İcra başçısı Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib
Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçən igid oğul və qızlarımızın xatirəsi Qazaxda hər zaman əziz tutulur. Şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğı həmişə yüksək səviyyədədir. Bu, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasında, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasında, yenilənməsində, əsaslı şəkildə təmir edilməsində özünü aydın şəkildə göstərir. Kədər və qürur yerimiz olan, şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanı, orada aparılan abadlıq işləri, ən əsası da şəhidlərimizin adı və şəkli əks olunmuş lövhənin vurulması bu istiqamətdə görülən işlərin bariz nümunəsidir. Bu gün bu müqəddəs məkan hər kəsin üz tutduğu, ömür boyu şəhidlərimizi ehtiramla yad edəcəyi əbədi bir ünvandır. Uşaqdan böyüyə hər kəs memorial önünə tər çiçəklər düzür, igid oğullarımızın şəkli əks olunmuş lövhə önündən keçərək şəhidlərimizə ehtiramlarını bildirirlər. Şəhidlərimizin adını əbədiləşdirən daha bir ünvan isə Qazax Tarix-Diyarşünaslıq Muzeyində Birinci və İkinci Qarabağ müharibəsi zamanı Vətən uğrunda canlarından keçən 338 nəfər şəhidin xatirəsinə yaradılmış guşədir. Bu, yenə də şəhidlərimizə olan hörmət və etiramın daha bir əyani sübutudur.
Qazaxda bütün şəhidlərimizlə yanaşı, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında adlarını hərb tariximizə qızıl hərflərlə yazdıran igid oğullarımızın xatirəsi də əziz tutulur. Ən əsası da 44 günlük savaşda qazandığımız tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda sağlamlığını itirən qeyrətli, cəsur qazilərimizə, canından keçən şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuz bir an belə unudulmur. Eyni zamanda minnətdar olmaqla yanaşı, Vətən uğrunda canlarından keçən şəhidlərimizin adlarını yaşatmaq, gələcək nəsillərə ötürmək, şəhidlərimizin ailələrinə sahib çıxmaq, onları daim yad etmək ən ümdə vəzifə götürülür.
Bu gün Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov öz ənənəsinə sadiq qalaraq şəhərdəki şəhidlər qəbiristanlığına gələrək Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.
Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid gizir Orucov Elvin Rövşən oğlunun, ölümündən sonra “Vətən uğrunda”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid əsgər Hüseynov İlqar Yaşar oğlunun, ölümündən sonra "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş, Qazax şəhər sakini, şəhid çavuş Veyisli Xaliddin Zərgər oğlunun, ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuş, Hüseynbəyli kənd sakini, şəhid kiçik gizir Mədətov Röyal Şahin oğlunun, ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş, Canalı kənd sakini, şəhid əsgər Əliyev İlkin Bəxtiyar oğlunun əziz xatirələrini ehtiramla anıb.
Rayon rəhbəri cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən əsas iş olduğunu vurğulayıb.
"Bu gün özümə borc bildim ki, şəhidlərimizi ziyarət edim. Ruhları qarşısında mənəvi borcumuzu az da olsa qaytaraq”, - deyən icra başçısı tək dövlət məmuru olaraq deyil, həm də bir vətəndaş olaraq şəhidlərimizi yad etdiyini bildirib.
İcra başçısı ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının hər birimiz üçün örnək və nümunə olduğunu qeyd edərək həmin qayğının bundan sonra da davam etdiriləcəyini söyləyib.
Şəhid əsgər İlqar Hüseynovun atası Yaşar Hüseynov Qazaxda şəhidlərə, onların ailələrinə verdiyi yüksək dəyərə görə ölkə başçısına, Birinci vitse-prezidentə və rayon rəhbərliyinə şəhid ailələri adından minnətdarlığını bildirib. Bugünkü ziyarəti övladının timsalında bütün şəhidlərimizə olan dərin ehtiramın bariz nümunəsi kimi dəyərləndirib.