Şriftin ölçüsü :

Saytın rəngi :

İcra başçısı şəhid bulağının açılışında vətənpərvərliyi ilə seçilən məktəblini qəbul edib

16 avqust 2021 | 16:00

Bu gün rayon rəhbərliyi tərəfindən bir çox sahələrə olduğu kimi, təhsil sahəsinə göstərilən diqqət və qayğı hər kəsə yaxşı məlumdur. İcra başçısının rəhbər təyin olunduğu ilk gündən təhsil sahəsinə xüsusi diqqət ayırması, müəllimlərə, şagirdlərə, xüsusi istedadı ilə fərqlənən gənclərə hər zaman qayğı ilə yanaşması bu dediklərimizin əyani göstəricisidir.
Rayon rəhbərinin ötən gün ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda” və "Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş Vətən müharibəsi şəhidi leytenant Məmmədov Məhəmməd Zakir oğlunun adını əbədiləşdirən bulağın açılışında fəal iştirak edən, şəhidimizə həsr olunmuş şeiri səsləndirən məktəbli Musazadə Ayan Hüseyn qızını qəbul etməsi, onunla görüşməsi də bu qayğının bariz nümunəsidir. Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin IV sinif şagirdi Ayan Musazadə ilə keçirilən görüş onun timsalında gələcəyimiz olan uşaqlara göstərilən növbəti qayğıdır. Demək olar ki, rayon rəhbərliyi tərəfindən keçirilən bu cür görüşlər artıq bir ənənə şəklini alıb.
İcra Hakimiyyətində keçirilən görüşdə icra aparatının məsul şəxsləri, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, məktəblimizin ibtidai sinif müəllimi Esmira Alıyeva və anası Rüxsarə Əfəndiyeva iştirak edib.  
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək Ali Baş Komandan İlham Əliyevin əzmi, qətiyyətli mövqeyi və rəhbərliyi altında Ordumuzun qazandığı zəfərlərin hər kəsin ürəyini, qəlbini bu gün də fərəh hissi ilə döyündürdüyünü qeyd edib. İcra başçısı bu gün millətini, xalqını, Vətənini, dövlətini, ölkə rəhbərini sevən hər kəsin "Qarabağ bizimdir!”, "Qarabağ Azərbaycandır!” söylədiyini, uşağın da, böyüyün də ölkə vətəndaşı olaraq bizi Qələbə ilə sevindirən şəhidlərimizi unutmadığını, onlarla qürur duyduqlarını söyləyib. Qazandığımız tarixi nailiyyətə görə Ali Baş Komandana, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, canından keçən şəhidlərimizə borclu olduğumuzu bir daha vurğulayıb.
Rayon rəhbəri yaşının kiçik olmasına baxmayaraq Vətənə, xalqına, dövlətinə, ölkə Prezidentinə olan sevgisinə, şəhidlərinə olan ehtiramına görə məktəblimizi alqışlayıb, onun vətənpərvər ruhda tərbiyə olunmasında əməyi keçən müəllimlərinə və valideynlərinə minnətdarlığını bildirib. Valideyninə və sinif müəlliminə Ayan balamıza verdikləri tərbiyəyə, aşıladıqları vətənpərvərlik hissinə görə razılığını ifadə edib.
İcra başçısı bildirib ki, bu gün bu gözəl balanı qəbul etməkdə əsas məqsədim onun simasında gələcəyimiz olan uşaqlara diqqət və qayğını göstərmək, xüsusi istedadı ilə seçilən uşaqları daha da ruhlandırmaqdır. Nəinki Ayana, eləcə də bütün məktəblilərə daim diqqət mərkəzində olduqlarını hər zaman hiss etdirmək lazımdır.
Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin direktoru Tahirə Comərdova, ibtidai sinif müəllimi Esmira Alıyeva çıxış edərək təhsil sahəsinə göstərdiyi diqqət və qayğıya görə Respublika Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eyni zamanda onlara göstərilən səmimi münasibətə görə rayon rəhbərinə öz dərin minnətdarlıqlarını bildiriblər. Bugünkü görüşü Ayanın timsalında bütün şagirdlərə olan qayğı kimi qiymətləndiriblər.
Övladına göstərilən diqqətə və qayğıya görə razılığını ifadə edən məktəblimizin anası Rüxsarə Əfəndiyeva ailəsi adından rayon rəhbərliyinə təşəkkürünü çatdırıb.
Sonda tədbirdəki çıxışına görə fərqlənən məktəbliyə təşəkkürünü çatdıran rayon rəhbəri ona gələcəkdə dərslərində daha böyük müvəffəqiyyətlər qazanmasını arzulayıb.
Səmimi söhbət əsasında keçən görüşdə məktəbliyə hədiyyə təqdim olunub və sonda xatirə şəkli çəkdirilib.

Keçidlər