Millət vəkili Səməd Seyidov Qazaxda seçiciləri ilə görüşüb
Avqustun 19-da 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Səməd Seyidov növbəti dəfə seçiciləri ilə görüşüb.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun şəhərin Əliağa Şıxlinski küçəsində 4 və 5 saylı binaların sakinləri ilə keçirilən görüşü vətəndaşlar tərəfindən də razılıqla qarşılanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun da iştirak etdiyi görüşdə dövlətimiz, ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən sakinlərə göstərilən dövlət qayğısından söz açılaraq həmin qayğının hər bir dövlət məmuru üçün örnək və nümunə olduğu qeyd edilib.
Seçiciləri ilə səmimi söhbət edən millət vəkili bu cür görüşlərin təməlində ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını qeyd edib. “Hər bir dövlət məmurunun vəzifə borcudur ki, siz vətəndaşlara qayğı ilə yanaşsın”, - deyən millət vəkili bu cür görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini bir daha vurğulayıb. Qazaxa hər səfərində bir yeniliyin şahidi olduğunu qeyd edən millət vəkili rayonda aparılan abadlıq və quruculuq işlərindən də söz açıb.
Millət vəkili regionların sosial-iqtisadi inkişafı dövlət proqramının Qazaxda uğurla icra olunmasını, əhalinin maddi rifah halının yaxşılaşdırılması istiqamətində görülən işləri ölkə başçısının və rayon rəhbərliyinin vətəndaşlara olan qayğısı kimi qiymətləndirib.
Sakinlərdən Vaqif Mansurov, Pərnisə Qədimova, Solmaz Məmmədova, Ülviyyə Quluyeva, Ema Zeynalova, Əjdər Haqverdiyev və başqaları çıxış edərək rayonda, eləcə də yaşadıqları binaların həyətlərində görülən işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğını rayon rəhbərliyi tərəfindən bütün sahələrdə hiss etdiklərini dilə gətiriblər. Onlarla olan səmimi görüşə və qayğıları ilə maraqlandığına görə millət vəkilinə razılıqlarını bildirən sakinlər bugünkü görüşü vətəndaşlara olan növbəti dövlət qayğısı kimi dəyərləndiriblər.
Görüş zamanı millət vəkili Səməd Seyidov seçicilərin təklifləri, müraciətləri ilə də tanış olub. Sakinlərin yaşadıqları binanın həyətində bulaq tikilməsi, 24 mənzilli binanın həyətində çardaq qurulması və s. bağlı müraciətlərini dinləyən rayon rəhbərliyi qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını bildirib. Edilən müraciətlərin həlli istiqamətində aidiyyatı üzrə müvafiq tapşırıqlar verilib.