Millət vəkili Səməd Seyidov Qazaxda növbəti dəfə seçiciləri ilə görüşüb
Ötən yazımızda xəbər verdiyimiz kimi, 107 saylı Qazax Seçki Dairəsindən millət vəkili seçilmiş Səməd Seyidov Qazaxda seçiciləri ilə görüşür.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun növbəti görüşləri şəhərin Əliağa Şıxlinski, Mehdi Hüseyn və Bakı küçələrində yaşayan sakinlərlə olub. Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova və millət vəkilinin köməkçisi Akif Əmirovun da iştirak etdiyi görüşlərdə ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən dövlət qayğısından söz açılıb. Hər bir dövlət məmuruna örnək və nümunə olan görüşlər sakinlər tərəfindən də razılıqla qarşılanıb.
"Bu cür görüşlərin keçirilməsində əsas məqsəd sizin qayğılarınızı dinləmək, əlimizdən gələn köməkliyi etməkdir. Belə görüşlərin vətəndaş məmnunluğuna xidmət etdiyini, hər bir dövlət məmurunun da vəzifə borcunun vətəndaşlara qayğı göstərmək olduğunu sizlərə çatdırmaqdır”, - deyən millət vəkili seçiciləri ilə səmimi söhbət edib.
Hər zaman olduğu kimi, bugünkü görüşlərin təməlində də ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşlara olan diqqət və qayğısının, ölkə rəhbərinin verdiyi tapşırıq və tövsiyələrin dayandığını bildirib. Millət vəkili ölkə rəhbərinin qayğısı sayəsində respublikamızda aparılan quruculuq-abadlıq işlərinin Qazaxda da geniş miqyas almasını və uğurla icra olunmasını, xüsusilə də əhalinin maddi rifah halının yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Bütün bunları ölkə başçısının və rayon rəhbərliyinin vətəndaşlara olan qayğısı kimi qeyd edib.
Sakinlər rayonda aparılan abadlıq işlərindən söz açaraq Qazaxın gündən-günə dəyişdiyinin şahidi olduqlarını qeyd ediblər. Görülən bütün işlərə görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Dövlətimiz tərəfindən vətəndaşlara göstərilən qayğının rayon rəhbərliyi tərəfindən bütün sahələrdə öz əksini tapdığını söyləyiblər.
Sakinlər bugünkü görüşü dövlətin növbəti qayğısı kimi qeyd edərək millət vəkilinin onların qayğıları ilə maraqlanmasını, sakinləri dinləməsini minnətdarlıqla qarşılayıblar. Görüş zamanı millət vəkili Səməd Seyidov seçicilərin təklifləri, müraciətləri ilə də tanış olub.
Ə.Şıxlinski küçəsində sakinlərin yaşadıqları ərazidə dayanacaq qoyulması, Bakı küçəsində yaşadıqları küçənin asfaltlanması, SİP kabelləşmənin aparılması, küçənin işıqlanması, müxtəlif yerlərə zibil qutularının qoyulması, marşrut ayrılması, suvarma suyu üçün subartezian quyusunun qazılması və müxtəlif səpkili digər müraciətləri dinləyən millət vəkili istər rayon rəhbərliyi, istərsə də özü tərəfindən qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını bildirib. Edilən müraciətlərin həlli istiqamətində aidiyyatı üzrə müvafiq işlər görüləcəyini diqqətə çatdırıb.
Sonda sakinlərə səmimi ürək sözlərini çatdıran millət vəkili Səməd Seyidov belə görüşlərin gələcəkdə də mütəmadi olaraq təşkil ediləcəyini seçicilərin nəzərinə çatdırıb.
Əliağa Şıxlinski küçəsində keçirilən görüş
Mehdi Hüseyn küçəsində keçirilən görüş
Bakı küçəsində keçirilən görüş