İcra başçısı AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə birlikdə tarixi memarlıq abidəsi olan Didivan qülləsinə baxış keçirib
Bütün dünyada Qərbin qapısı kimi tanınan, sazın, sözün beşiyi sayılan Qazax həm də tarixi abidələri ilə zəngindir. Ölkə əhəmiyyətli memarlıq abidələrindən hesab edilən abidələrdən biri də VI-VII əsrlərə aid olan Didivan (Bürcü) qülləsidir. İnventar nömrəsi 282 olan bu tarixi abidə Qazax rayonunun Xanlıqlar kəndi ərazisində yerləşir.
Avqustun 17-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi işçi Bəhmən Əliyev, elmi işçi İsmayıl Umudlu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qazax rayonu üzrə baş mütəxəssisləri (abidə mühafizəçiləri) Səadət Əliyeva, Zivər Süleymanova, Bakı Dövlət Universitetinin Qazax filialının tarix müəllimi Mübariz Süleymanov, Səlim Əfəndiyev adına Qazax şəhər 1 nömrəli tam orta məktəbin Əməkdar tarix müəllimi Mustafa Mirzəyevlə birlikdə dövlət tərəfindən qorunan Didivan qülləsinə baxış keçirib, Qüllənin mövcud vəziyyəti ilə tanış olub.
Baxış zamanı tarixi abidələrimiz arasında özünəməxsusluğu ilə seçilən Qüllənin əhəmiyyəti qeyd edilərək əsaslı şəkildə təmir olunmasına böyük ehtiyac olduğu vurğulanıb. Bununla bağlı aidiyyatı orqanlar tərəfindən lazımi addımların atılması üçün görülməsi nəzərdə tutulan işlər müzakirə olunub.