etdi. Bu gün hər bir azərbaycanlı beş il əvvəl Lələtəpədə ucaldılan üçrəngli bayrağımızın işğaldan azad edilən ərazilərimizdə dalğalanmasından sonsuz qürur duymaqdadır. Bu gün hər bir ölkə vətəndaşı qələbə sevincini bizlərə bəxş edən Müzəffər Ali Baş Komandana, rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, sağlamlığını itirən qazilərimizə, torpaqlarımız uğrunda canından keçən igid Vətən oğullarına borclu və minnətdardır.
Aprel döyüşlərində qələbə qazanmaqla yanaşı, biz şəhidlər də verdik. Həmin döyüşlər zamanı Qazaxın üç mərd, igid oğlu - Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və Aslanbəyli kəndindən əsgər Əliyev Orxan Məhəmməd oğlu ən uca zirvəyə - Şəhidlik zirvəsinə ucaldı. Bu gün igid oğullarımızın yoxluğundan bizləri 5 il ayırsa da, onlar bizim qəlbimizdə əbədi yaşayır, ən ülvi hisslərlə yad edilirlər.
Şəhidlik zirvəsinə ucalıb adını tarixə yazdıran, ölümsüzlüyə qovuşan şəhidimiz Əliyev Orxan Məhəmməd oğlunun xatirəsi də hər zaman əziz tutulur. Rayon rəhbərliyi şəhidimizin doğum və anım günlərində məzarını ziyarət edir, ailəsinə baş çəkir.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Orxan Əliyevin doğum günü münasibətilə şəhidimizin doğulub boya-başa çatdığı Aslanbəyli kəndində olub.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, həmin şöbənin baş məsləhətçiləri Gülnar Quluyeva, Teybə Hüseynova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri qazi kapitan Samir Çobanov, şöbənin böyük məsləhətçisi Məhəmməd Xəlilli və şəhidimizin ailə üzvləri ilə birlikdə məzarını ziyarət edib, məzarı üstünə tər qərənfillər düzərək şəhidimizin əziz xatirəsini dərin ehtiramla anıb. Şəhidimizin məzarı önündə ruhuna dualar oxunub.
İcra başçısı Rəcəb Babaşov şəhidin məzarı önündə bildirib ki, bu gün Aprel döyüşlərindən 5 il ötsə də xalqımız nə o şanlı tarixi, nə də torpaq uğrunda canından keçən şəhidlərimizi unudur. İldən-ilə şəhidlərimizə olan hörmət və ehtiramımız daha da artır. Aprel döyüşləri zamanı erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışan rayon rəhbəri Aprel döyüşlərinin dünya ictimaiyyətinə öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın təbliğatını alt-üst etdiyini bir daha dilə gətirib. Rayon rəhbəri qeyd edib ki, Aprel döyüşlərində Ordumuzun qüdrəti qarşısında vahiməyə düşən düşmən Azərbaycan əsgərinin gücünü bir daha gördü, xalqımızın işğal olunmuş torpaqlarının bir qarışı olsa belə heç zaman güzəştə getməyəcəyini və öz ərazi bütövlüyünü təmin edəcəyini anladı. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi Qələbə ilə bunu bir daha sübut etdi. “Qarabağ Azərbaycandır!” - deyərək döyüşə atılan igid Vətən oğulları torpaqlarımızı düşməndən azad etməklə, həmin torpaqlarda üçrəngli Azərbaycan Bayrağını dalğalandırdı. 5 il əvvəl Lələtəpədə dalğalanan bayraq bu gün artıq işğaldan azad edilmiş bütün torpaqlarımızda ən uca zirvəyə sancılıb.
Qazax rayonunda gənclər arasında vətənpərvərlik hissinin hər zaman yüksək səviyyədə olduğunu qeyd edən rayon rəhbəri bildirib ki, bu gün qazaxlılar 7 Milli Qəhrəmanı, Aprel şəhidləri, Vətən müharibəsi şəhidləri, eləcə də bütün şəhidləri ilə qürur duyur. Rayon rəhbəri bu gün Aprel şəhidləri kimi adlarını qürurla səsləndirdiyimiz Mühüd Orucovun, Elvin Namazovun, Orxan Əliyevin təkcə Qazaxın deyil, eyni zamanda, bütün Azərbaycann fəxri olduqlarını qeyd edib.
Şəhidimizin atası Məhəmməd Əliyev şəhidlərə və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya ailəsi adından dərin minnətdarlığını bildirib. Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova təşəkkürünü çatdırıb. “Bu gün övladım Orxanın, eləcə də bütün şəhidlərimizin ruhu şaddır. Şəhidlərimizin qisası alınıb, torpaqlarımız azad edilib və o torpaqlarda üçrəngli bayrağımız dalğalanır. Buna görə Ali Baş Komandana və Azərbaycan Ordusuna minnətdarıq”, - deyən şəhid atası bütün şəhidlərimizə Allahdan rəhmət diləyib.

 

Əliyev Orxan Məhəmməd oğlu 11 avqust 1995-ci ildə Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. 2011-ci ildə Bakıda Texniki Kollecinə "Avtomobil nəqliyyatı” şöbəsinin "Yol hərəkətinin təşkili” ixtisası üzrə daxil olmuş, 2015-ci ildə həmin kolleci öz ixtisası üzrə bitirmişdir. Kolleci bitirdikdən sonra hərbi xidmətə  getmişdir. Əliyev Orxan Məhəmməd oğlu 2 aprel 2016-cı ildə Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur. Orxan Əliyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Respublika Prezidenti İlham Əliyevin 19 aprel 2016-cı il tarixli Sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif olunmuşdur. Rayon rəhbərliyi tərəfindən Qazax şəhərinin mərkəzində xatirəsini əbədiləşdirən bulaq tikilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı və "Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə icra olunan "Vətən üçün hazır ol!" layihəsi çərçivəsində çəkilmiş "Qarabağa doğru" sənədli filmi baş leytenant Elvin Namazov, kapitan Mühüd Orucov və əsgər Orxan Əliyevin əziz xatirəsinə həsr olunmuşdur. Tanınmış şairə, publisist  Fəridə Ləman tərəfindən şəhidin xatirəsinə həsr olunmuş "Cənnətdən məktublar” adlı kitab yazılmışdır.

 

Keçidlər