Millət vəkili Səməd Seyidov Qazaxda şəhid həkimin adını əbədiləşdirən bulağı ziyarət edərək ailəsinə baş çəkib
2020-ci ilin 27 sentyabr tarixi yaddaşlara bizi böyük Qələbəyə, Zəfərə aparan yolun başlanğıc tarixi kimi yazıldı. Məhz 44 gün davam edən həmin savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında xalqımızın 30 illik yurd həsrətinə son qoydu. “Dəmir yumruğ”un ətrafında sıx birləşən Azərbaycanın qeyrətli oğulları, müzəffər ordumuzun əsgər və zabitləri döyüş meydanında göstərdikləri hünərlə, şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycan güclü dövlətdir və düşməni hər an məhv etməyə qadir olan qüdrətli ordusu var. Həmin ordunun sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi və 10 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi həkk olundu.
25 yaşında canı qədər sevdiyi Vətənin yolunda Şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızdan biri də şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğludur. 44 günlük Vətən müharibəsində Azərbaycanın hərb tarixinə böyük Qələbəni, Zəfəri qızıl hərflərlə yazdıran igid Vətən oğullarının xatirələrini əziz tutmaq hər birimizin ən ümdə işidir. Vətən uğrunda canından keçən bütün şəhidlərimizin, o cümlədən Adil Əfəndiyevin əziz xatirəsi hər zaman dərin ehtiramla yad edilir. Bu gün Rayon Mərkəzi Xəstəxanasının qarşısında şəhidimizin adını əbədiləşdirən bulaq-abidə kompleksi və yaşadığı evin önündə barelyefi Adili gələcək nəsillərə tanıtdırır. Adili sevən hər kəs bu bulağın suyundan içir, qəhrəman şəhidimizə olan ehtiramını bildirir.
Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da şəhid həkimimizin adını əbədiləşdirən bulağı ziyarət edərək, igid Vətən oğlunun əziz xatirəsini ehtiramla anıb.
Bulaq kompleksi ilə tanış olan millət vəkili daha sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə şəhidimizin ailəsinə də baş çəkib.
Şəhidimizin atası ilə səmimi söhbət edən millət vəkili Adil Əfəndiyev kimi oğullarımızın daim qəlblərdə yaşayacağını, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Adilin xatirəsinin daim əziz tutulacağını bildirib.
“Bulağın açılışında iştirak edə bilməsəm də, bu gün özümə borc bildim ki, Adilin adını daşıyan bulağı ziyarət edim”, - deyən millət vəkili qəhrəman şəhidimizin daim qəlblərdə yaşayacağını, gələcək nəsillərə örnək olacağını söyləyib.
Millət vəkili Səməd Seyidov 44 günlük savaşda əldə etdiyimiz tarixi Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu qeyd edib. Şəhidlik zirvəsinə ucalan Adilin təkcə qazaxlıların, doğma el-obasının deyil, bütöv Azərbaycanın övladı olduğunu, onunla hər kəsin qürur duyduğunu vurğulayıb.
Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan millət vəkili həmin qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu bildirib.
Şəhid atası Qədir Əfəndiyev şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib və buna görə Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, millət vəkilinə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Övladı Adil və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr edəcəyini, qürur duyacağını söyləyib. Dövlətin qayğısını daim hiss etdiklərini dilə gətirən şəhid atası millət vəkilinin bugünkü ziyarətini də həmin qayğının davamı kimi qiymətləndirib.