Prezident İlham Əliyev: “Mübarək Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır”
İslam dininin iki böyük bayramı var. Bunlar Ramazan və Qurban bayramlarıdır. Qurban bayramı Həzrəti İbrahim peyğəmbərin yuxuda aldığı ilahi vəhyə əsasən öz oğlu Ismayılı Mina vadisinə gətirib Allah yolunda qurban kəsmək cəhdi ilə bağlıdır. Qonaqpərvərlik, başqalarının halına yanma, rəhmlilik, xeyriyyəçilik, kimsəsizlərə baş çəkmək, dərdə şərik çıxmaq, xalqımızın sahib olduğu mənəvi zənginliklərdəndir.
Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra Respublikamızın ərazi hüdudlarında yaşayan bütün xalqların mədəniyyətinə, adət-ənənəsinə, dini baxışlarına tolerant münasibətin vacibliyini vurğulamışdır.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, prezident İlham Əliyev cənabları da son 13 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsinə, xüsusən də dini ziyarətgahların əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırmışdır. Dünya müsəlmanlarının mənəvi birlik rəmzi olan Qurban bayramının Azərbaycanda hər il yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə göstərdiyi diqqətin parlaq təzahürüdür.
Ölkə prezidenti İlham Əliyev cənabları Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu müqəddəs bayramı belə xarakterizə etmişdir: “Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan müqəddəs Qurban bayramı insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır. Bu əziz gündə müsəlmanlar Allah və din yolunda fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılığını nümayiş etdirir və uca Tanrıya yaxınlığın fərəhini yaşayırlar”.
Azərbaycan xalqı həmişə milli-mənəvi dəyərlərə və ənənələrə sədaqət və qayğı ilə yanaşmış, dini mərasimləri və qurban bayramını böyük ruh yüksəkliyi ilə qeyd etmişdir. Bu münasibətlə, ölkəmizin hər yerində olduğu kimi, Qazax rayonunda da Müqəddəs Qurban bayramına xüsusi hazırlıq işləri aparılmış və böyük ruh yüksəkliyi ilə qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə qurbanlar kəsilmiş, rayonun şəhər və kəndlərində yaşayan şəhid ailələrinə, Qarabağ Müharibəsi əlillərinə və Veteranlarına, bütün aztəminatlı ailələrə evlərində qurban payları verilmişdir. Rayonda xalqımızın və dövlətimizin əmin-amanlığı və firavanlığı üçün Allaha dualar səslənmiş, Vətən uğrunda həyatından keçən şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunmuşdur.
Hamı əmindir ki, bu qurban bayramı da cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, xeyirxah əməllərin, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevriləcəkdir.