Alpout kəndinin şəhid leytenantı
Qarabağı, işğalda olan torpaqlarımızı qanı bahasına bizlərə qaytaran igid Vətən oğullarından biri də qazaxlı şəhid leytenant Məmmədov Məhəmməd Zakir oğludur. İgid Vətən oğlunun doğulduğu Alpout kəndində adını əbədiləşdirən bulağın açılışı olub.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidimizin ailə üzvləri, yaxınları, doğmaları, kənd sakinləri iştirak ediblər.
Əvvəlcə igid Vətən oğlunun kənd qəbiristanlığında yerləşən məzarı ziyarət edilərək tər qərənfillər düzülüb, ruhuna dua oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bulağın açılış mərasimində qəhrəman oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Məhəmmədin xatirəsinin daim əziz tutulacağını bildirib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı həmin müharibədə qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışıb. Döyüş meydanında göstərdikləri qəhrəmanlıqla hərb tarixinə adlarını qanları ilə yazdırdıqlarını, gələcək nəsillər üçün nümunə və örnək olduqlarını bildirib.
Rayon rəhbəri Vətən müharibəsində Qazaxın 50 nəfər igid oğlunun Şəhidlik zirvəsinə ucaldığını, həmin oğullarımızın sırasında dayanan Məhəmmədin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladları olduğunu, onlarla hər kəsin qürur duyduğunu vurğulayıb.
26 yaşında Şəhidlik zirvəsinə ucalan Məhəmmədin döyüş meydanında göstərdiyi qəhrəmanlığından danışan icra başçısı onun bu şücaətinin Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyini, ölümündən sonra ölkə başçısının müvafiq Sərəncamlarına əsasən “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunduğunu diqqətə çatdırıb. Rayon rəhbəri Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğıdan söz açıb.
Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal bildirib ki, xalqımızın birliyi, həmrəyliyi, Ali Baş Komandanın yanında olmaları sayəsində 44 günlük savaşda Qələbə bizim oldu. Şair çıxışının sonunda qəhrəman şəhidlərimizə yazdığı “Şuşanı alan oğullar” adlı şeirini söyləyərək onların əziz xatirəsini ehtiramla yad edib.
Vaxtilə şəhidimizə dərs demiş Rəsul Mirzəliyev adına Alpout kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Səhlədar Hidayətoğlu Məhəmməd Məmmədovun məktəb illərindən söz açıb. Məktəbdə nümunəvi davranışı, cəsurluğu, Vətən sevgisi ilə hər zaman seçildiyini bildirib. Özü tarix-coğrafiya fakültəsini bitirməsinə baxmayaraq onda olan Vətən sevgisinin hərb sahəsinə gətirdiyini, Vətəni canı qədər sevdiyi üçün onun uğrunda Şəhidlik zirvəsinə ucaldığını qeyd edib.
Şəhid atası Zakir Məmmədov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı Məhəmməd və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib.
Sonra rayon rəhbəri igid Vətən oğlunun ata ocağına baş çəkərək torpaq uğrunda canından keçən şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyib.
Vəli VƏLİYEV,
“Respublika” qəzetinin bölgə müxbiri
17 avqust 2021-ci il